Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması yüksək qiymətləndirilmişdir

 

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Dövlət Sosial Müdafiə Fondunun, Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Əmək miqrantlarının sosial müdafiəsi və qloballaşma" mövzusunda Beynəlxalq seminarda iştirak etmək üçün Bakıya gəlmiş Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Hans-Horst Konkolevski ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılmasını yüksək qiymətləndirən qonaq bu faktın Azərbaycanda sosial məsələlərə xüsusi diqqət yetirildiyinə daha bir sübut olduğunu nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, həmin regional mərkəz dünyanın bir çox sosial müdafiə qurumları arasında əlaqələrin daha da yaxşılaşdırılması, məlumatlara birbaşa çıxışın əldə edilməsi, sosial müdafiə sistemlərinin beynəlxalq təcrübədən yararlanması baxımından ölkəmiz üçün də səmərəli olacaqdır.

Daha sonra bildirilmişdir ki, Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və digər ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxslərinin, habelə bir sıra nüfuzlu qurumların nümayəndələrinin iştirakı ilə iki gün davam edəcək beynəlxalq tədbirdə dünya üzrə sosial təminatın əhatə dairəsinin genişləndirilməsi, Avrasiyada miqrantların sosial müdafiəsi, əmək miqrantlarının hüquqlarının qorunması üçün məqbul modellərin tapılması və s. məsələlər ətrafında müzakirələr aparılacaqdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 29 iyun.- S.  6.