Latviya Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyir

 

Azərbaycan ilə Latviya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri görüşlər və imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Bu fikirlər iyunun 28-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Baltik Assambleyası sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirslə görüşündə səslənmişdir.

Ziyafət Əsgərov son illər Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də ölkəmizin üzləşdiyi problemlər barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Avropaya sürətlə inteqrasiya edir, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Baltik Assambleyası ilə sıx əməkdaşlıq edir. Lakin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması inkişafımıza və beynəlxalq əməkdaşlığımıza ciddi əngəl törədir. Baltik Assambleyasının Azərbaycanın haqq səsini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Baltik Assambleyası ilə GUAM arasında əlaqələrin inkişafını da dəstəkləyirik və ümid edirik bu iki təşkilat arasında əlaqələrin inkişafı ümumi məqsədlərimizə xidmət edəcəkdir.

Yanis Reirs demişdir ki, Latviya Azərbaycan ilə əməkdaşlıqda, əlaqələrin hərtərəfli inkişafında maraqlıdır və rəsmi Bakının Avropaya inteqrasiya siyasətini dəstəkləyir.

Bizim beynəlxalq məsələlərdə qarşılıqlı maraq kəsb edən problemlərin müzakirəsi zamanı eyni mövqedən çıxış etməyimiz də hər iki tərəf üçün əhəmiyyətlidir.

Sonra görüşdə ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regionda və dünyada gedən ictimai-siyasi proseslər, Avropanın enerji təhlükəsizliyi və bu məsələdə Azərbaycanın əhəmiyyətli rolu, Baltik Assambleyası ilə GUAM arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-29  iyun.- S.  7.