Naxçıvan Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

 

Naxçıvan Dövlət Universitetində "Tədris prosesinin təkmilləşdirilməsinin pedaqoji-psixoloji problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. NDU-nun rektoru akademik İsa Həbibbəyli konfransın əhəmiyyətinə toxunaraq bunun tədris prosesinin yeni metodlarla təşkilinə, pedaqoji-psixoloji elmin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini bildirdi. Qeyd olundu ki, ölkədə və onun ayrılmaz hissəsi olan muxtar respublikada təhsilə yüksək dövlət qayğısının nəticəsi kimi pedaqoji-psixoloji elmlər sürətlə inkişaf edir, tədris prosesində İKT imkanlarından geniş istifadə olunur.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) direktoru, texnika elmləri doktoru, professor Abdulla Mehrabov "Pedaqoji məqsədəmüvafiqlik və müasir təhsil sisteminin metodoloji təhlili" mövzusunda çıxış edərək ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlardan danışdı. Qeyd etdi ki, 1999-cu ildə qəbul olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" sayəsində milli təhsil sistemində əsaslı dəyişikliklər baş vermiş, tədris sistemi təkmilləşdirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli "İstedadlı uşaqlar problemi" adlı məruzəsində ölkədə xüsusi istedadlı uşaqların üzə çıxarılması və onlarla işləmə mexanizminin formalaşdırılması istiqamətində aparılan işlərdən, qəbul olunan dövlət proqramlarından söz açdı.

"Təlim prosesində yükləmə" adlı məruzə ilə çıxış edən ARTPİ-nin direktor müavini, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov təhsil sistemində qazanılan nailiyyətlərlə yanaşı, nöqsanlara da toxundu.

ARTPİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində kurikulum islahatının başlıca istiqamətləri" adlı məruzəsində təhsilin məzmunu, "Təhsil sahəsində islahat Proqramı"nın məqsədləri, prinsipləri haqqında danışdı.

Konfrans öz işini pedaqogika, psixologiya və metodika bölmələri üzrə davam etdirdi. Sonda tədbirlə bağlı ayrı-ayrı fikirlər dinlənildi, təkliflər irəli sürüldü. Konfransa rektor akademik İsa Həbibbəyli yekun vurdu.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan.- 2011.-29  iyun.- S.  11.