Almaniyada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş poçt markası dövriyyəyə buraxılmışdır

 

Almaniyanın Maqdeburq şəhərində üzərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, xalqımızın döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə görə Milli Qəhrəman Mübariz İbrahimovun adı şəkli ilə poçt markası dövriyyəyə buraxılmışdır.

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 1000 ədəd tirajla çap olunmuş markanın üzərində Azərbaycan Respublikasının bayrağı Milli Qəhrəman Mübariz İbrahimovun təsviri ilə yanaşı, ingilis dilində "Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov" markanın yuxarı hissəsində isə "Azərbaycan Respublikası" sözləri yazılmışdır.

Bu poçt markası Almaniyanın bütün ünvanlarına göndəriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 29 iyun.- S.  12.