Azərbaycan ordusu budur!

 

 "Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülmüşdür. Bu gün keçirilən paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir. Biz müasir silahlar, sursatlar, hərbi texnika alırıq və bu proses davam etdiriləcəkdir. Son illər ərzində hərbi potensialımız yüksək dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələr alınır və ordumuzun hərbi gücü artır".

 

 

İlham ƏLİYEV

 

 

Danışan analardır...

 

Böyük Üzeyir bəy hələ 1918-ci ildə yenicə təşəkkül tapmağa başlayan dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən danışarkən ordu quruculuğunu, təhlükəsizlik məsələlərini önə çəkirdi. Çünki onda da Qarabağ problemi, Andronik məsələsi vardı, onda da sərhədlərimizə hər cür təhdid mövcud idi. Onda da dağılan kəndlər, şəhərlər, şəhidlər və gözüyaşlı analar vardı: "Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu elə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı məinülqəlb etsin".

Xocavənd rayonundan məcburi köçkün, iki şəhid anası Sevil Əliyevanın vaxtilə qəzetimizdə dərc olunmuş bir yazısı Üzeyir bəyin o zaman söylədiklərinin nə qədər vacib və aktual olduğunu göstərir. Qarabağ hadisələrinin başlandığı o illəri yada salan S.Əliyeva yazırdı: "Yaxşı xatırlayıram, Qarabağda, əzəli torpaqlarımızda itirdiklərimiz, qeyb etdiklərimiz o qədər oldu ki, bütün bu müsibətlərdən sonra bir də yaşayacağıma, yaşamaq istəyəcəyimə inana bilmirdim. Mən tək deyildim, eyni ağrını və itkini, eyni taleyi mənimlə bölən həmvətənlərim çox idi. O illərdə həm cəmiyyətdə, həm də hakimiyyətdəki xaos və özbaşınalıq isə ümidsizliyimizi daha da artırır, sanki dərd üstə dərd gətirirdi. Şəhidlər vermişdik, qanı yerdə idi. Torpaqlar itirmişdik - yağı əlində idi, o, nə vaxt qayıdacaq, necə qayıdacaq - nə deyən vardı, nə bu barədə düşünən vardı. Hara baxırdın üzlərdə sərtlik və ümidsizlik, ürəklərdə boşluq vardı...

Yəqin bu, tarixin hökmüdür: xalqın həyatının ən ağır günündə elə xalqın öz bağrından doğan oğulları köməyə gəlir. 1993-cü ildə ümummilli liderin hakimiyyətə gəlişi tarixin hökmü idi - desək yanılmarıq..."

Bu sözlərdəki həqiqət çox böyükdür. Çünki o gəlişlə hər şey dəyişdi - ölkə də, ordu da, vətəndaşlar da.

 

O vaxt ordunun özünə kömək lazım idi...

 

Elə həmin il - 1993-cü il noyabrın 18-də Prezident Heydər Əliyevin göstərişi ilə Milli Məclisdə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu, bir sıra qanunlar qəbul edildi, ordu quruculuğunda, demək olar ki, yeni bir dövr başladı. "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və sair qanunlar dərhal qüvvəyə mindi. Ordu sürətlə qurulmağa başladı.

Bu dövrdən başlayaraq, eyni zamanda, Azərbaycan iqtisadiyyatı əmin-amanlıq şəraitində artıb güclənməyə başlayır və ordu tanınmaz dərəcədə dəyişir, onun problemləri də ölkənin artan gücünə və nüfuzuna uyğun olaraq sürətlə öz həllini tapırdı. Bu inkişaf dinamikasını müşahidə etmək üçün yalnız bir fakta nəzər salmaq kifayətdir. Əgər 2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə ayrılan vəsait 150 milyon dollardırsa, artıq indi dövlət büdcəsində bu rəqəm 3 milyard 300 milyon dollar təşkil edir. Bir sözlə, bölgənin hərtərəfli inkişaf etmiş ən güclü, ən müasir, ən çevik ordusu Azərbaycandadır. Bunu 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümünə həsr olunmuş hərbi parad bir daha nümayiş etdirdi. Bu, artıq reallıqdır, tarixi faktdır! Sevinən sevinsin, sevinməyən başının çarəsini qılsın. Artıq Azərbaycanla əvvəlki illərdə olduğu kimi, heç bir dövlət zor dili ilə danışa bilməz, xüsusilə Ermənistan və onu dəstəkləyən qüvvələr. Əbəs yerə deyil ki, bu günlərdə "Evronews" telekanalına müsahibəsində dövlət başçısı maraqlı bir müqayisə apararaq qeyd edib: "Azərbaycanın bugünkü büdcə xərcləri Ermənistanın büdcə xərclərindən 10 dəfə artıqdır. Təkcə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsini üstələyir. Reallıq belədir. Zaman keçdikcə də iki ölkə arasındakı bu fərq yalnız artacaqdır. Düşünürəm ki, bu da "münaqişə həll olunmalıdır" anlayışının yaranması üçün möhkəm rol oynayır. Status-kvo bundan sonrakı illər ərzində davam edə bilməz".

 

Hamımız Mübariz olaq!

 

Qarabağ savaşında ailəsindən iki şəhid verən Sevil Əliyeva özü kimi minlərlə insanın - ananın, atanın fikirlərini, düşüncələrini əks etdirir. O dövrdə xalqımızın yaşadığı ictimai-siyasi, mənəvi-əxlaqi problemlər içində sinəsində şəhid dağı daşıyan bu insanların çəkdikləri çətinlikləri daha başadüşüləndir. Onları həyata qaytaran, yaşamağa ruhlandıran isə ölkəmizdəki əmin-amanlığın bərpa olunması, sürətli inkişafımız, güclü ordumuz, gənclərimizin qurub yaratmaq eşqi və öz torpaqları uğrunda Mübariz İbrahimov kimi vuruşmaq əzmidir. Vətən belə övladları ilə güclü, qüvvətli və sabahına inamlıdır. Gənclərin, yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində belə qəhrəmanlıq nümunələrinin rolu və əhəmiyyəti olduqca böyükdür. Respublikamızın hər yerindən axın-axın insanın Mübariz İbrahimovun doğulduğu rayona, kəndə, eləcə də onun Şəhidlər xiyabanındakı məzarının ziyarətinə gəlməsi də xalqın həmişəki kimi, qəhrəmanlara olan böyük ehtiyacından xəbər verir. Bu, eyni zamanda, bölgədə Azərbaycanın artan gücündən, lazım gəldikdə böyüklü-kiçikli hər bir vətəndaşın əldə silah əsgərə - Mübariz İbrahimova çevrilə biləcəyindən xəbər verir. Hamının qarşısında Qarabağ, hamının qəlbində-içərisində Mübariz İbrahimov var. Sevindirici haldır: bu gün müxtəlif profilli hərbi məktəblərin sayı çoxalıb və bu məktəblərə gənclərin axını əvvəlki illərdən qat-qat çoxdur.

Çar Rusiyası zamanında olduğu kimi, sovet dövründə də milli zabit kadrlarını barmaqla saymaq mükündürsə, indi Azərbaycan Silahlı Qüvvələrinin müharibə görmüş və müxtəlif sınaqlardan çıxmış böyük general-zabit heyəti vardır. Hələ sovet dönəmində ümummilli liderin birbaşa səyləri nəticəsində təşkil olunan C.Naxçıvanski adına hərbi məktəb müstəqillik illərində, digər ali hərbi məktəblərlə birlikdə, ordumuzun yüksək ixtisaslı hərbcilərlə təmin olunmasında əvəzsiz rol oynadı. Bu isə müstəqilliyin bəxş etdiyi azadlıqlar sayəsində indi daha da uğurla davam etdirilir. Bütün bunları isə ölkəmizi uzunmüddətli bir münaqişəyə cəlb edənlər yaxşı bilməlidirlər ki, artıq ölkəmiz regionda böyük bir qüvvədir və bu, dövlət başçımızın sözlərində olduqca gözəl ifadə olunub: "Bu gün Azərbaycan regional amilə çevrilib və artan gücümüz, əlbəttə ki, ölkə vətəndaşlarını, dostlarımızı sevindirir, amma bizə pis münasibət bəsləyən qüvvələri, əlbəttə ki, qıcıqlandırır".

 

Azərbaycan əsgəri

 

Tariximizin bütün dövrlərində əsgər adını şərəflə daşıyan Azərbaycan oğulları həmişə olub. Əldə silah düşmən üstünə yerimək, torpağı, el-obanı düşməndən qorumaqdan şərəfli nə ola bilər ki? 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə erməni-rus müdaxilələri, demək olar ki, üst-üstə düşdü və Azərbaycan xalqı növbəti dəfə irzini-namusunu, torpağını qorumaq üçün ayağa qalxdı, öz ordusunu yaratdı. Qarşıya qoyulan məqsəd qısa və aydın idi - 1919-cu ilin əvvəllərində 25 min, 1920-ci ildə isə 40 minlik ordu yaratmaq. Ordunu peşəkar kadrlarla təchiz etmək məqsədilə elə həmin il Gəncədə hərbi məktəb yaradıldı və məktəbin üç şöbəsində - ümumi, mühəndislik və topçuluq şöbələrində ilk vaxtlarda 250 dinləyici vardı.

O dövrdə parlamenti və ümumiyyətlə, asayişi qorumaq üçün xüsusi bölmələr yaradılır, eyni zamanda, ordu sayca artır, silah-sursatla daha yaxşı təmin olunurdu. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş təyyarə, bir neçə hidroaeroplan, altı ağır və yüngül zirehli avtomobil daxil idi. Qısa müddətdə yaranan bu ordunun gücünü düşmənlər dərhal hiss etdilər. 1920-ci ildə Qarabağda baş qaldıran erməni qiyamı ordumuzun xüsusi bölmələri tərəfindən dərhal yatırıldı, qiyama başçılıq edən Dəli Qazar məhv edildi.

Bolşevik Rusiyasına zorla qatıldıqdan sonra Azərbaycanın ordu hissələri tədricən ləğv edildi. Yalnız İkinci Dünya savaşında hər iki cəbhədə vuruşan Azərbaycan diviziyaları yenidən meydana çıxır, lakin qısa bir müddətə. Müharibənin bitməsi ilə bu proses dayanır, 1991-ci ilə kimi - müstəqillik aktı qəbul olunanadək bu mövzu qapanmış hesab olunur. SSRİ-nin çökməsi və Qarabağda başlayan seperatçı erməni hərəkatı güclü ordu məsələsini bir daha gündəmə gətirdi. "Sülh istəyirsənsə, müharibəyə hazır ol" - tezisi özü bunu diktə edirdi...

İlk illərdə əsasən könüllülərdən təşkil olunan ordu hissələri düşmənə qarşı amansızlıqla mübarizə aparsa da, onun yaxşı təşkil olunmuş, silahlanmış qüvvələri qarşısında çətinliklə dayanırdı. Yüksək peşəkarlığa malik kadr çatışmazlığı, maddi-texniki bazanın zəifliyi də bura əlavə olunsa, o dövrkü mənzərə tam aydın olar. Torpaqlar kəndbəkənd işğal olunur, Xocalı qətliamı törədilir, ermənilər Kürə qədər irəliləmək niyyətlərini gizlətmirdilər...

Belə bir vaxtda ölkəyə qayıdan ümummilli lider Ali Baş Komandan kimi bütün məsuliyyəti öz üzərinə götürdü və cəbhənin müxtəlif sahələrində - Füzulidə, Beyləqanda qısa müddət ərzində düşmənə layiqli cavab verildi və o, xeyli geri oturduldu. O vaxt ümummilli liderin ön cəbhədəki görüntülərini əks etdirən fotolar və videogörüntülər hər kəsin yaxşı xatirindədir. Ümummilli lider faktiki yeni yaradılmaqda olan ordunun içərisində, Azərbaycan əsgərinin yanındadır. Bu birlik, bu yaxınlıq hələ də davam edir, Azərbaycan ordusu durduqca bu mənəvi varislik əlaqələri daim inkişaf edəcəkdir.

 

Ən möhtəşəm hərbi paradımız

 

 Azərbaycan ordusunun tarixində bir neçə hərbi parad olub. Onun üçü müstəqilliyimizin son 20 ilinə təsadüf edir. Sonuncu - 26 İyun 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümünə həsr olunan hərbi parad isə bir çox parametrinə görə onlardan fərqlənir. Bu, artıq Azərbaycanın dünyada söz sahibi olduğu, bölgədə lider dövlətə çevrildiyi bir dövrün paradı, güc nümayişidir. Bu ordunun maddi-texniki bazası hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Bunu paradın keçirildiyi həmin gün daha yaxşı hiss etmək mümkün idi. Şəhərin müxtəlif yerlərinə toplaşmış insanlar, maşınlarını yol kənarında saxlayıb başımız üstdən, lap aşağıdan uçan təyyarə və vertolyotları seyr edən sürücülər bu ordunun - uçan, yeriyən və qoruyan bu texnikanın, bu əsgərin onlara nə qədər yaxın olduğunu bir daha gördülər. Qaldı Azərbaycan əsgərinin 1920-ci ildə Səməd bəy Mehmandarovun başçılığı ilə Qarabağda göstərdiyi şücaətə. O döyüşdən sonra Səməd bəy üzünü əsgərlərə tutub fəxrlə demişdi: "Övladlarım, mən rusların apardığı çox döyüşdə olmuşam. Port-Arturda döyüşmüşəm, amma belə qəhrəmanlıq, belə şücaət görməmişəm".

Belə bir vaxta, belə bir günə, belə bir şücaətə, qəhrəmanlığa çox az qalıb!

"Bu gün Azərbaycan, sözün əsl mənasında, nəinki öz müqəddəratını, öz taleyini özü müəyyən edir, bölgədə gedən proseslərə də təsir imkanlarımız artır. Bu gün Azərbaycanı, bizim maraqları nəzərə almadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz. Mən bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişdim və həyat göstərir ki, bu, sadəcə olaraq, sözlər deyildir. Bu, reallığı əks etdirən vəziyyətdir". Prezident İlham Əliyevin dediyi bu sözlər mövcud reallığı bütün dolğunluğu ilə əks etdirir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.-30  iyun.- S.  5.