Moskvada MDB İqtisadi Şurasının 50-ci iclası keçirilmişdir

 

Moskvada, Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 50-ci iclası keçirilmişdir. Azərbaycan iclasda baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu daxil idilər.

İclas iştirakçıları Birlik dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələrinin müxtəlif aspektlərinə dair ondan yuxarı məsələni müzakirə etmişlər. Əsas müzakirə mövzuları azad ticarət zonası haqqında müqavilə layihəsi, 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin (2012-2015-ci illər) həyata keçirilməsinə dair tədbirlər planı, 2020-ci ilədək MDB dövlətlərinin dəmir yol nəqliyyatının strateji inkişaf konsepsiyası, dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması üzrə birgə fəaliyyət planının icrasının yekunları və s. olmuşdur.

İclas iştirakçıları Müstəqil Dövlətlər Birliyinin 20-ci ildönümü münasibətilə ÜSM-də təşkil olunmuş "MDB-nin 20 ili: tərəfdaşlığın yeni üfüqlərinə doğru" dövlətlərarası yubiley sərgisinin açılışında iştirak etmişlər. Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin, MDB-nin icraçı katibi Sergey Lebedev təbrik nitqi ilə çıxış edərək sərginin açılışını MDB-nin bütün ölkələri üçün əhəmiyyətli hadisə adlandırmışlar.

Rəsmi açılış mərasimindən sonra baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina və Birlik ölkələrinin nümayəndə heyətlərinin başçıları Azərbaycanın ekspozisiyası ilə tanış olmuşlar.

İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi Azərbaycan pavilyonu investisiya siyasəti, humanitar, energetika və nəqliyyat sahələrində qazanılan nailiyyətlərdən, ixrac potensialının səmərəli istifadə olunmasından, milli məhsulun rəqabətə davamlılığının artırılmasından söz açır. Ekspozisiyada interaktiv rejimdə sosial-iqtisadi həyatın müxtəlif sahələrində, o cümlədən gənclər siyasəti və idman, səhiyyə, əməyin müdafiəsi, təhsil, mədəniyyət, turizm, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı, yanacaq-energetika kompleksi və ekoloji təhlükəsizlik sahələrində əldə olunmuş nailiyyətlər nümayiş etdirilmişdir.

Sərgidə Azərbaycanı ölkə iqtisadiyyatının, az qala, bütün sahələrini təmsil edən 40-dan yuxarı milli şirkət təmsil etmişdir. Son illər Azərbaycanda baş verən inşaat bumunu nümayiş etdirən "Caspian Service" tikinti şirkətinin stendi diqqəti daha çox cəlb etmişdir. Bu şirkət MDB məkanında - Rusiya, Ukrayna və Qazaxıstanda uğurla fəaliyyət göstərir. Azərbaycan istehsalı olan kompüter texnikasının və Azərbaycanın peyki ilə qlobus maketinin, habelə Azərbaycanın kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi stendlər, ölkə iqtisadiyyatının potensial imkanları haqqında informasiya blokları böyük maraqla qarşılanmışdır.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov AzərTAc-a müsahibəsində bildirmişdir ki, Azərbaycan MDB-nin 20-ci ildönümünə həsr olunmuş dövlətlərarası sərginin işində yaxından iştirak edir. Son 20 ildə Azərbaycanın nəzərəçarpacaq dəyişikliklərə nail olduğunu bildirən nazir müavini demişdir: "Azərbaycanın pavilyonu sərgiyə gələnləri Prezident İlham Əliyevin rəhbərliyi altında ayrı-ayrı sahələrdə, o cümlədən iqtisadi, sosial-mədəni, gənclər və s. sahələrdə aparılan uğurlu siyasətlə tanış etməyə, onlarda ölkəmiz barədə dolğun təsəvvür yaratmağa imkan verir".

 

 

Azərbaycan.- 2011.-30  iyun.- S.  6.