Azərbaycan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin yubiley mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-26-da gürcüstanlı həmkarı Georgi Papuaşvilinin dəvəti ilə Gürcüstan Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Batumi şəhərində rəsmi səfərdə olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Gürcüstan, Türkiyə, Almaniya və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri və Avropa Şurasının Venesiya Komissiyasının sədri ilə görüşlər keçirilmişdir.

Konfransda sədr Fərhad Abdullayev "Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində praktiki aspektlər" mövzusunda çıxış etmişdir.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili konfrans iştirakçılarını qəbul etmişdir.

 

 

Azərbaycan.- 2011.- 30 iyun.- S. 7.