Kənd təsərrüfatı naziri FAO-nun 37-ci sessiyasında iştirak etmək üçün Romada rəsmi səfərdədir

 

Kənd təsərrüfatı naziri İsmət Abasovun başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 37-ci sessiyasında iştirak etmək üçün Roma şəhərində rəsmi səfərdədir.

Tədbirdə 2012-2015-ci illər üzrə FAO-nun baş direktorunun, FAO Şurasının müstəqil sədrinin, Şuraya üzv ölkələrin seçilməsi, Avropa Regional Konfransının 28-ci sessiyasının Azərbaycanda keçirilməsi, "Heyvan genetik ehtiyatları üzrə qlobal fəaliyyət planı"nın icra vəziyyəti, "Torpaq və su resurslarının vəziyyəti", "İribuynuzlu heyvanlarda vəba xəstəliyinin ləğvi haqqında bəyannamə"nin qəbul edilməsi, "2011-ci ilin beynəlxalq meşə ili" elan olunması, qlobal planların həyata keçirilməsi zamanı kənd təsərrüfatı statistikasının təkmilləşdirilməsi və bir sıra digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

İsmət Abasov çıxış edərək Azərbaycanda həyata keçirilən aqrar islahatlardan, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, qəbul olunmuş dövlət proqramları barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, FAO dünya miqyaslı aqrar siyasət aparan bir təşkilat kimi Azərbaycan aqrarçılarının ən doğma beynəlxalq təşkilatıdır. Belə ki, FAO Azərbaycanda aqrar siyasətin aparılmasına həmişə dəstək vermiş, 16 il ərzində, yəni FAO-ya üzv qəbul olunandan layihələrin icrasında, fermerlərin maariflənməsində, onlara öz işlərini təkmilləşdirməkdə kömək etmişdir.

İsmət Abasov FAO və beynəlxalq təşkilatlara bir sıra problemlərin həllinə dəstək verməyi təklif etmişdir.

Nazir Avropa və Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərini, FAO-nun katibliyinin üzvlərini, BMT-nin beynəlxalq təşkilatlarının rəhbərlərini FAO-nun 2012-ci ildə Bakıda keçiriləcək 28-ci regional konfransına dəvət etmişdir.

İ.Abasov tədbir çərçivəsində İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti naziri Françesko Saverio Romano, Braziliyanın kənd təsərrüfatının inkişafı naziri Afonso Florens, İranın kənd təsərrüfatı naziri Sadeq Xəlilian, FAO-nun bir sıra rəhbər işçiləri və Avstriya Federativ Respublikasının Kənd Təsərrüfatı, Meşəçilik, Ətraf mühit və Su Təsərrüfatı Federal naziri Nikola Berlokoviçlə görüşlər keçirmişdir.

Nazir BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kannayo Nvanze ilə də görüşmüşdür. Görüşdə İ.Abasov və K. Nvanze "Kənd yerlərinin kompleks inkişafı üzrə layihə"nin Azərbaycanda həyata keçirilməsi üzrə maliyyələşmə sazişi imzalamışlar. Layihənin Azərbaycan hökuməti, İFAD və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilməsi nəzərdə tutulur.

Nazir İ.Abasov Romanın yaxınlığındakı Çerveteri şəhərinə də səfər etmiş, şəhərin kənd təsərrüfatı potensialı ilə tanış olmuş, mer Cino Çioli və şəhərin digər rəhbərləri ilə Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulması məsələlərini müzakirə etmişdir.

Səfər iyulun 2-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-30 iyun.- S.  10.