Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar İordaniya və Mərakeşdə Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə əlaqədar informasiya mübarizəsində daim hücumda olmaq tövsiyəsi rəhbər tutularaq Ermənistanın ölkəmizə qarşı yeritdiyi ilhaqçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi faciələr barədə obyektiv beynəlxalq ictimai fikrin formalaşdırılması, həqiqətlərin dünyaya çatdırılması istiqamətində təbliğat işi daha da gücləndirilmişdir. İndi düşmənə qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları arasında əlaqəli şəkildə aparılır, Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması sahəsində hücum və ardıcıllıq taktikası üzrə uzun müddətə hesablanmış kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, komissiya əsir və itkin soydaşlarımızın taleyini araşdırmaqla yanaşı, ermənilərin azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş cinayətlər, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də bu problemin tarixi, müxtəlif dövrlərdə azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti ilə bağlı faktları, eləcə də erməni terrorçularının əsirlikdə saxlanılan azərbaycanlılara verdikləri işgəncələr haqqında kitablar, broşürlər çap etdirərək, sənədli video-fotomateriallar hazırlayaraq müxtəlif dillərdə dünyanın bir çox dövlətlərinə yayılmasını təşkil edir.

Eyni zamanda, münaqişənin tarixi və hüquqi aspektləri haqqında Azərbaycan Respublikasının dövlət strukturlarına və xaricdəki səfirliklərinə, diaspor təşkilatlarına, tərəfdaş dövlətlərə, tanınmış alimlərə və ictimai-siyasi xadimlərə, konfliktoloqlara kitab və digər materialların göndərilməsi prosesi davam etdirilir. Bundan əlavə, ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, həmçinin Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq komissiyanın fəaliyyəti barədə məlumatlar yayılmış, görülmüş işlər barədə müsahibələr verilmiş, məqalələr dərc olunmuş, soyqırımı, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilmişdir.

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayəti barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət" kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İordaniya Haşimilər Krallığında və Mərakeş Krallığında bu ölkələrdəki Azərbaycan Respublikasının səfirlikləri ilə birgə silsilə tədbirlər təşkil etmişdir.

Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi və Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Oman şəhərində bir neçə tədbir keçirilmişdir. Tədbirlərdə İordaniyada akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak etmişlər.

Tədbiri açan səfir Elman Araslı ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat vermiş, "Xocalıya ədalət" kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırmışdır. Tədbirlərin iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunmuşdur. Tədbirlər İordaniyanın "əl-Ğad", "əl-Rəy", "əl-Arab" qəzetləri və "Əmira nyus" internet səhifəsində geniş işıqlandırılmışdır.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə anma mərasimi təşkil etmişlər.

Tədbirdə Mərakeşin dövlət rəsmiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, İSESKO-nun, akkreditə olunmuş diplomatik korpusun, KİV və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı çətinliklər, erməni terrorçuları tərəfindən törədilmiş Xocalı qətliamının mahiyyətindən və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsindən danışmışdır.

Səfirliyin müşaviri İ.Əliyev də Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, problemin həlli istiqamətində Azərbaycan rəhbərliyinin göstərdiyi səylər haqqında iştirakçılara ətraflı məlumat vermişdir.

Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.əl-Fəqiri, keçmiş SSRİ Ali Məktəb Məzunları Cəmiyyətinin sədri M.Lhbus, Mərakeş-Rusiya Dostluq Cəmiyyətinin sədri A.əl-Bəhravi çıxış edərək Azərbaycana qarşı erməni təcavüzünü pisləmişlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırımı siyasəti, təcavüz nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər, mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat vermişdir.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən kitablar, kompakt disklər, fotoşəkillər və digər əyani vəsaitlər təqdim edilmiş, həmçinin "Erməni terroru" adlı sənədli film nümayiş olunmuşdur. Mərasim Mərakeşin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

 

 

Azərbaycan.- 2011.-1 mart.- S.2.