Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilmişdir

 

Fevralın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Vətən uğrunda!" QHT Koalisiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir.

Ziyalıların, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələrdə Koalisiyanın əlaqələndiricisi Samir Mehdizadə bu nəşrin Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısındakı bəyanatına, xüsusən də erməni tarixi ilə bağlı uydurmalara, düşmənlərimizin yalan və saxtakarlıqlarına tutarlı cavab olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki mövcud vəziyyətin öyrənilməsi baxımından çox əhəmiyyətli olan bu kitab ictimai elmlər sahəsində araşdırmalar aparan tədqiqatçılar üçün də zəngin tarixi bazadır.

S.Mehdizadə qeyd etmişdir ki, böyük tarixi, ictimai, siyasi əhəmiyyətə malik "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının regionlarda da ictimai müzakirəsi keçiriləcəkdir. Eyni zamanda, rus və ingilis dillərində çap olunan kitabın fransız və alman dillərinə də tərcümə edilərək, xaricdə təbliğinin və təqdimat mərasimlərinin keçirilməsi faydalı olardı.

Digər çıxış edənlər də tarixi faktlarla zəngin, Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verildiyi kitabın oxucular üçün etibarlı mənbə olduğunu vurğulamışlar. Bildirilmişdir ki, kitab təkcə növbəti erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinin təhlili, son iki əsrdə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Sonda "Gorus - 2010: absurd teatrı mövsümü" kitabının informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə olması nəzərə alınaraq tədbir iştirakçıları adından Milli Məclisə, QHT və KİV-lərə müraciət qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-1 mart.- S. 6.