"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Dövlətimizin başçısı İlham Əliyev konfransda iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.

Prezident İlham Əliyevə Dövlət Proqramı icrasının ikinci ilində regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və silsilə tədbirlər reallaşdırılmışdır. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapmışdır. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2011-ci ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcəkdir.

Sonra konfrans öz işinə başladı.

Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı.

 

 

Azərbaycan.- 2011.-2 mart.- S. 1.