"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Biz dünya praktikasını yaxşı bilirik. Dünyada gedən prosesləri də izləyirik. Görürük ki, özəl sahibkarlığın inkişafı ölkələrin ümumi inkişafını təmin edir. Düzdür, Azərbaycanın zəngin neft-qaz ehtiyatları var və düşünülmüş neft strategiyamız vardır. Bu strategiya artıq öz bəhrəsini verir. İqtisadiyyatımızın şaxələndirilməsi işində bu amil deyə bilərəm ki, çox vacib rol oynayıb. Əgər maliyyə resurslarımız olmasaydı, biz xarici maliyyə qurumlarının kreditlərinə daha çox bel bağlamış olardıq. Bəzi hallarda o kreditlərin alınmasında problemlər də yaranır. Yəni ki, enerji sektoru, neft-qaz sənayesi bizim üçün çox böyük dəstəkdir. Ancaq təkcə bu sahə inkişaf etməklə ölkə hərtərəfli inkişaf edə bilməz. Bu bizim üçün böyük maliyyə mənbəyidir. Bu, şübhəsiz, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən amillərdən biridir.

Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön planına çıxıbdır. Azərbaycan isə artıq bütün lazımi tədbirləri vaxtında görübdür. Zəngin neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb. Çoxşaxəli boru kəməri infrastrukturumuz vardı ki, resurslarımızı istənilən istiqamətə nəql edə bilər və əslində nəql edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq.

Hesab edirəm ki, bu il və ondan sonrakı illərdə Azərbaycanın energetika, neft-qaz, xüsusilə qaz sektoruna milyardlarla dollar vəsait qoyulacaqdır. Həm ölkə iqtisadiyyatı, həm də özəl sektor buna hazır olmalıdır. Sirr deyil ki, neft strategiyamızın icrası hesabına yüzlərlə Azərbaycan şirkəti kontraktlar alıblar və o imkanlardan bəhrələniblər. O şirkətlər neft sənayesində görülmüş işlər hesabına maliyyə imkanlarını genişləndiriblər. İndi biz ikinci böyük investisiya qoyuluşunun astanasındayıq. Artıq biz buna daha da hazırıq. Sadəcə olaraq, mən özəl sektora bildirmək istəyirəm ki, onlar da qoyulacaq bu böyük investisiyaların icrasında fəal iştirak etsinlər, xaricdən Azərbaycanın qaz sektoruna qoyulacaq pulların böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən öz həllini tapsın və Azərbaycan şirkətləri bundan bəhrələnsinlər.

Ancaq bununla bərabər, orta və kiçik sahibkarlığın, ölkəmizin gələcəyini müəyyən edəcək sahibkarlığın inkişafı, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı əslində çox böyük islahat deməkdir. O islahat Azərbaycanda uğurla aparılır və yenə də demək istəyirəm ki, iqtisadiyyatımızın mütləq əksəriyyəti özəl sektorda formalaşır. Yəni qısa müddət ərzində - müstəqillik dövründə biz buna nail ola bilmişik. Ancaq iqtisadi sahədə islahatlar mütləq bütün başqa sahələrdə islahatlarla tamamlanır. Yəni biz işimizi təkcə iqtisadi islahatlarla məhdudlaşdıra bilmərik. Bu mümkün də deyildir.

Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir, müasir dövlət yaratmaqdır. Ona görə Azərbaycanda aparılan və aparılacaq islahatlar da çoxşaxəli olmalıdır. İqtisadi islahatlar ölkə iqtisadiyyatının liberallaşmasına, güclü özəl sektorun yaranmasına gətirib çıxaracaq, insanlar daha da yaxşı yaşayacaqlar. Sosial rifah artacaq, iş yerləri, yerli sənaye yaranacaqdır. Mən yaranacaq deyirəm, əslində bu yaranıb və yaranmaqdadır. Azərbaycanda bütün azadlıqlar tam şəkildə bərqərar olunacaqdır. Yəni, sahibkarlığın inkişafı əslində ölkəmizin hərtərəfli inkişafına, müasirləşməsinə böyük təkan verir.

Bu gün Azərbaycanda sahibkarlar sinfi yaranıb. Mən hesab edirəm ki, növbəti illərdə özəl sektorda aparılan işlərin keyfiyyətinin artırılması məsələlərinə daha da böyük diqqət göstərilməlidir. Yenə də mən qayıdıram əvvəlki sözlərimə. Azərbaycanın gələcək iqtisadi inkişafı,- əgər biz uzunmüddətli gələcəyə baxırıqsa,- daha çox xarici bazarlara qoyulacaq vəsaitin hesabına həll olunacaqdır. Azərbaycan bazarı müəyyən dərəcədə məhduddur. Qonşu ölkələrlə müqayisədə əlbəttə ki, onlardan daha da kiçikdir. Ölkə əhalisi artır. Artıq keçən il doqquz milyonuncu vətəndaş dünyaya gəlibdir. Ancaq ölkə iqtisadiyyatı və ölkədə yaranan maliyyə resursları tələb edir ki, biz xarici bazarlara çıxaq. Xarici bazarlara isə ancaq rəqabət qabiliyyətli məhsullarla çıxa bilərik. Biz çalışmalıyıq ki, nəinki xarici bazarlara çıxarmaq üçün, ölkə daxilində istehlak olunan mallar da yüksək standartlara cavab verməlidir.

Son illərdə bölgələrə səfərlərim çərçivəsində gördüyüm yeni müəssisələrin, açılışında iştirak etdiyim yeni fabriklərin, zavodların, mən çox şadam ki, hamısı demək olar ki, dünya səviyyəsinə, standartlarına uyğundur. Onlar beynəlxalq sertifikatlar alır. Avropa İttifaqına daxil olmaq üçün sertifikatlar alınır. Yəni, biz bu yolla getməliyik. Bununla bərabər, hesab edirəm ki, növbəti iki il ərzində istehlak olunan əsas məhsullar ölkədə istehsal olunmalıdır. Biz bir il bundan əvvəl bu barədə danışmışıq. Bu gün görəcəyik hansı işlər görülüb. Hələ ki, daxili bazarı yüz faiz təmin edə bilmirik, ancaq biz buna çalışmalıyıq.

Biz bilirik ki, bazar iqtisadiyyatı və qloballaşma şəraitində bəlkə də bu bir nömrəli vəzifə deyil, yaxud da ki olmamalıdır. Çünki bütün ölkələr bir-biri ilə bağlıdır. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Ancaq biz onu da görürük ki, dünyada baş verən proseslər, hadisələr, istər siyasi müstəvidə, istər iqtisadi sahədə, kənd təsərrüfatı sahəsində dünyanın müxtəlif yerlərində, müxtəlif qitələrdə baş verən təbii fəlakətlər də reallıqdır. İki-üç il bundan əvvəl biz bunların bəlkə də on faizini görürdük. Nadir hallarda baş verdi. İndi demək olar ki, hər ay haradasa ya daşqın, ya sel, ya yanğın baş verir. Özü də mövsümdən, coğrafi yerləşmədən asılı olmayaraq. Bu, istər-istəməz kənd təsərrüfatı istehsalına təsir göstərir. Biz müəyyən dərəcədə,- mən ərzaq məhsullarını nəzərdə tuturam, - xarici idxaldan asılıyıq. Əgər belə narahatedici məqamlar olmasaydı, biz bu barədə bəlkə də söhbət açmazdıq. Nəyi istehsal ediriksə edirik, nəyi istehsal edə bilmiriksə xaricdən alırıq.

İndi xarici bazarlarda neftin qiyməti 110 dolları ötübdür. Bəziləri Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaqdır. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaqdır. Ona görə indi siyasi proseslər belə cərəyan edir ki, gələcək inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu rol daha da artacaqdır. Nəqliyyat təhlükəsizliyini təmin edirik. Bu gün bütün yollar Azərbaycandan keçir. Bizim coğrafi vəziyyətimiz belədir. Biz güclü nəqliyyat infrastrukturu yaradırıq. Artıq bu bizə həm əlavə iqtisadi, həm də siyasi dividendlər gətirir. Azərbaycanda ərzaq təhlükəsizliyi də mütləq təmin edilməlidir. Bu barədə biz bu gün danışacağıq.

Deyə bilərəm ki, bütün bu məsələlər çox böyük məna daşıyır. Bir daha demək istəyirəm ki, biz sadəcə olaraq hansısa qısamüddətli inkişaf planının icrası ilə deyil, ölkəmizin uzunmüddətli strategiyasının hazırlanması ilə məşğuluq. Bu gün, 10 ildən, 20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz vardır. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilibdir. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynamışdır. Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir. İndi isə keçək müzakirələrə.

 

***

 

İqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığa hərtərəfli dəstək verilməsi, əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və ötən illərdə olduğu kimi, 2010-cu ildə də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.

Ötən il ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru 7,9 faiz, o cümlədən qeyri-neft sənayesi 6,6 faiz artmış, əhalinin gəlirlərinin çoxalması inflyasiya səviyyəsini 2 dəfədən artıq üstələmiş, bütün regionlarda məhsul istehsalının artımına nail olunmuşdur.

Ötən iki ildə dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha əyani şəkildə sübut etmişdir.

Bu nailiyyətlərin əldə olunmasında, görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının, xüsusilə regionların sosial-iqtisadi inkişafına dair hər iki proqramın əhəmiyyətli rolu vardır. İkinci proqramın icrasını da şəxsi nəzarətinə götürən dövlətimizin başçısı ötən il regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etmiş, fəaliyyətləri ilə tanış olmuşdur.

Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir. Bu səfərlərdən sonra dövlətimizin başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.

Möhtərəm cənab Prezident! Sizin regional inkişafa verdiyiniz önəmin, rayonlarda, kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.

Regionların inkişafına 2004-cü ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar, o cümlədən ötən il 3,4 milyard dollar məbləğində investisiya yönəldilmiş, bunun sayəsində yüzlərlə əhəmiyyətli layihələr icra olunmuşdur.

Ötən il "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilmiş, 635 kilometrdən çox yollar beynəlxalq standartlara uyğun tikilmiş və təmir olunmuş, o cümlədən dövlətimizin başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və digərləri istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edəcəkdir.

Regionlar elektrik enerjisi ilə tam təchiz olunmuş, təkcə 2010-cu ildə Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər istifadəyə verilmiş, 4 kiçik SES-in təməli qoyulmuş, 5 elektrik stansiyasının tikintisi davam etdirilmişdir. Görülmüş işlərin nəticəsidir ki, əvvəllər enerji problemləri yaşamış Naxçıvan MR bir neçə ildir ki, elektrik enerjisini ixrac edir.

İl ərzində dövlət proqramı çərçivəsində regionlarda 3770 kilometr yeni qaz kəmərləri çəkilmiş, 500 kilometr qaz xətti təmir və bərpa edilmiş, 49 yaşayış məntəqəsi qazla təchiz olunmuşdur.

Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmış, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir.

Suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilir.

Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli artırmışdır.

Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülmüş, ümumilikdə 10600 hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri həyata keçirilmişdir.

2010-cu ildə müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində də işlər davam etdirilmiş, 32-si regionlarda olmaqla 47 turizm obyektinin, o cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin tikintisi aparılır.

Möhtərəm cənab Prezident! Məruzə etmək istəyirəm ki, regionların ənənəvi istehsal sahələrinə uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft məhsullarının ixracının artırılması ilə bağlı ötənilki konfransda və Nazirlər Kabinetinin iclaslarında verdiyiniz tapşırıqların icrası istiqamətində ardıcıl tədbirlər davam etdirilməkdədir.

Belə ki, hər bir iqtisadi rayonun potensialı təhlil olunmuş, müqayisəli üstün sahələri müəyyənləşdirilmiş, bunun əsasında iqtisadi rayonların pasportları hazırlanmış və dövlət dəstəyi tədbirləri məhz hər bir regionun spesifik xüsusiyyətləri və müasir texnologiyaların tədbiqi nəzərə alınmaqla həyata keçirilir.

Yaradılmış infrastruktur, həmçinin dövlət dəstəyi tədbirləri regionlarda sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir.

Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir.

Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir.

Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.

Kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədi ilə, bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu və ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmişdir. Bundan əlavə, Səngəçalda 100 min tonluq, Naxçıvanda 30 min tonluq taxıl elevatorları istismara verilmişdir, Gəncədə 60 min tonluq elevatorun tikintisi davam etdirilir. Bununla da bu sahədə tələbat əsasən təmin edilmişdir.

Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədi ilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılmış, 5 rayonda isə belə filiallar təşkil olunmaqdadır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının digər sahələrində artım davam etmiş və ölkənin bir sıra əsas ərzaq məhsulları üzrə tələbatı yerli istehsal hesabına təmin olunmuşdur.

Bu tədbirlər dünyada ərzaq təminatında problemlərin olduğu bir dövrdə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, idxaldan asılılığın azaldılmasını təmin etməklə yanaşı, ixracın şaxələndirilməsində, qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması üçün bu məhsulların müasir tərzdə qablaşdırılması, markalanması, ixrac imkanlarının təbliği sahəsində sahibkarların maarifləndirilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı müxtəlif tədbirlər görülmüş, ötən il ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir.

İlk dəfə olaraq 1600-dən çox adda rəqabətqabiliyyətli yerli məhsulların kataloqu hazırlanmış, əsas tərəfdaş ölkələrdə ticarət evlərinin yaradılması, azərbaycanlı iş adamlarının birliklərinin təşkili ilə bağlı işlər aparılmaqdadır.

Ötən il Özbəkistanda böyük uğurla keçirilmiş ilk milli sərgidə, habelə ABŞ, Almaniya, Fransa və digər ölkələrdə təşkil olunmuş sərgilərdə Azərbaycan məhsullarına göstərilən böyük maraq onların yüksək keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan xəbər verir. Təsadüfi deyil ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8 faiz, çeşidi isə 5,6 faiz artmışdır.

Möhtərəm cənab Prezident! Sizin tapşırığınıza əsasən Nazirlər Kabineti tərəfindən bu yaxınlarda təsdiq edilmiş sərəncamda qeyri-neft məhsullarının ixracının daha da artırılması ilə bağlı kompleks tədbirlər nəzərdə tutulur. Xüsusilə qeyd etmək istəyirəm ki, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalara, eləcə də idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə dair imzaladığınız fərmanlar bu sahədə hüquqi bazanın təkmilləşdirilməsində, biznes mühitinin daha da yaxşılaşdırılmasında və sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınmasında növbəti mühüm addımdır.

Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Hesabat dövründə Bakı şəhərində 243 mənzilli 3, regionlarda isə 272 mənzilli 12 yaşayış binası və 200 fərdi yaşayış evi tikilmişdir.

Bununla yanaşı, cənab Prezidentin iştirakı ilə qaçqın və məcburi köçkünlər üçün Qəbələdə 2 yaşayış binası və 188 şagird yerlik məktəb, Yevlaxda 612, Ağdamda isə 689 ailə üçün zəruri infrastruktura malik olan qəsəbələr istifadəyə verilmişdir.

2010-cu ildə 25-i regionlarda olmaqla 45 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmiş, 43-ü regionlarda olmaqla 70 məktəb binası inşa və əsaslı təmir olunmuş, 4 olimpiya idman kompleksi, 4 idman mərkəzi istifadəyə verilmiş, 9 idman kompleksinin tikintisi davam etdirilir.

Ötən illərdə olduğu kimi, 2010-cu ildə də Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə dövlət proqramının icrasına öz töhfəsini vermişdir. Məhz fondun təşəbbüsü ilə əhalinin daha çox ehiyac duyduğu bir çox obyektlər, o cümlədən 1100 şagird yerlik 3 məktəb, Ağdaş Şəhər Musiqi Məktəbi, Qəbələdə uşaq bağçası, məhdud fiziki imkanlı insanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi inşa olunmuş, bir sıra xeyriyyə tədbirləri həyata keçirilmişdir.

Ötən il baş vermiş daşqınlarla bağlı əhaliyə dəyən ziyan aradan qaldırılmış, evləri dağılan insanların mənzil problemlərinin həlli məqsədi ilə 1500-dən artıq yeni ev tikilmiş, 3000-dən artıq ev təmir edilmişdir. Cənab Prezidentin bu işlərin gedişini gündəlik olaraq diqqət mərkəzində saxlaması və yeni tikilmiş mənzillərin istifadəyə verilməsi mərasimlərində şəxsən iştirak etməsi dövlətimizin başçısının vətəndaşlara qayğısının bariz nümunəsidir.

Ümumiyyətlə, dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir.

Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Göründüyü kimi, dövlət proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunmuş və proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur.

Möhtərəm cənab Prezident! Sizin sistemli, düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasətiniz, ölkəni davamlı inkişaf etdirmək bacarığınız, regionların inkişafına göstərdiyiniz diqqət ötən illərdə olduğu kimi, qarşıdakı illərdə də dövlət proqramından irəli gələn vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və regionların tarazlı inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram.

 

* * *

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər iki dövlət proqramının ölkənin bütün regionları kimi, Astara rayonunun da inkişafına güclü təkan verdiyini bildirərək dedi:

- Ötən il rayonda 116 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 7 il əvvəllə müqayisədə 4,3 dəfə çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi 21 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfədən çox artmışdır. Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, Astaraya qoyulan investisiyaların həcmi 7 ildə 56 dəfə artaraq 34 milyon manatı keçmişdir. Ümumilikdə 4228-i daimi olmaqla 4528 yeni iş yeri açılmışdır.

Tapşırığınızla rayonumuzun ərazisində tikilib istifadəyə verilmiş və nəinki Astara, həmçinin bütün cənub bölgəsi üçün mühüm əhəmiyyət kəsb edən modul tipli elektrik stansiyasının, Sizin şəxsən təməlqoyma və açılış mərasimlərində iştirak etdiyiniz Astara Qaz-Kompressor Stansiyasının işə salınması ilə Astara ölkənin iqtisadi infrastrukturuna daxil olmuşdur.

Mahir Quliyev rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə də son illər qazanılan uğurlar barədə dövlətimizin başçısına məlumat verərək bildirdi:

- Hazırda rayonda 600 hektara yaxın çay plantasiyası vardır ki, onun da 203 hektarından yaşıl çay yarpağı yığılır. Sizin tapşırığınıza əsasən çayçılığın inkişaf etdirilməsi məqsədi ilə keçən il 200 hektar sahədə yeni çay plantasiyası salınması üçün hazırlıq işləri başa çatdırılmış, burada 160 nəfər işlə təmin olunmuşdur.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonda sitrus və subtropik meyvə sahələri 2 min hektara çatdırılmışdır. 2500 ton meyvə saxlamaq gücü olan soyuducu kameranın, sitrus meyvələrinin saxlanması üçün 350 tonluq soyuducu anbarın və bu məhsulları emal edən 2 müəssisənin tikilməsi meyvəçiliyə marağı daha da artırmışdır. Yeni sitrus bağlarının salınması istiqamətində işlər davam etdirilir. Tərəvəz əkini sahələrinin genişləndirilməsi ilə yaxın vaxtlarda Astaranın faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə ənənəvi Rusiya bazarlarına da çıxarılmasına imkan yaranmışdır.

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz deyirdi ki, yol abadlıq, mədəniyyət nişanəsidir. Beynəlxalq avtomobil yoluna paralel, Xəzər dənizi sahili boyu əvvəllər çəkilmiş 19 kilometr uzunluğu olan Astara-Şahağacı-Lənkəran magistral avtomobil yolu tam yararsız vəziyyətə düşmüşdü. Nəticədə Astara şəhəri də daxil olmaqla rayonun 7 ən iri yaşayış məntəqəsinin 70 mindən çox əhalisi bu yoldan istifadə edə bilmirdi. Onların müraciətlərini nəzərə alaraq bu yolun yenidən qurulması ilə əlaqədar Siz 2010-cu il aprelin 21-də sərəncam imzaladınız.

Qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulmuş həmin yol indi təkcə Astaranın nəqliyyat infrastrukturuna deyil, bütün sosial-iqtisadi həyatına müsbət təsirini göstərməkdədir. Bu gün bu yoldan rahatlıqla istifadə edən astaralıların hədsiz minnətdarlığını icazə verin, cənab Prezident, Sizə çatdırım.

Bununla belə, qarşımızda ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmaq üçün ucqar dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yollarda yenidənqurma və təmir işləri aparmaq vəzifəsi durur.

Lənkəranda Beynəlxalq Hava Limanının açılması, Bakı-Astara-Şahağacı-Lənkəran magistral avtomobil yollarının yenidən qurulması coğrafi cəhətdən çox əlverişli ərazidə yerləşən, füsunkar təbiətə malik regionumuzda turizmin inkişafı üçün olduqca əlverişli zəmin yaratmış, ölkəmizin "cənub qapısı" adlandırılan Astaraya və bütövlükdə bölgəmizə marağı artırmışdır.

Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda artıq 4 ulduzlu "Şindan", "Abşeron" turizm istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, Xəzər dənizinin sahilində müasir tipli "Relax" otelinin inşası isə davam etdirilir.

Sevindirici haldır ki, Astaraya qonaq gələn xarici ölkə vətəndaşları bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını bildirməklə yanaşı, qısa müddətdə rayonumuzda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə də heyran olduqlarını gizlətmir, onu Avropanın kiçik turizm şəhərləri ilə müqayisə edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında regionlarda həyata keçirilən yeni inkişaf strategiyasının nəticəsi, Azərbaycanın dünya birliyinə iqtisadi və mədəni inteqrasiyasının göstəricisidir.

Rayonun mövcud infrastrukturu turizmin tələblərinə uyğun yenidən qurulur. Astara gömrük və sərhəd keçid məntəqəsi beynəlxalq normalara uyğun modernləşmiş, sərhədyanı rüsumsuz Ticarət Mərkəzi tikilmiş, ticarət, iaşə və xidmət sahələrinin yaradılması istiqamətində müvafiq işlər aparılır. Şəhərdə yeni parklar salınmış, fəvvarələr quraşdırılmış, küçələrə asfalt döşənmiş, müasir işıqlandırma şəbəkəsi yaradılmışdır.

Sizin tapşırığınızla Astara şəhərində Dövlət Bayrağı Meydanı inşa edilmiş və orada qonşu ölkədən belə görünən, 65 metr hündürlüyündə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.

Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev Mərkəzinin və müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisində işlər bu il başa çatdırılacaqdır.

Artıq 26 kəndə təbii qazın verilməsi bərpa edilmiş, Xəzər dənizi sahili boyunca 1,9 kilometr məsafədə, sərhəd kommunikasiyalarının və 3 kəndin Astara çayının sel sularından mühafizəsi məqsədi ilə 4 kilometr uzunluğunda sahilbərkitmə işləri aparılmışdır.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son illər rayonda 22 yeni orta məktəb binası tikilib istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir edilmişdir. Müasir tipli 4 həkim evi-tibb məntəqəsi, əlil və şəhid ailələri üçün 32 və 16 mənzilli yaşayış binaları inşa olunmuşdur.

Möhtərəm cənab Prezident!

Hələ keçən əsrin 70-ci illərində ümummilli liderimizin gərgin zəhməti sayəsində subtropik meyvələrin, çayın və tərəvəzin böyük istehsalçısı olan Astara şan-şöhrət qazanmışdı. Ulu öndərin rayonumuza göstərdiyi qayğını davam etdirərək Siz də diqqətinizi Astaradan əsirgəməmiş, onu ölkənin ən abad diyarlarından birinə çevirmiş, astaralıların firavan yaşayışını təmin etmisiniz.

 

***

 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif MƏMMƏDOV son illərdə rayonun tanınmaz dərəcədə dəyişdiyini və sosial-iqtisadi inkişafın vüsət götürdüyünü bildirərək dedi:

- Dövlət proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icrası Balakəni abad, gözəl, inkişaf etmiş şəhərə çevirdi. Hətta həmin proqramda nəzərdə tutulmayan işlər də oraya əlavə edildi və icrası təmin olundu.

Nəticədə paytaxtdan uzaqda, sərhəddə yerləşən Balakəndə yaşamaq və işləmək üçün gözəl şərait yarandı. Təsadüfi deyil ki, indi hər bir balakənli 2010-cu ilin iyulunda rayona səfəriniz zamanı dediyiniz "Balakən dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib" ifadəsini xüsusi qürur və fəxrlə xatırlayır.

Uğurlu islahatlar nəticəsində rayonun sosial infrastrukturu, sənaye potensialı güclənir, yeni inzibati binalar, məktəblər, mədəniyyət və səhiyyə obyektləri tikilir.

Fəaliyyətə başlayan konserv zavodu, yem zavodu əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərmişdir. Kərpic, beton məmulatı, qum-çınqıl, asfalt zavodlarının, fındıq emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində 2003-cü ilə nisbətən 2010-cu ildə sənaye məhsulu istehsalı 3,7 dəfə, ümumi məhsul istehsalı 3,1 dəfə, tikinti işlərinin həcmi 25 dəfə artmışdır.

Möhtərəm cənab Prezident!

Son 5 ildə rayonda kənd təsərrüfatı məhsulu istehsalından əhalinin pul gəlirləri 2,5 dəfə artmışdır. Ümumi daxili məhsulun strukturunda kənd təsərrüfatının xüsusi çəkisi 41,6 faiz təşkil etmişdir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayan kənd təsərrüfatı məhsullarının istehsalının artmasına dövlət dəstəyi ilə istehsalçılara toxum, yanacaq, gübrə və texnikanın verilməsi bu işlərə böyük təsir göstərmişdir.

Möhtərəm cənab Prezident!

2011-ci il Sizin tərəfinizdən "Turizm ili" elan olunmuşdur. Hələ 2006-cı və 2008-ci illərdə Balakənə səfəriniz zamanı burada turizmin inkişafı üçün çox gözəl imkanlar olduğunu vurğulamışdınız.

Sizin bu sahədəki tapşırığınızın icrasına artıq başlanmışdır. Rayonda dördulduzlu müasir standartlara cavab verən hotel, 1200 metr uzunluğunda kanat yolu istifadəyə verilmişdir. Dörd yeni park salınmış, Heydər Əliyev prospektində 2 meydan tikilmiş, şəhərin işıqlanma sistemi yenidən qurulmuş, şəhərdaxili küçələrə və rayon əhəmiyyətli yollara asfalt örtüyü salınmışdır.

Rayon ərazisindən keçən dağ çayları üzərində 4 yeni körpü tikilmişdir. 36 hektar sahəsi olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı təkcə balakənlilərin yox, eləcə də bölgənin və qonşu Gürcüstan sakinlərinin istirahət yerinə çevrilib. Şəhər küçələrində şüşə örtük altında bölgənin tarixini, etnoqrafiyasını əks etdirən maddi mədəniyyət nümunələri "Açıq səma altında muzey" kimi hər kəsin diqqətini özünə cəlb edir.

Bütün bu qeyd olunanlar, həmçinin Balakənin təbiəti, buradakı hər cür şərait turizmi prioritet sahə kimi inkişaf etdirməyə geniş imkanlar yaradır. Son illər ərzində 2 muzey, 2 bank binası, elektron kitabxana, mədəniyyət evi, kəndlərdə 15 rabitə binası, 4 elektron telefon stansiyası tikilib istifadəyə verilmişdir.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, rayon mərkəzində inşa edilmiş 235 çarpayılıq xəstəxana kompleksi ən müasir dünya standartlarına cavab verir.

Cəmi bir neçə il əvvəl şəhərin görünüşünə xələl gətirən köhnə avtovağzal binası tamamilə yenidən tikilmişdir.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 40-dan çox artezian quyusu qazılmış, 14,5 kilometr içməli su xətləri çəkilmişdir.

Hazırda dövlət proqramına uyğun olaraq Balakən şəhərinin içməli su və kanalizasiya xətlərinin yenidən tikilməsi layihəsi üzərində iş gedir.

Son bir ildə rayon mərkəzində və kəndlərdə 80 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmişdir. Rayonumuzun qazlaşdırılması sürətlə davam etdirilir.

2010-cu ildə istifadəyə verilən Olimpiya İdman Kompleksi idmançılarımızın yeni uğurlara imza atmasına geniş imkan yaratmışdır. Qürur hissi ilə məlumat verirəm ki, qısa müddət ərzində gənclərimizdən iki nəfər Olimpiya, bir nəfər isə Avropa çempionu adını qazanmışdır.

Sizin diqqət və qayğınız nəticəsində təkcə ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 44 mənzili olan 2 yaşayış binası, 10 fərdi ev tikilib istifadəyə verilmişdir.

Son illərdə məktəb tikintisi sahəsində xeyli iş görülmüşdür. 5780 şagird yeri olan 20 yeni məktəb binası tikilib istifadəyə verilmiş, ümumi şagird yerlərinin sayı 800 olan 3 məktəbin tikintisi isə davam edir. 720 şagird yerlik 4 məktəb binasının tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşmışdır. Bütün bunlara və respublikamızda səhiyyənin, təhsilin, mədəniyyətin inkişafında misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya balakənlilərin minnətdarlığını çatdırıram.

Möhtərəm cənab Prezident!

2010-cu il Sizin təşəbbüsünüzlə "Ekologiya ili" elan edilmişdir. Hər bir bölgədə, hər bir kənddə olduğu kimi, balakənlilər də bu təşəbbüsə həvəslə qoşularaq Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini vermişlər. Belə ki, ötən il rayon ərazisində 154 min ağac əkilmişdir. Bu işlər qarşıdakı illərdə də davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident!

Balakən rayonuna son səfəriniz zamanı dediyiniz "Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir" sözləriniz bizim üçün gələcəkdə də mühüm vəzifə olacaqdır.

 

***

 

Sumqayıt Texnologiyalar Parkı idarə heyətinin üzvü Zaur MƏMMƏDOV bu sənaye nəhənginin fəaliyyəti barədə ətraflı məlumat verərək dedi:

- 2009-cu ilin sonlarında birinci mərhələsi Sizin tərəfinizdən istismara verilmiş Sumqayıt Texnologiyalar Parkı çoxşaxəli və müasir sənaye kompleksidir.

Hörmətli cənab Prezident! Hazırda texnoparkda beş zavod fəaliyyət göstərir, altı zavodun inşası isə davam etdirilir. Sumqayıt Texnologiyalar Parkının istehsalat sahələrinə 1000-dən çox, tikinti-quraşdırma işlərinə isə 2300-ə yaxın işçi cəlb olunmuşdur.

Aşağıdakı istehsal sahələrini xüsusi olaraq qeyd etmək istərdim. Regionun ən müasir avadanlıqlarla təchiz edilmiş kabel zavodu ildə hər biri 30 min ton olmaqla müxtəlif alüminium və mis kabellər istehsal etmək gücünə malikdir. Burada ölkədə ilk dəfə olaraq gərginliyi 110 kilovolta qədər olan kabel istehsalı texnologiyası mənimsənilmişdir. Keyfiyyətli məhsula maraq göstərən müəssisələrin tələbatı bu zavod tərəfindən tam şəkildə təmin olunur.

Plastik borular zavodunda ildə 100 min tona qədər yüksək standartlara cavab verən müxtəlif çeşidli borular istehsal olunur və bu məhsul ölkədaxili layihələrdə geniş istifadə edilir.

Nadir texnologiyalar əsasında inşa edilən qaynar sinkləmə zavodu da ölkəmizdə bu təyinatlı ən iri müəssisədir. Zavodun məhsuldarlığı ildə 40 min ton təşkil edir və uzunluğu 15 metrə qədər polad məmulat, o cümlədən elektroenergetika sahəsində istifadə olunan metal konstruksiyalar qaynar qalvanikləşdirmə texnologiyaları əsasında sinklənir. Bunun nəticəsində onların istifadə müddəti 100 ilə qədər uzanır.

MDB ölkələrində analoqu olmayan, ən son texnologiyalar əsasında qurulan dəqiq emal mərkəzləri zavodunda energetika və maşınqayırma avadanlıqlarının ehtiyat hissələri istehsal olunacaqdır. Nəticədə göstərdiyimiz xidmətin səviyyəsi və keyfiyyəti xeyli dərəcədə artacaqdır.

Ağır maşınqayırma zavodunda isə artıq təməli qoyulmuş və tikilməkdə olan kiçik su elektrik stansiyaları üçün hissələr hazırda istehsal prosesindədir.

Yüksək gərginlikli elektrik avadanlığı zavodunda yüksək gərginlik yuvaları, ayırıcılar, yarımstansiyalar üçün avadanlıq istehsal edilir.

Kompleksin fəaliyyəti çərçivəsində ətraf mühitin mühafizəsinə və işçi heyətin təhlükəsizliyinə də böyük önəm verilir.

Bütün bunlarla yanaşı, alternativ enerjiyə də böyük yer ayrılmışdır. Belə ki, Sumqayıt Texnologiyalar Parkında günəş enerjisindən qidalanan yüksək səmərəliliyə malik su qızdırıcıları istehsal edilir.

Möhtərəm cənab Prezident!

Əldə etdiyimiz uğurlarla yanaşı, bəzi problemlərlə də üzləşirik. Belə ki, Sumqayıt Texnologiyalar Parkında "Liebherr", "Komatsu", "Hitachi", "Bomag", "Borg", "Mercedes" və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Amma bu avadanlığın istismarı üçün yüksək dərəcəli maşinist-operatorlar, qaynaqçılar, çilingərlər və elektrik quraşdırıcıları çatışmazlığı hiss olunur. Bu qıtlığı aradan qaldıra biləcək texniki təlim-təhsil bazasının yaradılması zəruri insan resurslarının yetişdirilməsində məqsədyönlü addım olardı.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirəm ki, tezliklə Azərbaycanda bu sahədə istehsal olunan məhsullar ölkə tələbatını ödəməklə yanaşı, yaxın gələcəkdə xarici bazarlara da ixrac ediləcəkdir.

 

***

 

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Tovuz rayonu üzrə nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə yerinə yetirildiyini vurğulayaraq bildirdi:

- Ata-babalarımız körpü salmağı, yol tikməyi, su çəkməyi ən savab iş hesab etmişlər. Yol inkişafdır, yol həyatdır, yol mədəniyyətdir. Sizin sərəncamınızla Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun çəkilməsi 43 kənddə yaşayan 21 mindən artıq insana yeni həyat, rahatlıq bəxş etdi.

Ermənistanla sərhəddə yerləşən Qaralar kəndinə çəkilmiş bu yol həm də strateji əhəmiyyətə malikdir. İndi bədxah qonşularımız bu yolun çəkildiyini nəinki bilir, həm də görürlər. Onlar həm də yaxşı bilirlər ki, cənab Prezident, işğal altında olan torpaqlarımız Sizin qətiyyətli siyasətiniz nəticəsində tezliklə azad olunacaq və belə yolları orada da çəkəcəyik.

Dövlət proqramının ilk iki ilində rayonun kəndarası yollarında əsaslı və cari təmir işləri aparılmış, tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi davam etdirilmiş, 10 kəndə təbii qazın verilməsi bərpa olunmuş, uzunluğu 30 kilometrdən çox olan, ümumilikdə 52 min nəfərin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Zəyəmçay-Tovuz su kəmərinin tikintisi başa çatdırılmışdır.

Ümumi məhsul buraxılışının həcmi 2003-cü ilə nisbətən 3 dəfə, o cümlədən kənd təsərrüfatı istehsalı 2,3 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 10 dəfə artmışdır.

Təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan mədəniyyətinin hamisi, xüsusilə muğam və aşıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsində böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə respublikamızda yeganə olan Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin yenidən qurulmasına başlanılacaqdır. Təməlini qoyduğunuz və açılışında iştirak etdiyiniz Olimpiya İdman Kompleksi kəndlərimizdə yaradılmış 32 idman meydançası gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və rayonda idmanın kütləviliyinə xüsusi töhfədir.

Respublikamızda olduğu kimi, Tovuzda da sahibkarlar və investorlar üçün əlverişli iş mühiti yaradılmışdır. Ötən 7 il ərzində rayonda 5908 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 16 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan da 8 mini daimidir. Təkcə ötən il banklar və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 14 milyon manatdan artıq kredit verilmişdir. Nəticədə istehsal olunmuş məhsulun həcmində qeyri-dövlət sektorunun payı ilbəil artmış və 2010-cu ildə 95,3 faiz təşkil etmişdir.

Kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanlar yaranmışdır. Maldarlıq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına xüsusi diqqət verilir. Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yonca sahələri ildən-ilə artırılır. Qarışıq yem istehsal edən zavodun tikintisi başa çatmışdır. Sutkada 20 ton emal gücü olan süd emalı zavodu xammalla davamlı şəkildə təmin olunur.

Üzüm sahələri 60 hektardan 700 hektara çatdırılmışdır. Həm üzüm istehsalı, həm də üzüm emalı sənayesinin davamlı inkişafının təmin edilməsi, o cümlədən şərab zavodlarının tikilməsi istiqamətində investorlarla məqsədyönlü işlərimizi davam etdiririk.

Qədim tarixi abidələri, əsrarəngiz təbiəti, qonaqpərvər insanları olan Tovuzda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar vardır. Mövcud təbii resurslarla yanaşı, yeni turizm məkanları da tikilmiş və tikilməkdədir. Beşulduzlu otelin tikintisində son tamamlama işləri aparılır.

Möhtərəm cənab Prezident!

"Ekologiya ili"ndə ətraf mühitin qorunması sahəsində başlanılmış məqsədyönlü tədbirlər davam etdirilir. Rayonun 22 aran kəndində təsərrüfat hesablı "Təmizlik" idarələrinin yaradılması ilə ərazidəki məişət tullantılarının toplanması məsələsi həll edilmiş, 200 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunmuşdur.

Respublikamızın hər yerində olduğu kimi, Tovuzda da yüksək işgüzarlıq əhval-ruhiyyəsi vardır. Bütün qüvvə və imkanlarımızı Sizin tövsiyə və tapşırıqlarınıza uyğun olaraq əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, onları narahat edən problem və çətinliklərin aradan qaldırılmasına, vətəndaşların müraciətlərinin operativ və ədalətli həllinə yönəltmişik. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılmış, genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. 80 çarpayılıq rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisində tamamlanma işləri gedir. Son günlər verdiyiniz əlavə tapşırıqlara əsasən rayonda inşasına başlanılmış diaqnostika mərkəzinin tikintisinin sürətləndirilməsi də əhalimizə göstərilən qayğının böyük təzahürüdür.

Qarşımızda duran əsas məsələlərdən biri də Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və kəndlərin təbii qazla təmin olunmasıdır.

Möhtərəm cənab Prezident!

Görüləsi işlərimiz çoxdur. Sizi əmin edirik ki, tovuzlular dövlət proqramının növbəti illəri üçün nəzərdə tutulmuş işləri, rayonumuzun inkişafı üçün qarşıda duran vəzifə və tapşırıqları da böyük ruh yüksəkliyi ilə yerinə yetirəcəklər.

 

***

 

"Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin RÜSTƏMOV ölkəmizdə həyata keçirilən iqtisadi islahatların sahibkarlığın inkişafına təkan verdiyini və dövlətin sahibkarlığın inkişafına dəstəyini əsirgəmədiyini vurğulayaraq dedi:

-1999-cu ildən Gəncə şəhərində fəaliyyətə başlamış "Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri və 2002-ci ildə Gülüstan Sarayında ulu öndərimiz Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşdə iştirak etmiş bir iş adamı kimi demək istəyirəm ki, ölkəmizdə mövcud olan əlverişli biznes mühitini yaradan məhz ümummilli lider Heydər Əliyev olmuşdur.

Cənab Prezident! Bu siyasəti neçə illərdir Siz uğurla davam etdirirsiniz. Bu uğurlara görə Sizə sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətinin sahibkarlara köməyi sayəsində qazandığımız nailiyyətlər və keçdiyimiz uğurlu yollar, gələcək planlar haqqında məlumat vermək istəyirəm.

Hörmətli Prezident!

Biz sahibkarlar dövlət tərəfindən olan diqqət və qayğını həmişə hiss edirik. Sizinlə keçirilən hər bir görüş bizim gələcək fəaliyyətimizə istiqamət və təkan verir.

Gəncənin, eləcə də respublikamızın ən nüfuzlu müəssisələrindən birinə çevrilmiş "Elba" MMC 12 illik fəaliyyətində müxtəlif növ ət və ət məhsulları, delikates məmulatlarının istehsalı ilə məşğul olur. Müəssisəmiz bölgədə əhalinin məşğulluğunun artırılmasına öz töhfəsini vermiş və 70 nəfəri daimi, 100 nəfərdən çox sakini isə mövsümi işlə təmin etmişdir. Yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar yaxın gələcəkdə işçilərin sayı daha da artacaqdır. "Elba" MMC 2007-ci ildə İSO (Keyfiyyət Menecment Sistemi) və 2009-cu ildə HACCP (Qida təhlükəsizliyinin İdarəetmə Sistemi) beynəlxalq sertifikatlarını almışdır.

Hörmətli Prezident! Sizin sahibkarlarla keçirdiyiniz görüşlərdə iş adamlarının dayağı, dostu olmaqla, onları dəstəkləməyiniz qeyri-neft sektorunun inkişafını sürətləndirdi. Yaradılan münbit şərait nəticəsində "Elba" MMC xaricdən alınan ət məhsullarını yerli xammalla əvəz etmək məqsədi ilə fermer təsərrüfatını işə saldı və güzəştli şərtlə ətlik istiqamətli cins mal-qara əldə etdi.

2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə, Azərbaycanda ilk dəfə olaraq, Daşkəsən rayonunda iri və xırda buynuzlu mal-qaranın kəsim fabriki inşa edilərək istifadəyə verildi. Müəssisə Avropanın qabaqcıl texnologiyaları ilə təchiz olunmuşdur. Bundan əlavə, rayonda istehsal olunmuş ət məhsullarının uzunmüddətli saxlanılması üçün 1000 tonluq soyuducu kameralar quraşdırılmışdır.

Əlverişli iqlim şəraiti olan Gədəbəy rayonunda istehsal edilmiş kartofun saxlanılması, emalı və qablaşdırılması məqsədi ilə 2011-ci ilin yanvar ayından başlayaraq, Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Avropa standartlarına uyğun fabrik inşa edilir. Bu ilin sonunadək fabrikin inşası başa çatdırılacaqdır.

Hörmətli cənab Prezident! Sizin fevral ayında Samuxa səfəriniz zamanı regionlarda quşçuluğun inkişafına ehtiyac olduğunu bildirməyiniz, rayonda yerləşən quşçuluq təsərrüfatımızın genişləndirilməsinə stimul yaratdı. Hazırda damazlıq quşların gətirilməsi, illik istehsal gücü 72 milyon yumurta və 2,4 min ton quş əti olan fabrikin inşa edilməsi üçün yeni layihənin hazırlanması işləri aparılır və bu rübün sonunadək dövlət dəstəyi alması üçün Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcəkdir.

"Elba" MMC-nin rəhbəri Elçin Rüstəmov Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən hərtərəfli qayğının sahibkarları da ruhlandırdığını və onların da bu sahənin inkişafına köməklərini əsirgəmədiklərini bildirərək dedi:

-Yaratdığımız "Xəmsə" peşəkar futbol klubunun üzvləri yarandığı gündən etibarən respublikada keçirilən müxtəlif yarış və çempionatlarda fəal iştirak etmiş və uğurlar qazanmışlar.

Biz hüquqi və iqtisadi bilikləri, günümüzün tələblərinə uyğun biznes mədəniyyətini mənimsəmədən, bazar iqtisadiyyatına uyğun iş qurmağı öyrənmədən qarşıda duran vəzifələrin öhdəsindən gələ bilməzdik. Dövlətin dəstəyi ilə biz sahibkarlar və mütəxəssislərimiz Avropanın inkişaf etmiş təhsil mərkəzlərində mütəmadi olaraq ixtisaslarımızı artırır, yeni texnologiyaların sirlərini öyrənir və Azərbaycanda tətbiq edirik.

Cənab Prezident! Çıxışımın sonunda müəssisəmizin qazandığı uğurlara və sahibkarlara yaradılan şəraitə görə, bir iş adamı kimi, Sizə öz minnətdarlığımı bildirirəm.

 

***

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin CABBAROV ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının Saatlı rayonunun da sürətli inkişafına hərtərəfli imkan yaratdığını söyləyərək bildirdi:

- Son iki ildə ümumi daxili məhsulun həcmi 18,8 faiz artaraq 143 milyon manata çatmış, sənaye istehsalı 2 dəfədən çox artmışdır. 2009-cu ildə rekord miqdarda - 100 min tondan yuxarı taxıl istehsal edilmiş, respublikada becərilən xam pambığın 24 faizi rayonun əməkçiləri tərəfindən toplanmışdır.

2008-ci ildə istifadəyə verilmiş Biyan məhsulları zavodu 2010-cu ildə fəaliyyətini daha da genişləndirmişdir. Regionda yeganə olan bu müəssisəyə dövlət tərəfindən 3 milyon manat kreditin ödənilməsi onun inkişafına güclü təkan vermişdir. Hazırda zavodda işləyənlərin sayı 500 nəfəri ötmüş, məhsulları isə Yaponiyaya, Çinə və İrana ixrac edilməyə başlanmışdır.

Sahibkarlara yaradılan şərait, onlara güzəştli kreditlərin verilməsi nəticəsində rayonda çoxlu sayda müxtəlif təyinatlı özəl müəssisələr açılmışdır. 2010-cu ildə ayrılmış 2 milyon manat kredit hesabına tutumu 2 min ton olan soyuducu anbar kompleksinin tikintisi başa çatmaq üzrədir. Yeni yaradılmış və bərpa olunmuş müəssisələrdə 2009-2010-cu illərdə 1400-ə yaxın yeni iş yeri açılmışdır ki, onlardan da 740-ı daimidir.

Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iri fermer təsərrüfatlarının yaradılması və toxumçuluğun inkişaf etdirilməsi barədə tapşırığınıza əsasən rayonda konkret işlərin görülməsinə başlanmışdır.

Biz bu il qarşımıza məqsəd qoymuşuq ki, rayonda mövcud olan 20 toxumçuluq təsərrüfatının fəaliyyətini genişləndirək. Bunun üçün qısa müddətdə təsərrüfatlara baxış keçirilmiş, yüksək məhsuldar yerli sortların əkilməsi üçün sahələr müəyyənləşdirilmişdir.

İri fermer təsərrüfatlarının yaradılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri ilə birlikdə boş qalmış 9 min hektara yaxın torpağın əkin dövriyyəsinə cəlb olunması səmərəli hesab edilmişdir. İndi bu ərazilərdə taxıl istehsalı ilə məşğul olacaq iri təsərrüfatların yaradılması üçün tədbirlər görülür.

Siraqəddin Cabbarov rayonun infrastrukturunda baş verən yeniliklər barədə məlumat verərək bildirdi ki, dövlətimizin başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına mərkəzi xəstəxananın əsaslı təmirinə, Saatlı-Musalı-Məzrəli yolu və region üçün böyük əhəmiyyət daşıyan Hacıqabul-Horadiz magistral yolunun yenidən qurulmasına başlanması əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanıb.

- Möhtərəm cənab Prezident!

Ötən il respublikamızın bir sıra rayonları Kür-Araz çaylarının yaratdığı daşqınlar, subasmalar və onların fəsadları ilə üz-üzə qaldı. Sözün həqiqi mənasında təbiət hamımızı ağır sınağa çəkdi. Lakin həmin çətin anlarda Siz xalqımıza dayaq durdunuz, insanların qayğıları ilə yaşadınız, dərhal fəlakət bölgəsinə gələrək onların yanında oldunuz. Sizin çağırışınızla ayağa qalxan Azərbaycan xalqı, dövlətimizin icra strukturları bütün vasitələrdən istifadə edərək adamları xilas etdilər, bir nəfər də olsun insan itkisinə yol verilmədi.

Ən inkişaf etmiş ölkələrdə belə təbii fəlakətlər baş verərkən yalnız sığortası olan əhaliyə yardım edilir. Bizdə isə dövlətimiz əhaliyə dəymiş bütün ziyanı öz üzərinə götürdü. Sizin tapşırığınızla lazım olan vəsait ayrıldı. Təbii fəlakətə məruz qalmış rayonlarda qısa müddətdə, 4-5 ay ərzində bütün sosial şəraiti olan 4 qəsəbə salındı, 1500-dən artıq ev tikildi, 3 min ev təmir edildi. Hazırda 800-ə yaxın evin də tikintisi davam etdirilir. Dəymiş ziyanla bağlı sakinlərə kompensasiyalar ödənildi, ərzaq yardımları verildi, insanlar bütün tibbi və sosial xidmətlərlə tam əhatə olundular. Növbəti illərdə bir daha belə fəlakətlə üzləşməmək üçün Kür-Araz çayları boyunca bəndbərkitmə işləri görüldü.

Həmin dövrlərdə rayonumuzun tarixi üçün əlamətdar hadisə oldu. Keçən il noyabrın 1-də Yeni Novruzlu kəndində salınmış qəsəbədə Siz sakinlərlə görüşdünüz. Siz saatlılıların təbiətin bu sınağından şərəflə çıxdığını, bütün çətinliklərə dözərək öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirdiniz, rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə də yüksək qiymət verdiniz.

Möhtərəm cənab Prezident!

Hazırda rayonda əhalinin elektrik enerjisi, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması istiqamətində geniş işlər görülməkdədir. Xüsusən də dövlət proqramında nəzərdə tutulan və rayonun bütünlüklə qazlaşdırılması layihəsinin tezliklə reallaşması nəticəsində Saatlı şəhərinin qaz təchizatı tamamilə yenidən qurulacaq, rayonun 43 kəndinə qazın verilməsi təmin ediləcəkdir ki, bu da əhali tərəfindən böyük sevinc və razılıq hissi ilə qarşılanır.

Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təkcə 2009-2010-cu illərdə rayonda 5 orta məktəb binası, Qarabağ əlilləri və şəhid ailələri üçün 16 və 32 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmiş, çoxlu sayda sosial obyektlər və yaşayış binaları müasir memarlıq üslubunda əsaslı təmir edilmişdir. Son 2 ildə yeni istirahət parkları və yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemləri və fəvvarələr quraşdırılmış, küçə və meydanlar yenidən qurulmuşdur.

Möhtərəm cənab Prezident!

Sizin Saatlı rayonunda olarkən dediyiniz "Respublikanın hər yerində olduğu kimi, Saatlıda da işlər yüksək səviyyədə aparılır" sözləri rayonun hər bir sakininin qurub-yaratmaq əzmini daha da artırmışdır. Sizi əmin etmək istəyirəm ki, növbəti illərdə də rayonumuzda bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.

Diqqətinizə görə çox sağ olun.

 

***

 

Prezident İlham Əliyev konfransda yekun nitqi söylədi.

 

 

Azərbaycan.- 2011.-2 mart.- S. 2, 3.