Ermənilər beynəlxalq hüququn normalarına əməl etmirlər

 

BMT-nin qətnamələri icra olunmamış qalır

 

Terrorçuluq bütün zamanlarda Ermənistanın dövlət siyasətinin taktiki silahlarından biri olub. Bu məsələ dəfələrlə beynəlxalq kürsülərdən səslənib, faktlarla sübut olunub. Ermənistanda terror təşkilatlarının yaranmasının və fəaliyyətinin yaşı XIX əsrin 80-ci illərindən başlayır. İki əsrə yaxın dövr ərzində onların törətdikləri saysız-hesabsız cinayətlər dünya ictimaiyyətinə yaxşı bəllidir. Lakin təəssüf ki, beynəlxalq aləm ermənilərin insanlığa qarşı törətdikləri terrorun, dəhşətli fəlakətlərin qarşısını almaq uğrunda mübarizədə birləşmir. Əksinə, ikili standart siyasəti yürüdülür ki, bunun da acı nəticələri göz qabağındadır. Götürək elə Xocalı faciəsini.

Baş vermiş soyqırımı hadisəsi ilə bağlı rəsmi Bakı dünyanın bir çox ölkələrinə, o cümlədən Fransa, Almaniya, Böyük Britaniya, Belçika kimi ölkələrə, ABŞ Konqresinə, BMT, AŞ PA-ya, Beynəlxalq Cinayət Məhkəməsinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) və digər nüfuzlu qurumlara müraciət edib. Lakin indiyədək reallıq bundan ibarətdir ki, bu ölkələr və qurumlar göndərilən sənədləri alıb, qeydiyyatdan keçirirlər, amma nəticəsi olmur. Söhbət beynəlxalq hüquq normalarından gedirsə, 20 ildən çoxdur ki, bütün beynəlxalq hüquq normaları tapdanır. Əslində bu hüquq və normalar bütün xalq və millətlərə bərabər şamil olunmalıdır.

Sözdə bütün ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana torpaq iddiasını qəbul etmir və işğal olunmuş torpaqların azad edilməsini dəstəkləyirlər. Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 1993-cü ildə 4 qətnamə qəbul edib.

Təşkilat 1993-cü il 29 yanvar və 6 aprel tarixli bəyanatlarına əsaslanaraq Baş Katibin 14 aprel 1993-cü il tarixli məruzəsini nəzərdən keçirmiş, iki ölkə arasında münasibətlərin pisləşməsini, Azərbaycan ərazilərinin işğal edilməsini ciddi narahatlıqla ifadə etmişdi. Həmin sənəddə silahlı hərbi əməliyyatların genişlənməsi və xüsusilə erməni birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna sonuncu hücumu ciddi narahatlıqla qeyd olunmuşdu. Bəyan edilmişdir ki, ərazi əldə etmək məqsədilə gücdən istifadə yolverilməzdir, silahlı hərbi əməliyyatların genişlənməsi proses üçün dağıdıcı nəticə verə bilər.

Baş Katibin məruzəsindən qısa bir vaxt sonra - 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Qətnamədə deyilir: "Beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən narahat olur. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlardan dərhal çıxarılmasını tələb edir. Münaqişənin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır".

Bu sənədin tələbləri yerinə yetirilmədi. Əksinə, qətnamənin qəbul edilməsindən çox keçmədi ki, Ağdam rayonu Ermənistan ordusu tərəfindən işğal edildi. Həmin qərara hörmətsizlik Azərbaycanın daha bir yaşayış məntəqəsinin zəbt olunması ilə ifadə edildi. BMT isə öz nüfuzunu bərpa etmək üçün addım atmadı.

Ağdamın işğalından dərhal sonra da bu qurumun toplantısı keçirildi və qətnamə qəbul edildi. Bu, 29 iyul 1993-cü ildə qəbul edilmiş 853 saylı ikinci qətnamə idi. Burada Ağdamın işğaldan azad olunması tələb olunurdu. Qurum mülki şəxslərə hücumları və rayonların bombardman edilməsini qəti şəkildə pisləyir, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Bu qətnamədə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təsdiqlənirdi.

Qurum sülhə ümidini itirmir, dövlətləri sülhə çağırırdı. ATƏM-in (ATƏT) Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımına ehtiyac duyur, qarşı tərəfi atəşkəsə çağırırdı.

Üçüncü - 874 saylı qətnamə 14 oktyabr 1993-cü ildə qəbul edilir. Qətnamələrin qəbul edilməsinə baxmayaraq, Ermənistan öz silahlı birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmadı. Bu qətnamədə insanların çəkdiyi əzablar, qaçqınlıq və köçkünlük problemləri, humanitar yardımla bağlı vəziyyət önə çəkilmişdi. Təhlükəsizlik Şurası Ermənistanı işğal etdiyi ərazilərdən qoşunlarını dərhal çıxarmağı, bu ərazilərdə həyati əhəmiyyətli obyektləri bərpa edib qaçqın düşmüş insanları öz yaşayış yerlərində yerləşdirməyi tələb edirdi.

Dördüncü və sonuncu - 884 saylı qətnamə isə 12 noyabr 1993-cü ildə qəbul edilir. Burada da BMT Təhlükəsizlik Şurasının regiondakı vəziyyətlə bağlı ciddi narahatlığı ifadə olunur. Bu isə o zaman idi ki, artıq Azərbaycanın Zəngilan və Füzuli rayonları da işğal olunmuşdu. 884 saylı qətnamədə Zəngilanın və Horadizin işğalından ciddi narahatlıq ifadə olunurdu. Vurğulanırdı ki, Azərbaycanın əraziləri bombardman edilir, vəziyyət daha da gərginləşir. Maraqlı tərəflərdən ATƏM-in (ATƏT) Minsk qrupunun

2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yeniləşdirilmiş cədvəlinə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadizdən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını tələb edir.

Lakin nə bu qətnamələr, nə də başqa beynəlxalq təsirlər Dağlıq Qarabağ münaqişəsinin həllini və Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edə bildi. Qəbul edilən qətnamə və qərarlar iştirakçı dövlətlər tərəfindən dəstəklənsə də, edilən cəhdlərdə qətiyyət olmadığından münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olunmadı. Hələ də işğalçı erməni qüvvələri Azərbaycan ərazisinin bir hissəsinə nəzarət edir, bu əraziləri yandırır, dağıdır, narkotik maddələr əkib-becərir, eyni zamanda, bu yerlərdən narkotrafik kimi istifadə edirlər. Nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri qərarlar isə təsirsiz qalıb... Elə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-3 mart.- S.4.