Şimal bölgəsinin əhalisi Siyəzən Regional Müalicə Tibbi-Diaqnostika Mərkəzinin xidmətindən razıdır

 

Son illər əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ölkədə onlarca xəstəxana, poliklinika və diaqnostika mərkəzləri istifadəyə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir. Bu gün demək olar ki, hətta ağır cərrahiyyə əməliyyatları belə bölgələrdəki xəstəxanalarda aparılır.

Siyəzən Regional Müalicə Tibbi-Diaqnostika Mərkəzi 2005-ci ildə istifadəyə verilib. Şimal bölgəsində belə bir mərkəzin fəaliyyətə başlaması mühüm hadisədir. Çünki o vaxta kimi nəinki Siyəzəndə, hətta bütünlükdə bölgədə, müasir tələblərə cavab verən normal bir tibb müəssisəsi yox idi və əhali ən adi müayinə və müalicə üçün paytaxta üz tuturdu.

- Rayon əhalisi üçün çox çətin idi, - deyə mərkəzin baş həkiminin müavini Mirələm Cəlalov bildirir. - Təsəvvür edin ki, yüngül xəstəliklərin müalicəsi üçün belə rayonda heç bir şərait yox idi. Ölkə başçısının birbaşa tapşırığı, diqqət və qayğısı nəticəsində tikilib istifadəyə verilən mərkəzdə indi təkcə siyəzənlilər deyil, Quba, Şabran, Xızı əhalisi müayinə və müalicə olunurlar.

Tibbi-Diaqnostika Mərkəzinin həyəti də içərisi kimi səliqə-sahmanlıdır. Sakitliyin hökm sürdüyü həyətdə xəstələrin gəzintisi üçün ideal şərait yaradılıb.

- 5 il əvvəl əkilən ağaclardı, - Mirələm həkim sözünə davam edir.

- İnşallah, 4-5 ilə buralar meşə kimi olacaq. İnanın, isti havalarda xəstələrlə elə burada görüşürük. Onu da deyim ki, təmiz havanın özü bir növ təbii dərmandır.

Gündüz Hüseynov böyrəyindən müalicə alır. Əvvəllər Qubaya və Sumqayıta gedərmiş. 6 ilə yaxındır ki, hər ay bura gəlir. Bildirir ki, belə tibb müəssisələri xəstələr üçün rahatlıqdır. Çünki müalicə üçün daha xərc çəkib Bakıya getməyə ehtiyac yoxdur.

Mərkəzdə cərrahiyyə, terapiya, işıq diaqnostikası, doğum şöbələri, poliklinika fəaliyyət göstərir. 170 nəfər tibb işçisinin çalışdığı bu tibb müəssisəsində bütün şöbələr müasir avadanlıqlarla təchiz edilmişdir. Həkimlərdən Əhməd Quliyev, Rahim Əliyev, Şəhla Rüstəmova, Səxavət Həsənov və digərlərinin işindən xəstələr razılıq edirlər. Onu da qeyd edək ki, burada çalışanların əksəriyyəti cavanlardır. M.Cəlalov:

- Mərkəzdə hemodializ xəstələr də müalicə olunur. Bu cür xəstələrin vəziyyətini başa düşürük. Həftədə 2 dəfə gəlib aparatda müalicə almaq asan deyil. Odur ki, həkimlərimiz xəstələrə qarşı çox həssasdırlar. Onu da qeyd edim ki, dərmanlarla bağlı da problemimiz yoxdur. Lazım olan bütün dərmanlarla təmin edilirik.

Siyəzən Regional Müalicə Tibbi-Diaqnostika Mərkəzində müasir tələblərə cavab verən laboratoriya da fəaliyyət göstərir. Burada həmçinin ultra şüalarla müayinə aparılır. Əgər əvvəllər rayon əhalisi belə müayinələr üçün Bakıya yollanırdısa, artıq buna ehtiyac yoxdur. Bunlardan savayı, mərkəzdə "113" xidməti fəaliyyət göstərir. Yollarda baş verən qəzalar zamanı istifadə edilən bu xidmət şimal bölgəsində Sumqayıtdan sonra ikincidir.

Burada çalışan tibb işçilərinin çoxu Sumqayıt və Bakı şəhərlərindən gələnlərdir. Bəs görəsən, hər gün Siyəzənə gəlib-getmək çətin deyil ki?

Mirələm həkim bununla bağlı sualımıza belə cavab verdi:

- Səhiyyə Nazirliyi tərəfindən mərkəz üçün xüsusi mikroavtobus ayrılıb. Müəyyənləşdirdiyimiz vaxtda həmin nəqliyyat vasitəsilə gəlir, axşam da eyni qayda ilə geri qayıdırıq. Həm də həkim peşəsinin məsuliyyəti yol yorğunluğunu kölgədə qoyur. Üstəlik, iş yerində hər cür şəraitin olması adama zövq verir, yorğunluq yaddan çıxır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-3 mart.- S. 5.