Azərbaycanın bölgələri davamlı inkişaf edir

 

Ölkə başçısı İlham Əliyevin respublikamızın qərb bölgəsinə səfəri bunu bir daha təsdiqləyir

 

Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin səciyyəvi cəhətlərindən biri milli iqtisadiyyatın yüksəlişi üçün qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Hökumətin bölgələrin inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə respublikanın regionlarının disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qlobal böhranın tam aradan qalxmadığı şəraitdə belə, dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.

Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Ümumiyyətlə, dünya maliyyə-iqtisadi böhranı Azərbaycanın öz iqtisadiyyatının yalnız neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir və bu baxımdan 2010-cu ilin yekunlarını müsbət qiymətləndirmək olar. Ötən ilin pozitiv nəticələri respublika iqtisadiyyatının neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən qərəzli iddiaların əsassızlığını tam sübuta yetirmişdir. Son dərəcə ağır sınaqdan üzüağ çıxan respublika iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun əhəmiyyətli paya malik olduğu bir daha təsdiqlənmişdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu da bizim siyasətimizin əsas istiqamətidir. Ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür. Bu da onu göstərir ki, bir neçə il bundan əvvəl bəyan etdiyimiz proqram və konseptual yanaşmamız həyatda öz əksini tapır. Yəni bizim planlarımız həyata keçirilir, nəzərdə tutduğumuz bütün proqramlar reallaşır və dediyim rəqəmlər bunun bariz nümunəsidir. Mən əminəm ki, bu il də ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulacaqdır".

Ötən 8 ildə ölkə başçısının imzaladığı sosial-iqtisadi inkişaf proqramları, yeni şəraitə adekvat islahatlar kursunun aparılması bugünkü uğurlarımızı şərtləndirmişdir. Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. İcrası uğurla davam etdirilən II Dövlət Proqramı regionların davamlı və tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə infrastrukturun yeniləşdirilməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva edir. Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda yaradılır. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən il ərzində 5300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla 74 min iş yeri açılmışdır. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələləri üçün yaşayış binaları istifadəyə verilmişdir.

İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son illərdə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün cənab İlham Əliyev vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkinlə onların problemlərini dinləyən və həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. 2003-2010-cu illərdə Azərbaycanın demək olar ki, bütün rayonlarına səfərlər edən cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu əməli olaraq təsdiqləmişdir. Bu il də ölkə başçısının bölgələrə səfərləri əlamətdar hadisələrlə yadda qalmışdır.

Prezident İlham Əliyev Gəncə şəhərinə və Samux rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirak etmişdir. Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışı bu baxımdan əlamətdar olmuşdur. Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə Regional İnformasiya Mərkəzinin yaradılmasıında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir. Ölkə başçısı Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan" bağı mədəniyyət və istirahət parkı ilə tanış olmuş, "İmamzadə" dini kompleksində, eləcə də Yevlax-Gəncə avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır. Samux rayonunda meyvə qurudulması və emalı müəssisəsinin, həmçinin yeni istifadəyə verilmiş 500 kilovoltluq "Samux" yardımçı stansiyasının açılışında da iştirak etmişdir. Böyüklüyünə görə respublikamızda ikinci olan "Samux" yardımçı stansiyası Gəncədəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcəkdir.

Prezident İlham Əliyev Samuxda səfərdə olarkən bildirmişdir: "Hər bir rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır, sosial məsələlər öz həllini tapır, rayon abadlaşır, gözəlləşir. Mən hesab edirəm ki, gələcək illərdə bu müsbət dinamika davam etdiriləcəkdir. Çünki bizim həyata keçirdiymiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosal məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir".

Prezident İlham Əliyev qərb bölgəsinə səfəri zamanı Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında da iştirak etmişdir. Burada 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi məcburi köçkün ailələr tərəfindən yüksək razılıqla qarşılanmışdır. Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşündə demişdir: "Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bugünə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın. Amma mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik".

Ölkə başçısı səfəri çərçivəsində Naftalanda "Chinar Hotel & SPA Naftalan" kompleksinin və "Qaşaltı" sanatoriyasının açılışlarında da iştirak etmişdir. Xatırladaq ki, "Qaşaltı" sanatoriya kompleksi "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində inşa olunmuşdur. Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşası, kurort zonalarının inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Bütövlükdə, ölkədə ümumi daxili məhsulun artımı, iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi-təsərrüfat sisteminə uğurlu transformasiya böyük nəticələrə gətirib çıxarmışdır. Paytaxtla yanaşı, respublikanın bölgələrinin də dinamik inkişafı ölkə rəhbərliyinin apardığı iqtisadi siyasətə alternativin olmadığını bir daha təsdiqləyir.

 

 

Azərbaycan.- 2011.-5 mart.- S. 1.