Davamlı inkişaf strategiyası Goranboy-Naftalan bölgəsinin sürətli tərəqqisinə təkan verib

 

Hər bir ölkədə hakimiyyətin xalqa xidmət səviyyəsi, ilk növbədə, onun ictimai öhdəliklərə sadiqliyi əsasında müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim insanların etimadını doğrultmağa çalışır. Vətəndaş mənafeyinə əsaslanan bu qayğıkeş siyasət həm də ictimaiyyətin hakimiyyətə olan etimadını artırır. Eyni zamanda, məmur təbəqəsini ümumi məqsədlər naminə vahid komanda kimi işləməyə, qarşıya qoyulmuş vəzifələri çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirməyə sövq edir. Bu yanaşma ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi kimi dəyərləndirən möhtərəm Prezident İlham Əliyevin idarəçilik metodunda da özünü qabarıq göstərir. 7 ildən çox müddətdə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldan dövlət başçısı hər bir addımda məhz vətəndaşların sosial rifahını, insan amilini əsas tutur.

Ən böyük hakim olan zaman insanlara həm də müəyyən vaxt kəsiyində keçilən yolun gerçəkliklərini obyektiv dəyərləndirmək, səhvlərdən öyrənib ibrət götürmək, uğurlu nəticələrdən isə bəhrələnmək imkanı verir. İyirminci ilinə adlayan çağdaş müstəqillik tariximizə bu həqiqət işığında nəzər salarkən, düşünürük ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllər ötdükcə, hansı böyük çətinliklərdən, ağır sınaqlardan, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Həyata keçirilən uğurlu iqtisadi siyasət Azərbaycanın hərtərəfli uğurlarını təmin edir, onun dünyadakı nüfuz və mövqelərini gücləndirir. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini geridə qoyan Azərbaycan son illər sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Sosial-iqtisadi problemlərin həlli vətəndaşların gələcəyə ümidlərini artırır. Cəmiyyətdə mənəvi ab-hava yüksəlir, insanların çöhrəsində nikbinlik, gələcəyə böyük inam hissi duyulur.

Bu gün həm də onunla təsəlli tapırıq ki, ümummilli liderin Azərbaycanın hər bir guşəsinin - şəhərinin, rayonunun, qəsəbəsinin, kəndinin, ən əsası, paytaxtının yüksəlişi üçün gördüyü möhtəşəm işlər hazırda onun layiqli siyasi davamçısı cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Hələ 11 fevral 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramını imzalayan dövlət başçısı bu mühüm sənəddə nəzərdə tutulmuş tədbirlərin 2008-ci ilədək uğurla gerçəkləşdirilməsini təmin etdi. Bunun davamı kimi 2004-cü il aprelin 14-də imzalanmış ikinci regional Dövlət Proqramı da qısa müddətdə iri şəhərlərlə rayonlar, kəndlər arasındakı inkişafda kəskin fərqlərin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına təkan verir. Möhtəşəm quruculuq-abadlıq işləri hətta sovetlər birliyi dövründə də diqqətdən kənarda qalmış bir sıra ucqar rayonların, qəsəbələrin, kəndlərin simasını dəyişir. Rayonlarla paytaxt arasındakı kəskin fərqin aradan qalxmasına, yoxsulluq, işsizlik kimi problemlərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına imkan verir. Cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin, müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə, mədəniyyət ocaqlarının, körpülərin, yolların və digər infrastrukturların tikintisi buna əyani sübutdur. Bütün bu uğurlar regionların inkişafı ilə bağlı II Dövlət Proqramının icrasının ikiillik yekununa həsr olunmuş tədbirdə geniş müzakirə olundu.

Həyata keçirilən siyasət regionlarda bir vaxtlar özünü kəskin şəkildə göstərən işsizlik, yoxsulluq kimi problemləri tədricən aradan qaldırır. Bu istiqamətlərdə əməli nəticələr əldə etmək üçün, ilk növbədə, sahibkarlığın inkişafına, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpasına ciddi fikir verilir. Ötən 7 ildə iş adamlarının fəaliyyətini əngəlləyən süni maneələrin aradan qaldırılması, ölkədə investisiya mühitinin yaxşılaşdırılması məqsədilə mühüm qərarlar qəbul edilib. Sahibkarlıq subyektlərinin "vahid pəncərə" prinsipi əsasında qeydiyyatı, iş adamlarına dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi təmin olunub. Bu və digər tədbirlərin nəticəsi kimi sahibkarlığın ümumi daxili məhsuldakı çəkisi 85 faizə yüksəlib. Regionlarda infrastrukturun müasirləşdirilməsi tədbirləri eyni zamanda, modern müəssisələrin yaradılmasına imkan verib. Xüsusi vurğulamaq istərdim ki, son dövrlər bəzi neqativ hallara - rüşvətxorluğa, korrupsiyaya, inhisarçılığa qarşı başlanmış mübarizə tədbirləri, bununla əlaqədar imzalanmış sərəncamlar iş adamlarında razılıq hissi doğurur.

Dövlət idarəetmə sisteminə yeni düşüncə tərzi, müasirlik gətirən cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini dəqiq müəyyənləşdirir. Onların icra prosesini şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı vaxtaşırı ayrı-ayrı bölgələrə səfər edir, imzalanmış proqramların yerlərdə icrası vəziyyəti ilə tanış olur. Vətəndaşların arzu və istəklərini onların özlərindən eşidir. Məmurlar qarşısında vəzifə məsuliyyəti, vətəndaşlara həssas münasibət məsələsini aktuallaşdırır.

Ümumən bu gün Azərbaycanın müxtəlif regionlarında müşahidə olunan abadlıq işi və inkişaf ölkəmizin qərb bölgəsində, xüsusən də, Goranboy rayonunda və Naftalan şəhərində də özünü qabarıq göstərir. Son dövrlər müasir tikinti-inşaat meyarları əsasında, yüksək estetik zövqlə həyata keçirilən, vətəndaşlarda yüksək razılıq doğuran genişmiqyaslı abadlıq-quruculuq tədbirləri deputatı olduğum bu bölgənin simasını əsaslı dərəcədə dəyişib. Mühüm inşaat layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində Goranboyun və Naftalanın küçələri, meydanları, prospektləri, parkları, istirahət məkanları, yolları abadlaşıb.

Möhtərəm Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, 2010-cu ildə Goranboy-Naftalan bölgəsində bütün sahələr üzrə yüksək makroiqtisadi göstəricilər əldə edilib. Real sosial-iqtisadi inkişaf isə fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır. Bölgədə iqtisadi, sosial-mədəni inkişaf yönümündə həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olub, hər bir sakinin firavan həyat tərzinin təminatına xidmət edir. Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr əsas tutulmaqla burada vətəndaşların faydalı məşğulluğunun təminatına, habelə yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilir.

Möhtərəm Prezidentin 2011-ci ilin fevral ayında Goranboy rayonuna və Naftalan şəhərinə növbəti səfəri bölgənin sakinlərinə unudulmaz anlar, böyük sevinc hissi, ruh yüksəkliyi bəxş etdi. Cənab İlham Əliyev özünəməxsus qayğıkeşliklə bölgə ictimaiyyətinin problemləri, çətinlikləri ilə maraqlandı. Ölkə rəhbəri son dövrlər Goranboyun və Naftalanın inkişafı, abadlaşdırılması, sosial infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən işlərin davam etdirilməsi vacibliyini vurğuladı, dəyərli tövsiyə və tapşırıqlarını verdi.

Dövlət başçısı Goranboyda məcburi köçkünlər üçün salınmış 165 ailələik yaşayış məhəlləsinin açılışında iştirak etdi. Dövlətin qayğısına böyük ehtiyac görən bu zümrənin daim himayə və diqqət altında olacağını söyləyən respublikamızın rəhbəri Azərbaycanın sürətli inkişaf strategiyasının uğurla həyata keçməsi nəticəsində ümumilikdə bütün ölkə vətəndaşlarının sosial rifah halının daha da yüksələcəyini qeyd etdi.

Xüsusilə vurğulamaq istərdim ki, sürətli və davamlı inkişaf Naftalanın timsalında daha qabarıq görünür. Son vaxtlar burada əksər yaşayış və inzibati binaların fasadları müasir görkəm alıb, bir vaxtlar adı şəhər olan Naftalan bu gün, sözün həqiqi mənasında, şəhərə çevrilib. 2009-2013-cü illəri əhatə edən ikinci regional Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Naftalan şəhərinin sakinləri üçün yaradılan sosial-mədəni infrastrukturun təkmilləşdirilməsi vətəndaşların firavan yaşayış tərzinin təmin olunması məqsədinə xidmət edir. Dövlət proqramında şəhərin elektrik şəbəkələrinin yenidən qurulması və elektrik enerjisi verilişi xətlərinin özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunması, şəhərdə məktəblər və yaşayış binaları üçün yeni qazanxanaların tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası, şəhərin və yeni salınmış yaşayış massivinin qaz təchizatının yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, səhiyyə-kurort müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi, mədəniyyət obyektlərinin təmiri, yenidən qurulması və tikintisi nəzərdə tutulub. Artıq bu işlərin müəyyən qismi uğurla icra edilib.

Naftalan şəhəri dünya miqyasında özünün müalicəvi əhəmiyyətli nefti ilə məşhurdur. Dünyada analoqu olmayan bu təbii sərvət şəhərdə hələ sovetlər birliyi dövründən mövcud olan sanatoriya-kurort müəssisələrinin bərpasını, habelə əlverişli turizm-sanatoriya obyektlərinin yaradılmasını aktual məsələ kimi gündəmə gətirmişdi. Bunu uzaqgörənliklə nəzərə alan dövlət başçısının Naftalanda kurort zonasının inkişaf etdirilməsi məqsədilə şəhərin inzibati ərazisinin genişləndirilməsi barədə sərəncam imzalaması da şəhərin inkişafına mühüm töhfə oldu.

Dövlət başçısı cənab İlham Əliyev Naftalana son səfəri çərçivəsində yeni inşa olunmuş "Qaşaltı" sanatoriyası ilə, həmçinin yenidən qurulmuş "Chinar Hotel & SPA Naftalan" kompleksi ilə yaxından tanış oldu, bu sanatoriya-kurort müəssisələrini respublikanın ən müasir tipli, modern sağlamlıq ocaqları kimi dəyərləndirdi. "Qaşaltı" sanatoriya kompleksi "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində inşa edilib. Xüsusilə əlamətdardır ki, Prezident İlham Əliyev "Turizm ili"ndə - 2011-ci il fevralın 10-da Naftalanda ən müasir standartlara cavab verən bu möhtəşəm sanatoriya-kurort komplekslərinin açılışında iştirak etdi, burada yaradılmış şəraitlə yaxından tanış oldu. Belə komplekslərin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

 

Həyata keçirilən bu quruculuq və abadlıq işləri respublikanın inkişafı, qüdrətlənməsi, doğma Azərbaycanın çiçəklənməsi naminə həyata keçirilən uğurlu siyasətin mühüm tərkib hissəsidir. Cənab İlham Əliyevin Goranboy rayonunun və Naftalan şəhərinin inkişafı, abadlaşması, mövcud problemlərinin həlli istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini bildirməsi bölgə sakinlərinin daha firavan, xoşbəxt gələcəklə bağlı ümidlərini artırdı, onlarda xoş hisslər doğurdu. Bu gün respublikamızın bu bölgəsinin hər bir vətəndaşı əmindir ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə Goranboyun və Naftalanın əvvəlki şöhrəti, iqtisadi potensialı bərpa ediləcək, insanların rifah halı, yaşayış səviyyəsi daha da yüksələcəkdir.

 

 

Mahir ASLANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-5 mart.- S. 4.