Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir

 

Martın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) "Azercell" MMC-nin dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə və komitənin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanda dövlət qadın siyasətinə dair film göstərilmişdir.

Ulu öndər Heydər Əliyevin qadın siyasətinə xüsusi önəm verdiyini vurğulayan komitə sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun yaradılmasının 5 illiyinin tamam olduğunu diqqətə çatdırmışdır. H.Hüseynova bildirmişdir ki, ölkədə gender bərabərliyinin təmin olunması komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Keçən dövrdə qadın problemləri və gender məsələləri üzrə qəbul edilmiş Dövlət proqramları komitə tərəfindən uğurla həyata keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həllinə xüsusi diqqət yetirdiyini deyən komitə sədri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu istiqamətdə fəaliyyətini diqqətə çatdırmışdır.

Türkiyə Soroptimistlər Federasiyasının sədri Şenay Öndər Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində reallaşdırılan dövlət siyasətini yüksək qiymətləndirmiş, cəmiyyətin həyatında qadınların iştirakının artırılmasının vacibliyini vurğulamışdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirmişdir ki, Azərbaycanda gender siyasəti, ailə, qadın və uşaq problemlərinin həlli dövlət sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızda bu sahədə qanunvericiliyin inkişafına xüsusi diqqət yetirilir.

Keçən il Azərbaycanın ictimai-siyasi həyatında fərqlənən, AQUPDK ilə sıx əməkdaşlıq edən qadınlara diplom və hədiyyələr təqdim olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycanın görkəmli qadınlarına həsr edilmiş "İlklər" təqvimin, "Ailə, Qadın, Uşaq" jurnalının yubileyinə həsr olunmuş xüsusi buraxılışın və "Uşaqlar.az" veb-saytının təqdimatları keçirilmişdir.

Bayram tədbiri konsert proqramı ilə davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 4.