Dövlət gənclərə böyük diqqət və qayğı göstərir

 

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər.

Sovet quruluşuna xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin dinamikliyindən, cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin 1995-ci ilin martında ümummilli lider Heydər Əliyev ölkə gəncləri ilə görüşərkən bu stereotipi qırdı və gənclərə sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Elə gəncliyin inkişafına dəstəyin təməli o vaxt qoyuldu, onlara ümid verildi. Hər vaxt verdiyi sözün üstündə möhkəm dayanan və onun ciddiliyinə önəm verən ulu öndər 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si tarixini Gənclər Günü kimi təsbit etdi. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. Bu siyasət çox geniş bir spektri - gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi. 1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun da qəbul edildi.

Hazırda ölkəmizdə 200-dək gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan Gənclər Təşkilatı Milli Şurası Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Eyni zamanda, dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır, Azərbaycanın adını yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur. Bu gün adlarını qürurla çəkdiyimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və yüzlərlə belə oğul Azərbaycanın qəhrəmanlıq tarixini yazan gənclərdir.

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönələrək gəncləri ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməli, özünütənqidi də bacarmalıdır. Dövlət şərait yaratdı ki, hər bir gənc lap erkən yaşlarından özünəinamlı olsun, özünə güvənsin, özünü şəxsiyyət kimi yetişdirsin, problemlərin həlli yollarını özü düşünüb tapsın, kimsədən asılı olmasın.

Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir.

Söhbət edib fikrini öyrənmək istədiyimiz gənclər cəmiyyətdə gedən proseslərdən kənarda qalmadıqlarını bildirir, gənclərə göstərilən münasibətdən razılıqlarını ifadə edirlər. Onlar gənclərin inkişafı naminə bəzi təşəbbüslər də irəli sürdülər.

Aqil Hümbətovun ən böyük arzusu ali məktəbi bitirən gənclərə təyinatın bərpa olunmasıdır: "Mənim atam da vaxtilə Politexnik İnstitutunu bitirib, hətta məcburi təyinatla işlə təmin edilib. Ona görə məcburi deyirəm ki, o vaxtlar ali məktəbi qurtaran gənc asudə gəzə bilməzdi. İstəsə belə, bu mümkün deyildi, mütləq işləməliydi. Mən iki ildir həmin universiteti bitirmişəm, ancaq işsizəm. Çox arzulayıram ki, təyinatla işə göndərilmə bərpa edilsin, o zaman heç bir gənc işsiz qalmaz, vaxtında da ailə qurar, ev alar". Aqil deyir ki, bu mövzuda müxtəlif gənclər təşkilatları ilə görüşüb söhbət aparmışıq. Onlar da bizim fikrimizi müdafiə edirlər.

Tariyel Həmzəyev yaradıcı, elmlə məşğul olan gənclərə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır. Deyir ki, elə peşə-sənət sahələri var ki, orada tez populyarlaşmaq mümkündür. Onlar özlərinə mövqe tuta bilir, istədiklərinə tezliklə nail olurlar. Elm sahəsi isə çətindir, onun nəticəsi və ya uğurları o qədər də tez olmur: "Mən kibernetikəm, maaş alıram. Amma bu əməkhaqqı ilə ailə-uşaq sahibi olmaq mümkün deyil, ev haqqında fikirləşməyə də dəyməz. Namizədlik elmi dərəcəsinə görə 30 manat əlavə alıram. Ölkə Prezidentinin gənclərə qayğısı bizi sevindirir. Yaxşı olardı ki, elmlə məşğul olan gənc nəslin elmi fəaliyyəti və sosial problemləri ilə bağlı Dövlət Proqramı qəbul edilsin. Azərbaycanın çox böyük elmi potensiala malik gəncləri var. Lakin onlar elmlə müəyyən bir yaş həddinə qədər məşğul ola bilirlər. Belə bir proqram qəbul edilərsə, həm elmimiz qazanar, həm də biz yaxşı yaşayar, elmin inkişafına töhfələr verərik".

Sevinc Abbasova bizneslə məşğul olan və uğur qazanan gənclərimizdəndir. Deyir ki, ümidsizliyə qapılan gənc görəndə təəssüflənirəm, istəyirəm ki, ona yardım edim, mənəvi dayaq olum. İstəyirəm ki, gənclər ürəkli olsunlar, risk eləsinlər. Hətta səhv etsələr də, əlləri işdən soyumasın. Mən bizneslə məşğul oluram. Əziyyətlərim də, səhvlərim də az olmayıb. Bu gün işimi qurmuşam, çəkdiyim əziyyətlərə görə deyil, səhvlərimə görə özümə minnətdaram, çünki onları təkrarlamıram. Gənclərimiz özlərini idarəçiliyə öyrətməlidirlər.

Nurlanla Aysel gənc ailədirlər, yataqxanada qalırlar. Hələ valideyn olmasalar da, evsizlik qayğısını indidən yaşayırlar. İstəyirlər ki, ipoteka kreditləri əməkhaqqı yüksək olmayan gənc ailələrə də verilsin: "Ailəmizdə işləyən tək mənəm. Aysel sənədlərini müxtəlif qurumlara versə də, hələ işlə təmin olunmayıb. Amma işləməsə, bizim üçün çətin olar. Gələcək planlarımızın başında duran birinci məsələ şəxsi evimzin olmasıdır. İndi dövlət gənclərə böyük dəstək verir. Elə ipoteka krediti də buna xidmət edir. İpoteka ilə maraqlandıq. Bildirdilər ki, ipotekadan yararlanmaq istəyən gənc ailələrin yüksək maaşı olmalıdır. Yaxşı olardı ki, bu məhdudiyyət qaldırılsın. Müəyyən güzəştli yollar tapılsın, bizim kimi azmaaşlı gənc ailələrə də ipoteka ilə ev verilsin. Dövlətimizin gənclərə diqqət və qayğısına, dövlət başçısının gənclərə münasibətinə arxayınıq. Ona görə də ümidimizi üzmürük, inanırıq ki, bizim də sosial problemlərimiz öz həllini tapacaq".

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Bir də ki, gənclik də əbədi deyil, keçəridir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 5.