Bülənt Aras: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun əsas problemidir"

 

AzərTAc xəbər verir ki, martın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri professor Bülənt Aras ilə görüş olmuşdur.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, DİA-nın müəllim və tələbə heyəti, siyasətşünas alimlər iştirak etmişlər.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərdən danışan DİA-nın birinci prorektoru professor Əlikram Abdullayev vurğulamışdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində qardaş dövlətlərimiz arasında strateji əməkdaşlıqda yeni mərhələ başlanmışdır.

Sonra B.Aras "Dəyişən dünya sistemi və onun Cənubi Qafqaz regionuna təsiri" mövzusunda mühazirə ilə çıxış etmişdir. Azərbaycan ilə Türkiyə arasında formalaşmış strateji əməkdaşlıq münasibətləri haqqında ətraflı məlumat verən B.Aras konkret faktlarla ikitərəfli əlaqələrin inkişaf dinamikasını göstərmiş, bu prosesin iqtisadi və siyasi müstəvisində təhlilini aparmışdır.

Müasir dünyamızda mövcud olan münaqişələrə toxunan türkiyəli qonaq onların həllinin beynəlxalq ictimaiyyətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulamışdır. B.Aras Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz regionunun əsas problemi olduğunu vurğulamışdır.

Sonda qonaq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

 

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 2.