Ağdamda Beynəlxalq Qadınlar Günü qeyd olunmuşdur

 

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdam rayonundakı "Araz" şadlıq evində bayram tədbiri keçirilmişdir.

Qadınları əlamətdar bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi həyatında oynadığı mühüm roldan danışmış, onların cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyini, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına töhfələr verdiyini vurğulamışdır.

Rayon Qadınlar Şurasının sədri Arzu Rəhimova, təhsil şöbəsinin müdiri Elmira Şükürova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova və başqaları ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qadınların ictimai-siyasi həyatda, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyətindən danışmışlar.

Bayram süfrəsi arxasında keçən tədbirdə rayonun bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə hamıda xoş ovqat yaratmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 mart.- S. 4.