Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti qanunvericiliklə tənzimlənir

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti qanunvericiliklə tənzimlənir.

Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirmişlər ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almalıdırlar. İcazənin alınması üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər işəgötürənin vasitəsilə DMX-yə müraciət etməlidirlər. Əməkçi miqrantın Azərbaycanda müvəqqəti yaşamasına hüquq verən müvafiq vəsiqə fərdi icazənin qüvvədə olduğu müddətə verilir.

Azərbaycan ərazisində daimi yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə, beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbər işçilərinə, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda işləyənlərə, üç aydan çox olmayaraq ezamiyyətdə olanlara qanunun bu tələbi, yəni, fərdi icazə alınması şamil olunmur.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən işə cəlb edilənlər, dövlət qeydiyyatına alınmış dini təşkilat və cəmiyyətlərdə dini fəaliyyətlə məşğul olanlar, KİV-lərin Azərbaycanda akkreditə olunmuş əməkdaşları, dənizçilər, idmançılar və incəsənət işçiləri, eləcə də ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyəti, mühazirəçilər və elmi-tədqiqat işləri aparan mütəxəssislər də fərdi icazə almaqdan azaddırlar. Azərbaycanda fəaliyyət göstərən xarici hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin rəhbərləri, onların müavinləri vəzifələrinə cəlb olunan əcnəbilər də fərdi icazə almadan əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-10 mart.- S. 5.