Albaniya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

 

Martın 10-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan Baş nazir A.Rasizadə E.Hacinastonun Bakıya səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləmiş, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirmişdir.

A.Rasizadə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən E.Hacinaston Bakıda aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirərək bunu Azərbaycanın inkişafının bariz nümunəsi kimi dəyərləndirmişdir. Albaniya ilə Azərbaycan dost dövlətlərdir deyən qonaq, təmsil etdiyi ölkənin Baş nazirinin salamlarını Artur Rasizadəyə çatdırmışdır.

Bakıya səfərinin məqsədinin Azərbaycan ilə Albaniya arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək olduğunu vurğulayan E.Hacinaston bildirmişdir ki, ölkəsi bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.

Albaniya Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini də vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 mart.- S. 2.