Yubiley tədbiri

 

Xalq şairi Nəriman Həsənzadənin 80 illik yubileyi respublikanın ayrı-ayrı bölgələrində keçirilir. Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda da şairin yubileyi qeyd edildi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq, şairin ömür kitabının ayrı-ayrı səhifələrindən, yaradıcılıq dünyasının seçmələrindən nümunələr çəkdi, oxucularının məhəbbətini qazanan yubilyara bundan sonra da həmin həvəs coşqu ilə yazıb-yaradacağına əminliyini ifadə etdi: "Nəriman Həsənzadə maraqlı qələmi, zəngin dünyagörüşü, yüksək intellekti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şəxsiyyətlərdəndir".

Xalq şairi Fikrət Qoca "bir insan ömrünü girov qoyub bir şair ömrünü yaşadan" Nəriman Həsənzadə ilə təkcə qələm dostu kimi deyil, həm sirdaş olduqlarını bildirdi.

Milli Məclisin deputatı Nizami Cəfərov poeziya işığına toplaşanların diqqətinə çatdırdı ki, Nəriman Həsənzadənin əsərləri ədəbiyyat qarşısında duran bütün tələblərə cavab verir: "Azərbaycan Yazıçılar Birliyi mütəmadi olaraq söz, qələm ustalarını yad edir, yubileylər, görüşlər, təqdimat mərasimlərini gerçəkləşdirir. Nəriman Həsənzadənin yubileyinə həsr olunmuş tədbir mərasimi bu qəbildəndir. Biz öz ünsiyyət bacarığı ilə insanları ətrafına yığmağı bacaran Nəriman Həsənzadənin poeziyasının işığına toplaşmışıq. Nəriman Həsənzadə elə bir qələm sahibidir ki, biz onu bütün dövrlərin ən görkəmli şairləri ilə müqayisə edə bilərik. Onun əsərləri lirik şeirlərindən tutmuş dramatik poeziyası, lirik-fəlsəfi düşüncəsi ilə ədəbiyyat qarşısında duran tələblərə cavab verir. Yaradıcılığa başladığı ilk dövrlərdən şair hansı əhvali-ruhiyyədə, həyat eşqi ilə necə yazıbsa, hazırkı şeirlərində bu ehtirası duymaq mümkündür".

Yazıçı Çingiz Abdullayev yubilyarın ömür yolundakı açılıb-bükülən səhifələrdən seçmələri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Şair Osman Sarıvəllinin təqdimatı ilə 1954-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilən Nəriman Həsənzadənin yaradıcılığının bütün aspektləri barədə söz açan tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli yubilyarı lirik şair adlandırdı: "Nəriman Həsənzadə bütünlüklə lirik şairdir. Bunu deməyə onun şeirləri əsas verir. Lakin onun yaradıcılığında qəribə bir təzadın da şahidi oluruq. Kövrək şair qələmindən çılğın, qəzəbli misralar da çıxır. Bu misralar onun qəzəbini ifadə edirE"

Şairin qələm dostlarından Ramiz Məmmədzadə, Qəşəm Nəcəfzadə, yazıçı Gülhani Pənah, Aqşin Babayev digərləri yubilyarın ədəbi-bədii poetik dünyasından seçmələr söyləməklə, bir daha ona bundan sonra da məlhəm kəlmələrdən, kəsərli misralardan yoğrulmuş yaradıcılıq uğurları dilədilər.

Yaradıcılığına yüksək qiymət verən bir daha onu şərəfləndirən dostlarına, sevimli oxucularına təşəkkürünü bildirən yubilyar sonda daha bir qonağı təqdim etdi. Cənubdan gələn Aqşin Ağakəmərlinin hələ 1990-cı ildə şairin "Söyüd ağacı" şeirlər kitabını nəşr etdirdiyi tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-11 mart.- S. 8.