Milli Məclisdə görüş

 

Martın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Mətyu Brayzə ilə görüşmüşdür.

Parlamentin Sədri qonağı səmimi salamlayaraq ona yeni diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Yeni səfirin ABŞ-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Avratlantik məkana inteqrasiya hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmiş Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün ölkəmiz dünyanın aparıcı dövlətləri ilə həyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Biz ABŞ ilə münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız təqdirəlayiqdir. ABŞ şirkətləri Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edirlər.

Görüşdə Sədr parlamentlərin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığını diqqətə çatdırmış və qeyd etmişdir ki, Milli Məclisdə ABŞ Konqresi ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq qurumlarda görüşləri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından çox önəmlidir. Biz gələcəkdə də bu sahədə fəaliyyəti davam etdirmək niyyətindəyik.

Bu gün müstəqil Azərbaycan bütöv bir bölgənin iqtisadi simasını dəyişə biləcək böyük enerji layihələrinin fəal iştirakçısı və təşəbbüskarıdır. Bununla yanaşı, bölgədə öz həllini gözləyən Dağlıq Qarabağ problemi ümumi inkişafa maneçilik törədir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq və beynəlxalq birliyin bu məsələyə obyektiv yanaşmasına ümid edirik.

Səmimi qəbul və ünvanına deyilən xoş sözlər üçün minnətdarlığını bildirən səfir Mətyu Brayzə iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləmişdir. Bildirilmişdir ki, ABŞ Qafqazın bu bölgəsinə böyük maraq göstərir və Azərbaycanla əlaqələri gələcəkdə də inkişaf etdirməkdə maraqlıdır.

Səfir əlaqələrimizin daha da dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu vurğulamış və bildirmişdir ki, iqtisadi, ticarət, mədəni sahələrdəki uğurlu əməkdaşlıq parlamentlər səviyyəsində də davam etdirilir. Bu baxımdan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əhəmiyyətlidir.

Mətyu Brayzə ABŞ-ın USAİD təşkilatının Milli Məclislə birlikdə həyata keçirdiyi "Azərbaycan Parlament layihəsi"ni yüksək dəyərləndirmiş və layihənin davamlı olmasında maraqlı olduqlarını qeyd etmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2011.-12 mart.- S. 1.