Daxili Qoşunların şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunları yaranmasının 19-cu ili tamam olur. AzərTAc xəbər verir ki, bu münasibətlə Daxili Qoşunların rəhbərliyi, şəxsi heyəti və ölkəmizdə səfərdə olan Türkiyə Jandarm Qüvvələri Baş Komandanlığının qərargah rəisi, general-polkovnik Fikrət Demirtaş martın 11-də Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra onlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüşlər. Daxili Qoşunların şəhid olmuş əməkdaşlarının məzarları üzərinə güllər düzülmüş, şəhid türk əsgərlərinin memorialı önünə əklil qoyulmuşdur.

 

 

Azərbaycan.- 2011.-12 mart.- S. 2.