Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsi

 

Prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamını təkcə bu qəbildən olan insanlar yox, bütün ölkə ictimaiyyəti yüksək dəyərləndirir

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdr. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.

 

Qaçqın və məcburi köçkünlərin böyük himayədarı

 

Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf edilir.

O da həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başcıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunurdu, bunu ölkədə bir nömrəli problem adlandırırdı.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim xüsusi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.

 

Çadır şəhərciklərinin ardınca fin qəsəbələri də ləğv olunur

 

 Daha bir sevindirici hal ondan ibarətdir ki, çadır şəhərciklərinin ardınca qaçqın və məcburi köçkünlərin məskunlaşdığı fin qəsəbələrinin ləğvi istiqamətində də mühüm addımlar atılır və cari ildən etibarən bu istiqamətdə görülən işlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Ümumilikdə isə 2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələrinin ləğvi gözlənilir. Artıq üç belə qəsəbənin ləğvindən sonra görüləcək işlər sayəsində daha 13 fin qəsəbəsində yaşayan məcburi köçkünlər müasir standartalara uyğun evlərlə təmin ediləcəklər. Artıq İmişlidə fin qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsinin salınması məqsədilə torpaq sahəsi ayrılıb və həmin sahə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına daxil edilib. Eyni zamanda, bu məqsədlə Ağcabədi və Şəkidə də torpaq sahəsi ayrılıb, orada layihələndirmə işləri başa çatıb. Diqqət yetirilən önəmli məqamlardan biri də ondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və bu, müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdıqları rayonlarda öz işlərini qurublar. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də uğurlu addımlar atılır.

Onu da xatırlatmaq yerinə düşər ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 7 ildə Prezident İlham Əliyev 27 fərman və sərəncam imzalayıb, bir dövlət proqramı və ona əlavələr təsdiqləyib, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub.

Dövlət başçısının iştirakı ilə qaçqın və məcburi köçkün probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib.

Bununla yanaşı, Prezident İlham Əliyev son 7 ildə 17 dəfə, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir. Daha bir mühüm fakt isə qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsinin sürətlə azalmasıdır. Dövlətimizin sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğısı bu gün beynəlxalq miqyasda da geniş təqdir olunur və hətta ölkəmizin adı bu fonda nümunəvi bir dövlət kimi qeyd edilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arun Sala-Nqarmo bununla bağlı bildirir: "Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər. Bu faktı hələ 2007-ci ildə Azərbaycanda səfərdə olmuş BMT Baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin hazırladığı hesabatda da qeyd etmişdi. Əminəm ki, bu hal 2011-ci ilin martında Azərbaycana dair dərc olunacaq yeni hesabatda da öz əksini tapacaq".

 

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

 

Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər. Cari il fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Azərbaycanın iqtisadi qüdrəti məcburi köçkünlərin həyat şəraitinin bundan sonra tam yaxşılaşdırılmasına imkan verir. Müxtəlif beynəlxalq humanitar təşkilatlar da bu sahədə ölkəmizdə çalışmaq istədiklərini bəyan edirlər. Şübhəsiz ki, bu, ilk növbədə, Azərbaycanda beynəlxalq humanitar təşkilatların fəaliyyətinə yaradılmış münbit şəraitdən irəli gəlir. Digər tərəfdən o da vacib faktordur ki, həmin təşkilatların ayırdıqları vəsaitə Azərbaycan hökumətinin zəmanəti var və ayrılan vəsaitlər hədəfə çatdırılır. Elə bu da sözügedən təşkilatların ölkəmizdə fəaliyyət göstərməsini daha da stimullaşdırır. Hazırda Azərbaycanda 70 beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir, çoxlu sayda belə qurum isə ölkəmizdə dövlət qeydiyyatına düşmək üçün növbəyə dayanıb.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də komplesk addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində son 10 ildə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir.

Eyni zamanda, yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan və ciddi sosial çətinliklərlə üzləşən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində işlər görülür. Bu mənada, cari il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam təkcə məcburi köçkünlər yox, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı.

 

Daha minlərlə məcburi köçkün yeni, müasir mənzillərlə təmin olunacaq

 

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr təsdiq olunur. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələr, ilk növbədə, yataqxanalarda yaşayan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsini yeni və rahat mənzillərə qovuşduracaq. Bu məqsədlə 2011-2012-ci illərdə Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-sində müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində 2012-2015-ci illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçiriləcək. Ümumiyyətlə, respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi prosesi 2012-2015-ci illərdə diqqət yetirlən əsas məsələlərdən biri olacaq. Beləliklə, sözügedən yataqxana və inzibati binalardan təyinatı üzrə istifadə etmək mümkün olacaq. Cari və gələn ili əhatə edən müddətdə Naftalan şəhərindəki 4 sanatoriyada ("Goran", "Şirvan", "Azərbaycan", "Mil") müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi həyata keçiriləcək.

Məlumdur ki, 1990-cı illərin əvvəllərində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanlar ilk illərdə müxtəlif sosial obyektlərlə yanaşı, hətta inşası başa çatdırılmayan binalarda da məskunlaşmağa məcbur olublar. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binaları da bu qəbildəndir. Lakin Prezident İlham Əliyevin yeni sərəncamından sonra daha məcburi köçkünlər sözügedən yarımçıq binalarda, ağır şəraitdə yaşamağa məcbur olmayacaqlar. 2011-2013-ci illər ərzində tikintisi yarımçıq qalmış həmin binalarda müvəqqəti məskunlaşmış 3092 nəfərdən ibarət 736 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi reallaşacaq. Bu, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında inşaat prosesinin tamamlanmasına və onların təyinatı üzrə istifadəsinə də imkan verəcək.

 

İnsanların mənzil hüququ bərpa ediləcək

 

Dövlətimizin başçısının yeni sərəncamının daha bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın buqüqunun təmin edilməsi ilə bağlıdır. Faktdır ki, bəzi məcburi köçkün ailələri öz doğma yurd-yuvalarını tərk etdikdən sonra elə məcburiyyət qarşısında başqa insanlara məxsus mənzillərdə məskunlaşdılar. Bu da həmin insanların mənzil hüquqlarının pozulması ilə nəticələndi. Lakin indi bu məsələnin həllində praktik addımlar atılır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir.

2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq.

Bütün bunlar təbii olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.

Artıq məlumdur ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatları ilə birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" Proqramının layihəsinin hazırlanması istqamətində müəyyən işlər görülüb. Bu isə doğma torpaqlarından didərgin düşmüş insanlar üçün yurd nisgilinin tezliklə sona çatacağını bir daha təsdiqləyir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2011.-13 mart.- S. 3.