Naxçıvandan başlanan yol

 

20 il əvvəl muxtar respublikanın Ali Məclisi SSRİ-nin saxlanmasına dair keçirilən ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul etmişdir

 

Məlum olduğu kimi, Prezident 2011-ci il yanvarın 22-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" sərəncam imzalamışdır. Sərəncamda dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı üçün ən böyük sərvət kimi dəyərləndirilir, onun bərpasının yubileyi Azərbaycanın həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə kimi xarakterizə olunur və müstəqillik illərində keçilən zəngin inkişaf yolunda qazanılan parlaq nailiyyətlərin təbliğ olunması başlıca vəzifə kimi qarşıya qoyulur.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Bu sözləri Heydər Əliyev sonralar demişdir: "Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi".

 

* * *

 

Naxçıvanda az adam var ki, ümummilli lider Heydər Əliyevi yaxından görməmiş olsun. Ulu öndər Moskvadan Naxçıvana gələndə onu şəhərin baş meydanında keçirilən görüşdə 70-80 min nəfər alqışlamışdı, muxtar respublika Ali Məclisinin Sədri seçiləndə sessiyanın keçirildiyi binanın ətrafına on minlərlə adam toplaşmışdı, şəhər və kəndlərdəki görüşlərinə saysız-hesabsız insan qatılırdı. Təbii ki, bunlar müdrik rəhbərə xalq sevgisindən, el məhəbbətindən irəli gəlirdi. Heydər Əliyev ağır blokada şəraitinə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi. O ağır və məşəqqətli günlərdə dediyi sözlərdir: "Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir ".

Tale elə gətirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən sessiyalarında, müşavirələrində, yığıncaqlarında iştirak edən jurnalistlərdən biri də bu sətirlərin müəllifi olmuşdur. Həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların hansı şəraitdə və necə qəbul olunduğuna şahidlik etmişik. Naxçıvanda ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu.

Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında isə yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev dedi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.

İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.

Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".

Naxçıvanın o ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: "Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik". Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cavabında "Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu, bir birlik, milli coşqunluqdur..." söyləmişdir.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində muxtar respublikanın xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət İran İslam Respublikasıdır. Bu əlaqələrin möhkəmlənməsində Ali Məclis Sədrinin 1992-ci il 22-25 avqustda qonşu dövlətə səfəri siyasi və iqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfər zamanı Heydər Əliyev İİR-in dini lideri Xamneyi, Prezident Haşimi Rəfsəncani, parlamentin sədri Natiq Nuri, xarici işlər naziri Vilayəti və digər rəsmi şəxslərlə görüşdü. Səfərin nəticəsi olaraq əməkdaşlıq protokolu imzalandı.

Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Həmin illər ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur".

Prezident İlham Əliyev də Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində bu amilə xüsusi fikir vermişdir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü".

 

* * *

 

Muxtar respublikada yeni həyat quruculuğu bu gün də uğurla davam edir. Ali Məclisin Sədri Vasif Talıbov Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin quruculuq və inkişaf siyasətinin blokada şəraitində yaşayan regionda davam etdirilməsi üçün gücünü, əməyini əsirgəmir. Nəticədə muxtar respublika nəinki qısa vaxt ərzində iqtisadi və sosial böhrandan yaxa qurtarıb, onun dinamik inkişafı təmin olunub. Əgər 2000-ci ildə muxtar respublikada cəmi 15 adda məhsul istehsal edilirdisə, indi bu rəqəm 300-ə yaxındır. Bu gün əhalinin 89 növdə ərzaq, 158 növdə qeyri-ərzaq olmaqla 247 adda məhsula olan tələbatı yerli istehsal hesabına ödənilir. İstehsal müəssisələri əsasən yerli xammaldan istifadə edirlər ki, bu da hazır məhsulun istehlakçılara daha münasib qiymətlərə satılmasına imkan verir. 423 istehsal müəssisəsindən 336-sı yerli xammaldan istifadə edir və bu, həm də daxili bazarın etibarlı qorunması deməkdir.

Son 10 ildə muxtar respublikada 168 məktəb binası, 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi, 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilib və ya yenidən qurulub. 44,7 min yeni iş yeri açılıb ki, onun da 66 faizi daimidir.

Səmərəli demoqrafik və sosial-iqtisadi siyasətin uğurlu nəticəsidir ki, son illər muxtar respublikada əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə çatıb. İlk dəfə olaraq keçə il doğulan körpələrin sayı 10 mini ötdü. Halbuki hətta sovet dönəmində - 1988-ci ildə bu rəqəm indikindən 34,3 faiz aşağı idi. Həmin dövrlə müqayisədə əhalinin sayı isə 115,6 min nəfər artaraq 410 min nəfərə çatıb.

Naxçıvan MR indi dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələrində muxtar respublika aparıcı rol oynayır. Naxçıvan ölkəmizlə yaxından əməkdaşlıq edən xarici dövlətlər, beynəlxalq qurumlar üçün həm də cəlbedici region və etibarlı tərəfdaşdır. Avropa Şurası ilə əməkdaşlıq edən Naxçıvan MR-in səlahiyyətli nümayəndələri qurumun Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasında təmsil olunurlar.

Muxtar respublika beynəlxalq əhəmiyyətli tədbirlərə də uğurla ev sahibliyi edir. 2009-cu il oktyabr ayının 2-3-də türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi muxtar respublikanın həyatında önəmli hadisə oldu.

Artıq Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli formalaşıb. Bu məktəbdə tədris olunan dərslərin başlıca qayəsini milli dövlətçilik ənənələrinin qorunması, aşılanması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Öyrəniləsi, əxz ediləsi dərslər isə çoxdur.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-13 mart.- S. 3.