Kəlbəcərlilər dövlətin qayğısından razıdırlar

 

"Məcburi köçkünlərə olan tükənməz qayğı və köməyə görə Prezident İlham Əliyevə ürəkdən minnətdarıq". Bu sözlər ötən ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş toplantıda dönə-dönə səsləndi. Rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmovun məruzəsində il ərzində görülən işlər barədə ətraflı məlumat verildi. Nazirlər Kabinetində keçirilən iclasın yekunlarından və həmin toplantıda Prezident İlham Əliyevin dərin məzmunlu nitqlərindən irəli gələn vəzifələr baxımından rayonda görülən işlər geniş təhlil edildi.

Sonra ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin məlumatları dinlənildi. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına uyğun olaraq yerlərdə görülən işlərdən, müntəzəm surətdə həyata keçirilən bir-birindən maraqlı tədbirlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıldı. Yekdilliklə qeyd edildi ki, ötən il kəlbəcərlilər üçün xüsusilə əlamətdar olmuşdur. Cənab İlham Əliyev üç dəfə məcburi köçkünlərlə görüşmüş, ayrı-ayrı obyektlərin açılışında iştirak etmişdir. Əlamətdar haldır ki, bir il ərzində yüzlərlə ailə yeni evlərə köçmüşdür. Natiqlər dedilər ki, bu, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında Prezident İlham Əliyevin 3 oktyabr 2007-ci ildə imzaladığı sərəncamın bəhrəsidir. Hələ 2009-cu ildə həmin sərəncama uyğun olaraq Goranboy rayonunun Veyisli kəndində 596 ailə üçün yeni qəsəbə salınmış və cənab İlham Əliyev həmin qəsəbənin açılış mərasimində iştirak etmişdir.

Keçən ilin fevral ayının 28-də Qəbələ rayonunda Turbaza adlanan ərazidə müvəqqəti məskunlaşmış 133 məcburi köçkün ailəsi üçün Zarağan qəsəbəsində inşa edilmiş altı ədəd hündür mərtəbəli yaşayış evlərinin və 188 yerlik məktəb binasının təntənəli açılışında Prezident İlham Əliyev Kəlbəcərin məcburi köçkünləri ilə görüşüb söhbət etmişdir.

Noyabr ayının 10-da isə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Yevlax şəhərində kəlbəcərli məcburi köçkünlər üçün salınmış qəsəbəyə gəldilər. Burada 612 məcburi köçkün ailəsi üçün 10 ədəd hündürmərtəbəli yaşayış evi, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, habelə, mədəniyyət evi və digər sosial obyektlər inşa olunmuşdur. Bütün bunlar barədə minnətdarlıqla söz açan toplantı iştirakçıları ölkə başçısının belə bir qəti inamını vurğuladılar ki, bütün bunlar yalnız müvəqqəti yaşayış üçün nəzərdə tutulub. İşğal altında olan torpaqlar azad ediləcək və məcburi köçkünlər heç şübhəsiz öz ata-baba yurdlarına qayıdacaqlar. Dövlət siyasətinə uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli ilə bağlı rayon icra hakimiyyəti il ərzində geniş tədbirlər planı hazırlayaraq hər bir tədbirin vaxtında həyata keçirilməsini təmin etməyə çalışmışdır. "Azəryolservis" ASC-nin qayğı və köməyi ilə Şəmkir şəhərində 143 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı peşə liseyinin üç binasının dam örtüyü təzələnmiş, baş korpus əsaslı surətdə təmir edilmişdir. Həmin məktəbin həyətində, habelə, Gəncə Dövlət Universitetinin, Dövlət Aqrar Universitetinin yataqxanalarının yanında, Qocalar evinin ərazisində, Tərtər şəhərində, Bərdə rayonunun Zümürxan və Lənbərən kəndlərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə hər cür qab-qacaq və avadanlıqlarla təmin edilmiş xeyir-şər mağarları qurulmuşdur.

Məcburi köçkünlərin su problemlərinin həlli məqsədilə Gəncə şəhərindəki Gülüstan qəsəbəsində və avtomobil zavodunun ətrafında müvəqqəti məskunlaşmış ailələr üçün subartezian quyuları qazılmışdır. Samux rayonu ərazisində məcburi köçkünlərə xidmət edən quyular artezian nasosları ilə təmin olunmuşdur.

Minnətdarlıqla qeyd olundu ki, məktəblərin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi fikir verilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Qala qəsəbəsində 223 yerlik, Abşeron rayonu Masazır qəsəbəsində isə 240 yerlik məktəb binaları tikilib, Göygöl rayonu Üçtəpə kəndində isə bir neçə əlavə sinif otağı istifadəyə verilib

Qışa hazırlıq ərəfəsində Gülüstan qəsəbəsində, Dövlət Aqrar Universitetinin 6 nömrəli yataqxanasının yanında və Göygöl rayonundakı "Murovdağ" qəsəbəsində işıq problemi həll edilmiş, 2 ədəd yeni elektrik transformatoru işə salınmış, elektrik xətlərinin təmiri məqsədi ilə 7500 metr uzunluğunda naqillər alınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bundan əlavə 250 evə qaz sayğacı, 765 evə SMART tipli elektrik sayğacı qoyulmuşdur. Samux rayonundakı Məhsəti qəsəbəsində yollar təmir edilmiş, Zazalı qəsəbəsində məcburi köçkünlərin mənzillərinə təbii qaz xətti çəkilmişdir.

Dövlətin tükənməz qayğısı sayəsində məcburi köçkünlərin həyat şəraiti getdikcə yaxşılaşır. Son illərdə rayon üzrə iribuynuzlu mal-qaranın sayı xeyli artaraq 22 min, davarların miqdarı 174 min başa çatmışdır. Yerlərdə arıçılığa meyil-maraq xeyli artmışdır. Hazırda rayonda arı ailələrinin sayı 5496-ya çatmışdır. Təsərrüfatın digər sahələrində də müəyyən irəliləyiş əldə edilmişdir.

Toplantı iştirakçıları əmək intizamının möhkəmləndirilməsi, rüşvətxorluğa, korrupsiyaya qarşı daha sərt mübarizə aparılmasının vacibliyi barədə Prezident İlham Əliyevin yeritdiyi xətti ürəkdən bəyəndiklərini bildirdilər. Bu işdə məqsəd inkişafımıza mane olan, ölkənin daxili və xarici imicinə xələl gətirən, sahibkarların, iş adamlarının fəaliyyətinə maneçilik törədən halların qarşısını almaqdır. Prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən iclasın tələblərinə uyğun olaraq rayonda maarifləndirmə işləri aparılır, sahibkarlığın inkişafı, tikinti, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə neqativ halların baş verməməsi üçün bu məsələlər müntəzəm surətdə nəzarətdə saxlanılır. Vətəndaşların müraciətlərinə vaxtında baxılır, problemlər doğuran səbəblər araşdırılır, aradan qaldırılır.

Toplantıda konkret təkliflər səsləndi və yekdilliklə cari ilin fəaliyyət proqramı müəyyən edildi. Qeyd olundu ki, hər bir yoxlama mütləq əvvəlcədən təsdiq olunmuş plan əsasında aparılmalı, yoxlamalar zamanı müvafiq təşkilatların nümayəndələrinin iştirakı təmin edilməli, qanunvericiliyin tələblərinə ciddi əməl olunmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, onların müraciətlərinə vaxtında cavab verilməli, operativlik, şəffaflıq artırılmalı, süründürməçiliyə son qoyulmalıdır. Ən əsası bu sahədə görülən işlərlə ictimaiyyətin məlumatlandırılması təmin edilməlidir.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-13 mart.- S. 3.