Milli Məclisdə hökumətin hesabatı dinlənilmişdir

 

Baş nazir Artur Rasizadənin çıxışı

 

- Hörmətli sədr!

Hörmətli deputatlar!

İcazə verin imkandan istifadə edib sizi 4-cü çağırış Milli Məclisə deputat seçilməyinizlə əlaqədar təbrik edim, qanunvericilik fəaliyyətində parlamentə uğurlar arzulayım.

Möhtərəm Prezident İlham Əliyev 2003-cü il noyabrın 17-də Nazirlər Kabinetinin ilk iclasındakı proqram xarakterli çıxışında aparılan iqtisadi siyasətin çox uğurlu olduğunu, ölkənin tərəqqisi üçün gözəl təməl yarandığını bəyan etmiş, bu bünövrənin üzərində hərtərəfli inkişaf etmiş müasir Azərbaycan qurmağı əsas vəzifə kimi qarşıya qoymuşdu.

2004-2010-cu illərdə iqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, müşahidə edilən inkişaf tempi həqiqətən də heyrətləndiricidir. Həmin dövrdə ümumi daxili məhsulun həcmi 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2 dəfə, sənaye məhsulu istehsalı 2,8 dəfə, əsas kapitala qoyulan investisiyalar 2,9 dəfə, o cümlədən qeyri-neft sahələrinə 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, banklardakı əmanətlər 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, minimum əməkhaqqı 7,1 dəfə, pensiyaların orta məbləği isə 4,7 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 5 dəfə azaldılmış, 913 min yeni iş yeri yaradılmışdır.

Həmin müddətdə dövlət büdcəsinin gəlirləri 9,3, xərcləri isə 9,5 dəfə yüksəlmişdir. Xərclər sosial müdafiə və sosial təminatda 5,3 dəfə, səhiyyədə 7,8 dəfə, təhsildə 5 dəfə, mədəniyyət, incəsənət və informasiya sahələrində 5,4 dəfə çoxalmış, müdafiə xərcləri 8,7 dəfə, dövlət əsaslı vəsait qoyuluşu isə 47,6 dəfə artmışdır.

Hörmətli deputatlar!

Məlum olduğu kimi, 2010-cu ildə dünyanın əksər ölkələrində böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili potensiala söykənən milli inkişaf strategiyası uğurla davam etdirilmiş, yüksək iqtisadi və sosial artım templəri əldə edilmişdir.

Şübhəsiz ki, uğurların qazanılmasında ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məsələlərin mahiyyətinə dərindən varmaq, milli maraqları üstün tutmaq, insan amilini daim ön plana çəkmək bacarığının həlledici rolu olmuşdur.

Nazirlər Kabineti əsas diqqəti makroiqtisadi sabitliyin qorunmasına, qeyri-neft sektoruna daha çox investisiya cəlb etməklə bu sahənin şaxələndirilməsinə, müasir texnologiyaların tətbiqi ilə istehsalın səviyyəsinin yüksəldilməsinə yönəltmişdir. Hökumət sosial problemlərin həlli, regionların tarazlı inkişafı, sahibkarların işgüzar fəallığının artırılması, işsizliyin azaldılmasını da daim gündəmdə saxlamışdır.

Hesabat ilində 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun real həcmi 5 faiz artmışdır. Qeyri-neft sektoru üzrə isə bu artım 7,9 faizə çatmışdır. İl ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya yatırılmışdır.

Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatmış, onun da 75,2 faizi daxili investisiyalar olmuşdur. Sərmayələrin 70 faizindən qeyri-neft və infrastruktur sahələrinin inkişafında istifadə edilmişdir.

Ötən il əhalinin həyat səviyyəsini yüksəltmək və sosial müdafiəsini gücləndirmək istiqamətində növbəti vacib addımlar atılmışdır. Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının baza hissəsi 85 manata çatdırılmış, orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil etmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə 1 milyon 300 min nəfərə qədər pensiyaçının baza pensiyalarının məbləği 13 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan 800 min nəfərə yaxın işçinin aylıq vəzifə maaşı 10 faiz artırılmışdır. Aztəminatlı şəxslərə ödənilən sosial müavinətin məbləği orta hesabla 20 faiz, şəhid ailələri və təhsil alanlar üçün təqaüdlər isə müvafiq olaraq 50 və 15 faiz qaldırılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 515 mənzil və 200 fərdi ev inşa olunmuş, onlara 352 minik avtomobili ayrılmışdır.

Məcburi köçkünlərin sosial təminatının və yaşayış şəraitinin yaxşılaşdırılmasına yenə də xüsusi diqqət və qayğı göstərilmişdir. Bütövlükdə onların sosial problemlərinin həllinə 336,9 milyon manat vəsait sərf olunmuşdur.

İl ərzində ölkədə yoxsulluq 9,1 faizə endirilmiş, 73 min yeni iş yeri açılmışdır.

Keçən il dövlət büdcəsinin mədaxili 11,4 milyard manat təşkil edərək 99,1 faiz yerinə yetirilmiş, məxarici isə 11,8 milyard manat olmaqla 95,9 faiz icra edilmişdir. Sosialyönümlü xərclər 3,7 milyard manata çataraq büdcənin 31,5 faizini təşkil etmiş, əsaslı xərclər hesabına 4,1 milyard manat məbləğində investisiyalar reallaşdırılmışdır.

Ötən il dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqramlar tam həcmdə icra olunmuşdur.

Beynəlxalq maliyyə-kredit təşkilatları ilə 1,2 milyard ABŞ dolları həcmində kredit sazişləri imzalanmışdır. İstifadə edilən kreditlər üzrə 316,5 milyon dollar məbləğində xarici borc ödənilmiş və bununla bağlı öhdəliklər yerinə yetirilmişdir.

2010-cu ildə qlobal maliyyə böhranının təsirlərinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmin olunmasında adekvat siyasət aparılmışdır. Həyata keçirilən pul siyasəti manatın sabitliyinin qorunmasına, inflyasiyanın aşağı səviyyədə tənzimlənməsinə xidmət etmişdir. Banklar tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlər 9 faiz artaraq 9,2 milyard manata çatmış, onların 72 faizi uzunmüddətli kreditlər olmuşdur. İlin sonuna əhali tərəfindən banklara qoyulmuş əmanətlərin həcmi 3 milyard manat təşkil etmiş və əvvəlki illə müqayisədə 29,8 faiz artmışdır.

Ölkənin strateji valyuta ehtiyatları il ərzində sürətlə artaraq təxminən 30 milyard ABŞ dollarına çatmışdır. Hesabat dövründə güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onlara maliyyə dəstəyinin artırılmasına xüsusi önəm verilmişdir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.

Hörmətli deputatlar!

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilmiş, ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət etmişdir.

2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatmışdır. Xüsusi qeyd etmək istərdim ki, ötən il 6,2 milyard kubmetr, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kubmetr təbii qaz ixrac edilmişdir ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur. Neftin emal dərinliyi 93 faizə çatdırılmış, nəticədə mazut istehsalı 10 dəfə azalmışdır.

Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına "Ümid" yatağının kəşfiyyatını başa çatdırmış və burada böyük qaz ehtiyatının olduğu təsdiqlənmişdir.

Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəmərləri çəkilmiş və əsaslı təmir edilmiş, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulmuşdur. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatmış, ölkə tarixində ilk dəfə olaraq anbarlara 3 milyard kubmetrdən çox qaz vurulmuşdur.

Aparılmış struktur dəyişikliklərindən sonra "Azərikimya" İstehsalat Birliyində texnoloji yenidənqurma işləri görülmüşdür. Birliyin məhsullarının 85 faizinin ixrac edilməsi nəticəsində əvvəlki illə müqayisədə 40 milyon dollardan artıq vəsait daxil olmuşdur. Bu da buxar-generator qurğusunun tikintisi üçün hökumət zəmanəti ilə alınmış kreditin axırıncı hissəsinin ödənilməsinə imkan vermişdir.

Son illərdə elektroenergetika sisteminin qabaqcıl texnologiyalar əsasında inkişafı istiqamətində aparılan irimiqyaslı işlər hesabat ilində də davam etdirilmiş və ölkənin enerji təhlükəsizliyi təmin olunmuşdur.

Ötən il "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq müasir tipli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, enerjipaylayıcı sistemin təkmilləşdirilməsi işləri daha da gücləndirilmişdir. Hazırda enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün etmişdir.

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə daha etibarlı təmin edilməsi məqsədilə dövlət büdcəsindən "Azərenerji" və "Bakıelektrikşəbəkə" səhmdar cəmiyyətlərinə müvafiq olaraq 143 və 75 milyon manat vəsait ayrılmışdır. Görülən işlər ölkə əhalisini və iqtisadiyyatı elektrik enerjisi ilə fasiləsiz təmin etməyə zəmin yaratmışdır.

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramına uyğun olaraq sahənin inkişafına büdcədən 40 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikasında "Biləv" Su Elektrik Stansiyası tikilib istismara verilmişdir. Qobustan rayonunda hibrid tipli elektrik stansiyasının və poliqonun inşasında son tamamlama işləri görülür. Ölkənin müxtəlif bölgələrində 10 kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı işlərə başlanılmışdır.

Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun ayrı-ayrı sahələrində yüksək artım templərinə nail olunmuşdur.

Belə ki, 2010-cu ildə metallurgiya sənayesində istehsalın həcmi əvvəlki ilə nisbətən 44,6 faiz artmışdır. "Daşkəsən Filizsaflaşdırma" Səhmdar Cəmiyyətində dəmir konsentratı istehsalına başlanmışdır. İstehsal gücü ildə 100 min ton təşkil edən Gəncə Alüminium Zavodunun birinci növbəsinin tikintisində son tamamlama işləri aparılır.

Ölkə iqtisadiyyatının yeni seqmenti olan qiymətli metalların hasilatı sahəsində ciddi artım əldə olunaraq ümumilikdə 2058 kiloqram qızıl istehsal edilmişdir.

Maşınqayırma sənayesində istehsalın səviyyəsi əvvəlki illə müqayisədə 2,5 dəfə yüksəlmişdir.

Sumqayıtda tikilən Texnopark sənayedə keyfiyyətcə yeni universal istehsal kompleksidir. Ümumilikdə 16 zavoddan ibarət olacaq kompleksin 5 müəssisəsi artıq fəaliyyətə başlamışdır. Bu zavodlarda müasir texnologiyalar əsasında ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və böyük ixrac potensialına malik geniş çeşidli məhsullar istehsal edilir.

Hörmətli deputatlar!

Keçən il ölkəmizdəki əlverişsiz iqlim şəraiti və baş vermiş təbii fəlakətlər kənd təsərrüfatı məhsullarının istehsalına son illərdə görünməyən dərəcədə ziyan vurmuş, nəticədə bitkiçilikdə 8,9 faiz, taxılçılıqda 33 faiz, kartof istehsalında isə 3 faiz azalma baş vermişdir. Bununla yanaşı, digər bitkiçilik və bütün heyvandarlıq məhsulları istehsalında artım əldə edilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi, subsidiyaların və kreditlərin verilməsi ilə dövlət dəstəyi davam etdirilmiş, lizinq xidmətləri genişləndirilmişdir.

Məlumdur ki, uzun illər yetişdirilmiş və idxal olunmuş taxılın saxlanılmasında və istehsalçıların yüksək keyfiyyətli toxumla təmin olunmasında ciddi problemlər mövcud idi. Bunların aradan qaldırılması məqsədilə müasir texnologiyalar əsasında Dövlət Taxıl Fondu tərəfindən tutumu 160 min ton olan 2 elevator, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ümumi tutumu 140 min ton olan 13 taxıl anbarı tikilmişdir. Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə Yevlax rayonunda müasir tələblərə cavab verən "Azərtoxum" təsərrüfatı yaradılmışdır.

Dünya taxıl bazarlarında yaranmış gərginliyi nəzərə alaraq, idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunmuşdur. Əhalini çörək və çörək məmulatı ilə etibarlı təmin etmək üçün Dövlət Taxıl Fondu tərəfindən alınan buğdanın həcmi 2 dəfədən çox artırılaraq 500 min ton həddində müəyyən edilmişdir.

Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi məqsədilə rayonlarda soyuducu anbarlar və istixana kompleksləri istifadəyə verilmişdir.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan nəqliyyat və rabitə sektoruna investisiyaların cəlb edilməsi və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi müsbət nəticəsini göstərmişdir.

Hesabat ilində bütün növ nəqliyyat vasitələri ilə yük və sərnişin daşımaları artmışdır.

Azərbaycan dəmir yollarının inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq olunmuşdur. Nəzərdə tutulmuş tədbirlərin reallaşması irihəcmli sərmayələrin qoyulmasını tələb etdiyindən beynəlxalq maliyyə institutları ilə 735 milyon dollarlıq kredit müqavilələri imzalanaraq layihələrin icrasına başlanmışdır. Ölkə üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində işlər davam etdirilmiş, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun təməli qoyulmuşdur.

Bakı Metropoliteninin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni xətlərin inşası məqsədilə hesabat ilində dövlət büdcəsindən 182,5 milyon manat vəsait ayrılmışdır.

Hesabat ilində Bakı Dairəvi-1 və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarının, Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil magistralının böyük hissəsinin tikintisi başa çatdırılaraq istismara verilmişdir. Çoxlu sayda yolötürücülər, yol qovşaqları, körpülər və piyada keçidləri tikilmişdir. Ümumilikdə respublikanın avtomobil yollarının tikintisi və yenidən qurulmasına 1,5 milyard manatdan artıq vəsait sərf edilmişdir.

2010-cu ildə rabitə və telekommunikasiya sahəsində də dinamika müşahidə olunmuş, 250 kilometrdən artıq fiber-optik magistral kabel xətti, 262 min nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmişdir.

Respublikada kosmik sənayenin yaradılması məqsədi ilə beynəlxalq müqavilələr imzalanmış, hazırda süni rabitə peykinin 2012-ci ilin sonunda orbitə çıxarılması ilə bağlı müvafiq işlər aparılır.

Hörmətli deputatlar!

Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə əlaqədar Nazirlər Kabineti fəaliyyətində ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin sağlamlaşdırılmasına xüsusi diqqət yetirmişdir.

Ekologiya üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrasına büdcədən və digər mənbələrdən 2 dəfədən çox vəsait ayrılmışdır.

Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının emalı zavodunun tikintisinə başlanmış, Balaxanı zibilxanasında təxirəsalınmaz konservasiya tədbirləri həyata keçirilmişdir.

Təhlükəli tullantıların zərərsizləşdirilməsi məqsədilə yaradılmış Milli Mərkəzin infrastrukturu təkmilləşdirilmiş, poliqonda 250 min kubmetr tutumu olan yeni hücrənin inşası tamamlanmışdır.

Meşələrin bərpa olunması və artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, 10,7 min hektar sahədə meşəbərpa işləri aparılmışdır.

Məlumdur ki, Prezident İlham Əliyev ölkə əhalisinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunmasına daim xüsusi önəm vermiş və bu işi şəxsi nəzarətində saxlamışdır. Hesabat ilində Dövlət Neft Fondunun vəsaiti ilə Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilmişdir. Dövlət büdcəsinin vəsaiti və beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına 11 rayon mərkəzində su-kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işlərinə başlanmışdır.

Kür-Araz çaylarının ətrafında yaşayan əhalinin keyfiyyətli içməli suya olan tələbatının ödənilməsi məqsədilə modul tipli sutəmizləyici qurğuların tikintisi davam etdirilmiş, 76 mindən artıq əhali yaşayan 34 kənddə belə qurğular istifadəyə verilmişdir.

Hörmətli deputatlar!

"Təhsil haqqında" yeni qanunun qəbulu ilə bağlı islahatlar daha intensiv şəkildə aparılmışdır. Hesabat ilində Nazirlər Kabineti tərəfindən qanunun tətbiqini təmin edən 35 qərar və sərəncam qəbul edilmişdir. 2010-cu ildə təhsil sisteminə ayrılan büdcə vəsaitləri 1 milyard 280 milyon manat təşkil etmiş, dövlət investisiya xərclərinin həcmi 26,2 faiz artaraq 80 milyon manatı keçmişdir. Ötən il 72 yeni məktəb binası inşa edilmiş, 356 məktəbdə təmir işləri aparılmış, 450-yə qədər məktəb müasir avadanlıqla təchiz edilmiş, 25 yeni məktəb binasının tikintisinə başlanmışdır. Nəticədə son illərdə görülən işlər 1 milyondan çox şagirdin təlim şəraitini yaxşılaşdırmışdır.

Müvafiq dövlət proqramına uyğun olaraq 773, o cümlədən ötən il 266 nəfər dünyanın aparıcı universitetlərinə təhsil almağa göndərilmişdir.

Səhiyyə sahəsinin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır. 2010-cu ildə respublika klinik uroloji xəstəxanası, 2 nömrəli klinik uşaq xəstəxanası, Tibb Universitetinin tədris-terapevtik klinikası, Balakən rayon mərkəzi xəstəxanası da daxil olmaqla 45 səhiyyə obyektində təmir-tikinti işləri aparılmışdır.

Dərman vasitələrinin keyfiyyətinə və satışına nəzarət xeyli gücləndirilmiş, şəffaf qeydiyyat prosedurları yaradılmış, qeyri-qanuni işləyən 73 aptekin fəaliyyəti dayandırılmışdır.

Milli mədəniyyətimizin, dəyər və sərvətlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması, beynəlxalq mədəniyyət məkanına inteqrasiyası istiqamətində zəruri işlər görülmüşdür. Ölkə daxilində və xaricdə 150-dən artıq dövlət əhəmiyyətli mədəni-kütləvi tədbir keçirilmişdir.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində teatrlarda təmir işləri aparılmış, yeni avadanlıq quraşdırılmış, Bakı şəhəri ilk dəfə Beynəlxalq teatr konfransının təşkilatçısı olmuşdur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq "Şahdağ" qış-yay turizm kompleksinin tikintisi davam etdirilmişdir.

Mədəniyyət və turizm obyektlərinin tikintisinə, təmirinə və yenidən qurulmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə 165 milyon manatdan çox vəsait yönəldilmişdir.

Gənclər və idman sahəsində əldə olunan nailiyyətlər də diqqəti cəlb edir. Artıq dünyada idman dövləti kimi tanınan ölkəmizdə ötən il 450-dən çox idman yarışı keçirilmişdir. İdmançı gənclərimiz müxtəlif beynəlxalq yarışlarda 675 medal qazanmış, 95 idmançımız dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülmüşdür.

Sosial sahələrdə əldə olunan nailiyyətlərdən danışarkən Heydər Əliyev Fondunun və onun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin və səhiyyənin səviyyəsinin yüksəldilməsi, milli-mədəni irsin qorunması və təbliği, qayğıya ehtiyacı olanlara himayədarlıq etməsi ilə bağlı fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqeyimizi əks etdirən obyektiv məlumatların və ümumilikdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fondun gördüyü işlər əvəzolunmazdır.

Əgər ötən ilin yaz aylarında təbiət bizi sözün əsl mənasında ciddi sınağa çəkməsəydi, ölkə iqtisadiyyatının inkişafında əldə etdiyimiz nəticələr, şübhəsiz ki, daha yüksək olardı. Bilirsiniz ki, hələ ilin əvvəlindən başlayaraq Kür və Araz çaylarında suyun səviyyəsi xeyli qalxmış, bəndlərin müxtəlif yerlərdən dağılması bir neçə rayonun ərazisini su basmasına səbəb olmuşdur. Nəticədə xeyli sayda evlər, istehsal, sosial və infrastruktur obyektləri dağılmış və qəzalı vəziyyətə düşmüş, əkin sahələri su altında qalmış, əhalinin əmlakına ciddi ziyan dəymişdir.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində fəlakətin daha böyük miqyas almasına və insan itkisinə yol verilməmiş, əhali subasma təhlükəsi olan kəndlərdən köçürülmüş, onlara müvafiq yardım və xidmətlərin göstərilməsi təmin edilmişdir.

Kür və Araz çaylarında sahilbərkitmə tədbirləri davam etdirilmiş, Araz çayının yeni qolu açılmışdır.

Subasmaya məruz qalmış ərazilərdə ən qısa müddətdə zəruri sosial və infrastruktur xidmətləri ilə təmin edilmiş 1556 fərdi ev, 914 şagird yerlik 5 məktəb binası tikilib istifadəyə verilmişdir.

Ümumən təbii fəlakətin fəsadlarının aradan qaldırılması və əhaliyə yardım göstərilməsi məqsədilə dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılmışdır.

Qeyd olunanlar sübut edir ki, təbii fəlakətlərin və texnogen hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı son illərdə ölkədə güclü texniki imkanlar və yüksək mütəxəssis potensialı yaradılmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi-sənaye potensialımızın artırılması dövlət başçısının daim diqqət və nəzarətində olmuş, hökumətin fəaliyyətində prioritet yer tutmuşdur. Ümumilikdə 2010-cu ildə müdafiə tədbirlərinin həyata keçirilməsinə 3 milyard dollar vəsait ayrılmışdır ki, bu da ötən illə müqayisədə 40 faiz çoxdur.

Müdafiə Sənayesi Nazirliyinin zavodlarında yeni istehsal sahələri yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan xətlər quraşdırılmışdır. Nəticədə hərbi-sənaye kompleksində 350 çeşiddən çox müdafiə təyinatlı məmulat istehsal olunmuş, onun həcmi 2,3 dəfə artmışdır.

Ümumiyyətlə, həyata keçirilən uğurlu inkişaf strategiyası ölkəmizin dünyanın siyasi və iqtisadi sisteminə tam inteqrasiyasına imkan yaratmışdır. Təkcə ötən il siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən 100-dən artıq beynəlxalq müqavilə imzalanmışdır. Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiyası və Samur çayının su ehtiyatlarının səmərəli istifadəsi ilə bağlı uzun müddət aparılan mühüm işlərin yekunlaşdırılması və müvafiq ikitərəfli sazişlərin imzalanması buna əyani sübutdur.

Aparılan düşünülmüş və məqsədyönlü xarici siyasət və ölkənin mövcud potensialı beynəlxalq iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur. Belə ki, 2010-cu ildə 147 ölkə ilə xarici ticarət əməliyyatları aparılmış, mal dövriyyəsi 34,1 faiz artmış, 14,7 milyard dollar məbləğində müsbət saldo əldə olunmuşdur. İxracda enerji daşıyıcıları istisna olmaqla, 17,8 faizlik artım qeydə alınmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarının müzakirəsinə həsr olunmuş iclasındakı nitqində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, cari ilin ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacağını bildirmişdir. Bununla yanaşı, dövlət başçısı iqtisadiyyatdakı mövcud problemləri açıqlamış, hökumətin qarşısında duran konkret vəzifələrin makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, sahibkarların dəstəklənməsi, azad rəqabətin təmin edilməsi, vergi bazasının genişləndirilməsi, kənd təsərrüfatının inkişafının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal və sosial infrastrukturun müasirləşdirilməsi, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əsassız yoxlamaların aradan qaldırılması və s. olduğunu müəyyən etmişdir.

Əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz bütün qüvvə və bacarığımızı bu vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcək, xalqın rifahının daha da yaxşılaşdırılmasına hesablanan sosial-iqtisadi siyasətimizi qətiyyətlə davam etdirəcəyik.

Hörmətli deputatlar!

Ümidvaram ki, siz hesabatın müzakirəsində fəal iştirak edəcək, dəyərli təkliflərinizlə ümumi işimizə töhfənizi verəcəksiniz.

İmkandan istifadə edib qarşıdan gələn gözəl Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm.

Diqqətinizə görə sağ olun.

 

***

 

Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlanmışdır. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini, sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı cəmiyyətdə nikbin əhval-ruhiyyə və fikir formalaşdığını vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının inkişafından əldə olunan gəlirlər ölkənin təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat infrastrukturunun möhkəmlənməsinə yönəldilir. Yeni müəssisələrin və iş yerlərinin əksəriyyətinin regionlarda açılması faktı diqqətəlayiq addımdır.

Çıxışlarda vurğulanmışdır ki, hökumətin hesabatında ölkə həyatının bütün sahələri əhatə edilmiş, əsas göstəricilər öz əksini tapmışdır. Ötənilki müzakirələr zamanı deputatların səsləndirdikləri irad və təkliflərin nəzərə alınmasının müsbət hal olduğu bildirilmişdir.

Hökumətin qaçqınlar və məcburi köçkünlərlə bağlı gördüyü işlər də yüksək dəyərləndirilmişdir.

Eyni zamanda, istifadə olunmamış imkanlardan, ehtiyat mənbələrindən də danışılmış, Ermənistanla həmsərhəd yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin sovet dövründən qalma əmanətlərinin qaytarılmasının tezləşdirilməsi, informasiya müharibəsinə, elmi biliklərin inkişafına, ərzaq təhlükəsizliyi məsələlərinə, antiinflyasiya tədbirlərinin gücləndirilməsinə diqqətin artırılması barədə təkliflər səslənmişdir.

Azərbaycanın investisiya yatıran ölkəyə çevrilməsi üçün geniş maliyyə imkanlarının yarandığı vurğulanmış və bu istiqamətdə parlamentlə hökumətin sıx əməkdaşlıq şəraitində işləməsinin vacibliyi bildirilmişdir.

Neft gəlirlərinin xərclənməsində şəffaflığın qorunduğunu vurğulayan deputatlar, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsinin əhəmiyyətini diqqətə çatdırmışlar.

Müzakirələr başa çatdıqdan sonra Milli Məclis səsvermə yolu ilə Azərbaycan hökumətinin hesabat dövründəki fəaliyyətinin nəzərə alınması barədə qərar qəbul etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-16 mart.- S. 2.