Avstriya XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə çağırırıq

 

Avstriya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ATƏT-in Minsk qrupu çərçivəsində səyləri davam etdirməyə çağırır.

AzərTAc Avstriyanın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri bu ölkənin Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer Vyana İnstitutunda "Avstriyanın Qara dəniz və Cənubi Qafqaz bölgələrində xarici siyasəti" mövzusundakı çıxışında demişdir.

Nazir bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır və Avstriya bu istiqamətdə öz dəstəyini əsirgəməyəcəkdir.

Azərbaycan və Ermənistandan olan həmkarları ilə söhbətlərində tərəfləri problemi həll etmək üçün cəhdləri ikiqat artırmağa çağırdığını qeyd edən M.Şpindeleqqer vurğulamışdır ki, həll olunmamış münaqişələr bölgənin böyük potensialının reallaşdırılmasında əngəllər törədir.

 

 

Azərbaycan.- 2011.-16 mart.- S.3.