Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibətilə Qobustan rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür

 

Martın 16-da Milli Məclisin bir qrup nümayəndəsi Novruz bayramı münasibəti ilə Qobustan rayonunda məskunlaşmış Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər, Xocalı, Şuşa və Füzuli rayonlarından olan məcburi köçkünlərə baş çəkdilər.

Nümayəndə heyətini rayon icra hakimiyyətinin rəhbərliyi qarşıladı. Parlament nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan yeni salınmış parkda ulu öndərin heykəlini ziyarət edərək abidənin önünə qızıl güllər düzdülər.

Sonra Qobustan rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüş oldu. Çıxış edən Milli Məclisin işlər müdirinin müavini Şadət Nağıyev Milli Məclisin Sədri Oqtay Əsədovun salamlarını məcburi köçkünlərə çatdırdı, Novruz bayramı münasibətilə Milli Məclisin rəhbərliyi və deputatları adından onları təbrik etdi. Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinə həmişə diqqət və qayğı ilə yanaşır. Söhbət zamanı ölkə Prezidentinin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inam ifadə edildi.

Rayon icra hakimiyyəti başçısının müavini Füzuli Güləliyev rayonda məskunlaşmış 166 məcburi köçkün ailəsinə göstərilən daimi diqqət və qayğıya görə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən məcburi köçkünlər əziz bayram günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdar olduqlarını və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini bildirdilər.

Sonra məcburi köçkün ailələrinə bayram sovqatı paylandı.

 

Milli Məclisin mətbuat xidməti

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 2.