Uzunömürlülərin Novruz arzuları

 

Ulu Tanrı bizim yerlərdən səxavətini əsirgəməyib. Lerikin füsunkar təbiəti hələ iki əsr bundan əvvəl əcnəbi səyyahların diqqətini cəlb edib. Bir tərəfində şiş qayalı dağlar ucalır, bir tərəfi nadir ağaclarla zəngin meşələrdir. Buz bulaqları adla deyilir, otları və çiçəkləri can dərmanıdır. Kəklikli yamacları adama gəl-gəl deyir. Bu diyarı gəzib dolanan yoruldum söyləməz.

Doğma obamızı şöhrətləndirən təkcə ecazkar təbiəti deyil, dağ vüqarlı ağsaqqalları və ağbirçəkləridir. Onlar dağlar qoynunda xoşbəxt qocalıq ömrünü yaşayır, gün-güzəranlarından razılıq edirlər. Lerikdə elə bir kənd tapılmaz ki, uzunömürlüsü olmasın. Ağsaçlı babalar, ağbirçək nənələr bir gün belə bekar dayanmır, gücü çatdıqları işdən yapışırlar.

Novruz bayramı ərəfəsində belə uzunömürlülərin üçü ilə görüşmək, bir süfrədə duz-çörək kəsmək, bayram arzularını eşitmək mənə də nəsib oldu.

Əlif Heydərov Blaband kəndinin uzunömürlülərindən biridir. O, İkinci Cahan müharibəsinin orden-medallı veteranıdır. Qarşıdan gələn baharda 102 yaşı tamam olacaq. Müharibədən qayıdandan sonra nə az, nə çox, düz 45 il təsərrüfatda briqadir işləyib. Əliçörəkli taxılçı kimi el-obada tanınıb. Övladları, nəvələri zəhmətə bağlı adamlardır.

Söz-sözü çəkdi, söhbət axırıncı çərşənbədən düşdü. Əlif baba ötən illəri xatırladı:

- Axırıncı çərşənbədə torpağın donu açılır, insanların ovqatı təzələnir. Əkinçinin gözlədiyi yaz səpini gəlib çatır. Havalar mülayim keçən illərdə biz elə torpaq çərşənbəsində əkinə çıxardıq. Bizim kənddə axırıncı çərşənbədə evlərə baş çəkmək, qohum-əqrabalarla duz-çörəyi təzələmək, küsülüləri barışdırmaq qədimdən qalan ənənədir. Çərşənbədə doğulan uşağa adqoyma mərasimi bu gün də yaşayır. Ağsaqqallar və ağbirçəklər bir yerə cəm olub körpəyə ad qoyur, valideynlərinə gözaydınlığı verirlər.

Əlif babanın Novruz arzularını soruşdum. "Hamıya bol ruzi və rahatlıq, məmləkətimə əmin-amanlıq diləyirəm", - söylədi.

Kənddə Nəni Məmmədovanı "el anası" deyə çağırırlar. O, 101 yaşını qeyd etməyə hazırlaşır. Ömrünü halal zəhmətə, bir də övladlarının tərbiyəsinə bağlayıb. Necə deyərlər, qızıl kimi barmaqları var. Xalça, cecim, kilim toxuyub, müharibə illərində əsgərlərə isti corab göndərib.

Ağbirçəklə ikimərtəbəli evində görüşdük. Aynabənddə səməni qoyulmuşdu. Bu, Novruzun gəlişindən xəbər verirdi. Zarafatından qalmadı:

- Yenə məni sorğu-suala tutub uzun ömür sürməyimin səbəblərini soruşacaqsan?

- El adətinə görə bayram təbrikinə gəlmişəm, - dedim.

Ağbirçək yaddaşını yoxladı. Cavanlığında keçirdiyi İlaxır çərşənbədə bəxtinin açıldığından danışdı:

- Gec ərə getmişəm. Olardı 30-32 yaşım. Axırıncı çərşənbədə anam məni qonşuya, qapıda qulaq asmağa göndərdi. Eşitdiklərimi gəlib danışdım. Anamın üzü güldü. Dedi ki, Allah qoysa, bu yaxınlarda bəxtinə gün düşər. Elə də oldu. Bir həftədən sonra qulaq asmağa getdiyim evdən elçi gəldi, məni Səfərə nişanladılar. 60 il bir yerdə ömür sürdük. Oğul-qız anası oldum. Nəvələrim 61 nəfərə çatıb.

- Fəsli-baharda hansı arzularınız var? - soruşdum.

- Torpaqlarımızın tezliklə qaytarılmasını istəyirəm. Hər dəfə müharibə kəlməsini eşidəndə ana qəlbim odlanır. Allah qoysa, rəhbərimiz zəbt olunmuş yerlərimizi əmin-amanlıqla qaytarar.

Novruz ərəfəsində Peştətük kəndində 113 yaşlı Məhbubə nənə Fətullayevanın da qonağı olduq. Nəvələri yır-yığışda idilər, həyət-bacanı qaydaya salırdılar. Dedilər ki, nənə soyuqdəymədən balaca naxoşlamışdı. Həkimə ehtiyac olmadı. Yayda yığdığı otlardan dəmləyib içdi, dörd-beş günə ayağa qalxdı.

Məhbubə nənə ilə söhbətimiz uzun çəkmədi. İlaxır çərşənbə ilə bağlı yaddaşını aradım. Talışca bayatılar, laylalar, zərb-məsəllər dedi, mahnılar oxudu. Əlini 5 yaşlı oğlan nəvəsinin çiyninə qoyub bir bayatı dedi:

 

Bir gül əkdim boyunca,

İyləmədim doyunca.

Ömrüm, günüm uzansın

Bu balanın toyunca.

 

Ağbirçək dedi ki, İlaxır çərşənbədə səhərin gözü açılan kimi bulaq başına gedər, kuzələrdə su gətirib evlərə çilərdik. Bulaqdan götürdüyümüz yeddi ədəd çınqılı süfrəyə qoyardıq ki, həmin il bolluq olsun. Evlərə gedib bayram xonçasından bir neməti dadardıq. İndi də belədir.

El anasının Novruz arzuları çoxdur. Birinci arzusu əmin-amanlıq şəraitində ömür sürməkdir. Xoşbəxt qocalığından xeyli razıdır. Rahat ev-eşiyi, xoş güzəranı, övladlarının qayğısı ömrünə ömür calayır.

Lerik uzunömürlüləri ötən il gözəl bir hədiyyə aldılar. Şəhərdə təzə tikilmiş Uzunömürlülər Muzeyi qapılarını açdı. Bu, dünyada analoqu olmayan yeganə mədəniyyət mərkəzidir.

 

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2011.-17 mart.- S. 7.