Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası olmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilmişdir. İclas "Yaponiya zəlzələsi: geodinamik vəziyyət və faktlar" mövzusuna və digər məsələlərə həsr olunmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri iclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov müasir dünyada elmi-tədqiqatların mühüm rolundan danışmışdır. Mövzunun aktuallığını qeyd edən akademik M.Kərimov seysmoloji tədqiqatların genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamışdır. Sonra AMEA-nın respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun mövzu barədə təqdimatları olmuşdur.

Alimlər bu il martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami, onların səbəbləri və nəticələri haqqında danışaraq bildirmişlər ki, əldə olunan məlumatlara görə, həmin ölkədə yeraltı təkanların gücü açıq Rixter şkalası üzrə 8,9 bala çatmışdır. Zəlzələnin mənbəyi ölkənin əsas adası olan Hönsünün şimal-şərqində Miyaqi prefekturasının sahillərində Sakit okeanın 10 kilometr dərinliyində olmuşdur.

Martın 11-dən 16-dək ölkədə baş vermiş zəlzələlərin ümumi sayı isə 477-yə çatmışdır.

Eyni zamanda, son aylarda Azərbaycanda geodinamik şərait, seysmik vəziyyət barədə ətraflı məlumatlar verilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə kiçik yeraltı təkanlar qeydə alınsa da, güclü aktivləşmə yoxdur, güclü zəlzələlər gözlənilmir.

Mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

İclasda elmi-təşkilati və digər məsələlər də müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2011.-17 mart.- S. 8.