Azərbaycanda radikalizm tamamilə iflasa uğrayıb

 

Ölkəmizin dinamik inkişafı, beynəlxalq imicinin yüksəlməsi, regional güc mərkəzinə çevrilməsi antiazərbaycançı şəbəkəni yenə narahat etməkdədir. Elə bu şəbəkənin havasına oynayan radikal müxalifət aldığı tapşırıqlar əsasında respublikamızda ictimai rəyi çaşdırmaq üçün vurnuxmağa başlayıb. Əməlləri xalqımıza və dövlətimizə qarşı yönələn radikal düşərgənin məhz yenə də antiazərbaycançı şəbəkənin diktəsi ilə fəallaşmağa cəhd göstərməsinin, respublikamızda hər vəchlə sabitliyin pozulmasına çalışmasının səbəbi hər kəsə aydındır. Çünki sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu yolla utopik niyyətinin gerçəkləşməsinə ümid edir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə müsahibəmiz də bu mövzudadır.

 

- Mübariz müəllim, belə hesab etmək olarmı ki, radikal müxalifətin martın 11-12-də baş tutmayan, eləcə də bir gün sonra keçirməyə cəhd göstərdiyi qanunsuz aksiya, əslində, növbəti dəfə onun sosial bazasının tam tükənməsinin nümayişi idi?..

- Bu il biz dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd edəcəyik. Ötən illər ərzində Azərbaycan siyasi, sosial-iqtisadi və digər sahələrdə böyük inkişaf yolu keçib. Eyni zamanda, xalqımız dövlət müstəqilliyinin bərpasından sonra ötən müddət ərzində kimin kim olduğunu və kimin hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə görə bilib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi təmin edildi, hüquqi-demokratik dövlət quruculuğu həyata keçirildi. Bu gün Prezident İlham Əliyev tərəfindən dövlətimizin və xalqımızın maraqlarını müdafiə edən böyük siyasət həyata keçirilməkdədir. Ölkəmiz iqtisadi sahədə böyük sıçrayışla inkişaf edir, bunun nəticəsi olaraq ilbəil vətəndaşların həyatında, sosial rifahında müsbətə doğru mühüm dəyişikliklər baş verir. Eyni zamanda, Azərbaycanın iqtisadi yüksəlişi ölkəmizin beynəlxalq və regional qüdrətini artırır. Respublikamızın iqtisadi baxımdan güclənməsi və beynəlxalq imicinin yüksəlməsi Ermənistanın təcavüzü ilə yaranmış Dağlıq Qarabağ probleminin həll edilməsinə də öz təsirini göstərməkdədir. Belə olan şəraitdə Azərbaycan vətəndaşları milli maraqları həyata keçirən Prezident İlham Əliyevin siyasətini birmənalı müdafiə edir.

Təbii ki, cəmiyyətdə azlıqda qalan, deyərdim ki, həddindən artıq qisasçılıq, radikallıq, eyni zamanda nəyin bahasına olursa-olsun hakimiyyətə çatmaq hərisliyi ilə alışıb yanan azlıq mövcuddur. Bu azlıq, şərti olaraq, radikal tərəf və ya qrup adlandırılır. Radikal qrup müxtəlif zamanlarda hay-küylə, şantajla, böhtanla, müxtəlif çirkin vasitələrlə respublikamızda əhalini hakimiyyətə qarşı qaldırmağa cəhdlər göstərib. Lakin bu cəhdlərin hamısı puça çıxıb. Son parlament seçkiləri də Azərbaycanda radikalizm əhvali-ruhiyyəsinin tamamilə iflasa uğradığını əyani şəkildə bir daha sübut etdi. Radikal müxalifət nümayəndələri parlamentdə, demək olar ki, bir dənə də olsun deputat mandatı əldə edə bilmədi. Çünki cəmiyyət onları müdafiə etmədi, dəstək vermədi.

Son günlərdə bu radikal qruplaşma, - bunun sırasına Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları, onların ətrafında olan məhdud sayda qruplar daxildir, - xarici təsirlərin diktəsi ilə yenidən fəallaşaraq vətəndaşları, xüsusilə gəncləri hakimiyyət əleyhinə küçə yürüşlərinə, mitinqlərə sövq etməyə cəhd göstərirlər. Ötən həftənin şənbə günü belə bir cəhd yenə edildi. Bu cəhdin özü radikal əhvali-ruhiyyənin puç və mənasız olduğunu, heç bir dəstək qazanmadığını bir daha ortaya qoydu.

Martın 12-də olduğu kimi, bütün hallarda radikal müxalifətin qeyri-qanuni əməllərinin qarşısı alınacaq. Əgər kimsə qanuna qarşı gedəcəksə, qanun onun üzərinə gələcək. Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyət o səviyyədə deyil ki, hansısa radikal qrup cəmiyyətimizdə sabitliyi pozsun, aranı qarışdırsın, ölkənin milli maraqlarına zidd hərəkətlərə rəvac verə bilsin. Azərbaycan vətəndaşı üçün ictimai-siyasi sabitlik daha önəmlidir. İctimai-siyasi sabitlik ölkənin sosial-iqtisadi inkişafı, vətəndaşların bütün hüquqlarının təmin olunması deməkdir. Bu gün Azərbaycanda MDB-nin digər dövlətləri ilə müqayisədə kriminogen durum tam nəzarət altındadır, cinayətkarlığın səviyyəsi çox aşağıdır. Bütün bunların fonunda radikal düşərgənin cəhdləri iflasa məhkumdur.

Azərbaycanda çoxpartiyalı sistem mövcuddur, 50-yə yaxın siyasi partiya var. Milli Məclisdə 12 siyasi partiya təmsil olunur. 2010-cu ilin parlament seçkilərində seçicilərin təxminən 6-7 faizi müxalifətə səs verdi. Lakin bu 6-7 faizin bəlkə də cəmi 0,1 faizi müxalifətin radikal qanadını dəstəklədi. Qalanı isə konstruktiv yönümlü müxalifətə səs verdi. Bu bir daha onu göstərir ki, cəmiyyətimiz radikalizmə deyil, konstruktiv əməkdaşlığa köklənib. Ona görə də müxalifətyönümlü dairələrin radikal qanadının yenidən küçələrə çıxmaq, vətəndaşları hakimiyyət əleyhinə qeyri-qanuni əməllərə sövq etmək fəaliyyəti elə beşikdəcə iflasa uğrayır.

- Sosial şəbəkələrdə mitinqə çağırışla bağlı YAP fəalları araşdırmalar aparıblar. Ortada hansı faktlar var?

- Müasir dövrdə bütün dünyada hər kəs internetin imkanlarından yararlana bilir. Azərbaycan da demokratik ölkədir və əhalinin böyük əksəriyyəti internet xidmətlərindən bəhrələnir. İnternetin imkanlarından YAP da geniş istifadə edir. YAP internet saytı fəaliyyət göstərir və burada partiyanın fəaliyyəti geniş şəkildə işıqlandırılır, gündəlik xəbərlər yerləşdirilir.

Bütün əhali kateqoriyaları arasında xüsusən gənclərin internetdən istifadə əmsalı daha yüksəkdir. Bu da təbiidir, çünki gənclik daha enerjilidir. YAP üzvü olan gənclər də internet xidmətlərindən bəhrələnirlər. YAP-ın Gənclər Birliyi internetdəki sosial şəbəkələrdə öz qruplarını yaradıb. Bu qrupların qarşısında duran əsas vəzifələr Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, erməniləri ifşa etmək, "Xocalıya ədalət" kampaniyası ilə əlaqədar işlər görmək, ölkəmizin turizm imkanlarını təbliğ etmək və sairədir. YAP Gənclər Birliyi bütün bu istiqamətlərdə aktiv fəaliyyət həyata keçirir. Ermənilərin internetdə respublikamızın əleyhinə apardığı təşviqatın qarşısının alınması üçün YAP Gənclər Birliyinin sosial şəbəkədə ingilisdilli qrupu da fəaliyyət göstərir.

O da bəllidir ki, sosial şəbəkələrdə bəzi qruplar Azərbaycan dövləti və hakimiyyəti əleyhinə təşviqat aparır, gəncləri müxtəlif siyasi aksiyalara çağırır. YAP Gənclər Birliyi bununla bağlı araşdırmalar aparıb. Sosial şəbəkə olan Facebook-da "11 mart" adlı qrup var. Bu qrupu yaradanlar Azərbaycan gəncliyini mitinqlərə, nümayişlərə çağırırlar. Araşdırma nəticəsində məlum oldu ki, "11 mart" adlı qrup əvvəllər başqa adlar altında fəaliyyət göstərib. Bir neçə dəfə adını dəyişən qrup gəncləri öz ətrafına yığmaq üçün onları müxtəlif mövzularda - xaricdə təhsil, mədəniyyət və digər məsələlər ətrafında müzakirələrə cəlb etməyə çalışıb. İlk baxışdan burada qəribə heç nə görünmür. Xüsusən təhsil məsələsi gəncliyi maraqlandıran mövzudur. Ona görə sosial şəbəkələrdə iştirak edən gənclər bu müzakirələrə qatılıblar. Aydındır ki, bu zaman qrupa çoxsaylı iştirakçı qoşulub. Sonra isə qrupu yaradanlar onun adını dəyişdirərək "11 mart" ediblər və əvvələr müxtəlif müzakirələr adı altında cəlb etdikləri gəncləri də 11 mart mitinqində iştirak etmək istəyənlər kimi göstəriblər. Araşdırma zamanı məlum oldu ki, gənclərin böyük əksəriyyəti "11 mart" qrupunu idarə edənlərdən həm siyasi, həm məqsəd, həm də dünyagörüşü baxımından fərqlənirlər. Sadəcə olaraq onlar əvvəllər başqa ad altında fəaliyyət göstərən qrupun müzakirələrinə cəlb olunublar. Qrupun adı dəyişilib "11 mart" olandan isə onlar qrupdan imtina ediblər. Gənclər yazdıqları məktublarda da qeyd ediblər ki, adları "11 mart" qrupuna əvvəlki adlar zamanı açılan müzakirələrdə salınıb.

Araşdırmalar zamanı başqa bir fakt da ortaya çıxdı. Məlum oldu ki, sosial şəbəkələrdə ölkəmizə qarşı bu cür fəaliyyət göstərən qruplar xarici ölkələrdən idarə olunur, lakin onun təşkilatçıları vətəndaşları Bakıda siyasi aksiyalara dəvət edir. Yazışmalar zamanı biz müəyyən etdik ki, erməni gəncləri də qrupda iştirak edir, hətta erməni dilində yazılar da verirlər.

Həmin qrupda muzdla tutulmuş və müxtəlif adlarla fəaliyyət göstərən şəxslər indi Azərbaycan gəncliyini ittiham edən yazılar yazır, hətta bəzən təhqirə də keçirlər ki, niyə gənclik aksiyada iştirak etmir. Üslubdan, yazıların məzmunundan da hiss olunur ki, bu yazıları eyni adamlar yazır. Əslində isə, bu, fiksiyadır, şişirtmədir. Azərbaycanda aranı qarışdırmaq üçün sifariş verənlərin qarşısında, guya, fəaliyyət göstərdikləri barədə imitasiya yaratmaqdan başqa bir şey deyil.

Biz əvvəldən də bildirmişdik ki, Azərbaycan gəncliyi 11 mart mitinqinə dəstək verməyəcək və radikalların siyasi aksiyası iflasa uğrayacaq. Həqiqətən də belə oldu. Onlar "11 mart" adı altında gəncləri küçələrə dəvət etdilər. Azərbaycan gəncliyi isə onlara "yox" dedi. Həmin iflasın nəticəsini özləri də gördülər.

Martın 12-də isə Müsavat Partiyası Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd göstərdi. Nahar fasiləsi olduğundan biz də bu ərazidə idik və ona görə qanunsuz aksiya cəhdini izləməyə imkanımız oldu. Gördük ki, cəmi 25-30 nəfər radikalyönümlü şəxs şüarlar səsləndirməyə cəhd göstərir. Təbii ki, aksiya qeyri-qanuni olduğuna görə polis səriştəli şəkildə, hüquq qaydaları çərçivəsində bunun qarşısını aldı. Bununla belə, aksiya keçirmək istəyənlər yenə də imitasiya yaratmağa cəhd göstərdilər. Şəkillərdən görünür ki, biri hətta paltarını soyunub. O adama heç kim təzyiq göstərmirdi. Kiminsə paltarını əynindən necə çıxarmaq olar? O, paltarını qəsdən, məqsədyönlü şəkildə soyundu. Çünki bununla belə təəssürat yarada bilərdi ki, guya ona qarşı zor tətbiq edilib. Lakin orada olan bütün insanlar gördülər ki, həmin adam özü qəsdən bu hərəkəti edir.

Təbii ki, belə metodlar, imitasiyalar heç vaxt alınmayacaq. Orada olan xarici müşahidəçilər də gördülər ki, radikal düşərgə miskin vəziyyətdədir. Bu gün Müsavat Partiyası və AXCP dərnək səviyyəsində olan təşkilatlardır. Dərnək səviyyəsində olan qrup isə, təbii ki, Azərbaycan ictimai-siyasi həyatına təsir etmək imkanına malik ola bilməz. Onlar yalnız o halda Azərbaycan ictimai-siyasi həyatında iştirak edə bilərlər ki, konstruktiv şəkildə fəaliyyət göstərsinlər və hər şeyi qara rəngdə görməsinlər. Eyni zamanda, öz fəaliyyətlərini milli maraqlar çərçivəsində qursunlar. Bəzən xarici nümayəndələr bizə deyirlər ki, müxalifət zəifdir, onlara dəstək verilməlidir və sairə. Biz nə etməliyik? Əgər müxalifət müəyyən proqramla çıxış edə bilmirsə, ona necə kömək edə bilərik? Siyasi proses çox mürəkkəbdir. Bu prosesdə milli maraqları arxa plana keçirən siyasi partiya mütləq iflasa məhkumdur.

- Radikal düşərgə mart iflasından sonra böyük iddialarla aprelə hazırlaşır. Aksiyanın baş tutub-tutmayacağı məlum deyil, amma indidən çox "maraqlı" ad tapıblar...

- Ümumiyyətlə, müxalifətin radikal qanadının "texnoloqları" otaqlarında oturub böyük xəyallarla yaşayırlar. Molla Nəsrəddin lətifəsində deyildiyi kimi, xəyalplovdurlar. Bunun nəticəsidir ki, həmin adamlar siyasətdə iflasa uğrayıblar. Amma dərk etmək istəmirlər, hələ də başa düşmürlər ki, siyasi səhnədən gediblər. Məşhur ərəb ifadəsində deyildiyi kimi: kim ki bilir və bildiyini bilir, o, daha ağıllıdır. Amma bunlar bilmədiklərini dərk etmirlər. Bunlar bilmirlər ki, cəmiyyətdə nüfuzları yoxdur və yaxud bilirlər, amma özlərini bilməzliyə vururlar.

Radikal müxalifət aprelə planlaşdırdığı aksiyanı qanun çərçivəsində keçirmək istəsə, dövlət orqanları onlara imkan yaradacaq. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsasən, siyasi aksiya müvafiq icra hakimiyyətinə məlumat verilərək keçirilməlidir. Bu, bütün dünyada belədir. Müraciət etdikdən sonra təklif olunan yerdə qanun çərçivəsində toplaşa bilərlər.

Sosial bazası tükəndiyi üçün Müsavat Partiyası martın 11-də təklif olunan yerdə mitinq keçirmədi. Fəvvarələr meydanı isə şəhər əhalisinin istirahətə, gəzməyə üstünlük verdiyi əsas məkanlardan biridir. Müxalifət bu cür yerlərdə mitinq keçirməyə cəhd göstərməklə, birincisi, insanların rahatlığını pozur, ikincisi isə, aydın məsələdir ki, həmin meydanda iki adam sözləşsə, kənardan insanlar onlara baxacaq və ya müdaxilə edib onları ayırmaq istəyəcək. Radikal düşərgənin məqsədi odur ki, mitinqi əhalinin gur olduğu yerdə keçirsin və gəzintiyə çıxanları da aksiya iştirakçısı kimi qələmə versin. Sonra da göstərsinlər ki, aksiya yüksək səviyyədə baş tutdu. Hesab edirəm ki, bu, sadəcə özünü aldatmaqdan başqa bir şey deyil. Aprelin 2-də keçirmək istədikləri mitinqin necə adlandırılması radikal müxalifətin öz işidir. Amma hər halda, indidən "böyük məğlubiyyət" və ya "böyük məyusluq" adlandırsalar, daha yaxşı olar.

- Son vaxtlarda ərəb ölkələrində baş verən hadisələrdən "ruhlanan" radikal qruplaşma ictimai rəyi aldatmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Bu barədə nə deyə bilərsiniz?

- Bu cür düşünmək tamamilə yanlışlıqdır və xəstə təxəyyülün məhsuludur. Belə iddialarla çıxış edənlər, çox güman ki, ayrı-ayrı ölkələrin ictimai-siyasi həyatı ilə tanış deyillər. Bir sıra ərəb ölkələrində baş verən proseslərin kökündə tamamilə başqa məqamlar dayanır. Həmçinin bu ölkələrdə cərəyan edən proseslərin səbəbləri də bir-birindən fərqlənir. Ona görə ərəb ölkələrində baş verən hadisələrin Azərbaycanda təkrarlanacağını iddia etmək məntiqsizlikdən başqa bir şey deyil.

Azərbaycan siyasi vəziyyətinə, inkişaf səviyyəsinə, geocoğrafi mövqeyinə görə fərqlənir. Eyni zamanda, Azərbaycanın keçdiyi inkişaf yolu tamamilə fərqlidir. Azərbaycan normal demokratik mühitə malik olan ölkədir. Söz azadlığı, insanların bütün hüquqları təmin olunub. Azərbaycanda azad mətbuat var, siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərir. Bizim üzləşdiyimiz problemlər də tamamilə fərqlidir. Belə olan halda Azərbaycanda baş verənləri ərəb dünyasındakı hadisələrlə bağlamaq, hesab edirəm ki, müxalifətin proqnoz verən nümayəndələrinin geopolitik məsələləri yaxşı bilməmələri, ya da məsələləri qəsdən təhrif etmələrindən irəli gəlir.

Bir neçə il bundan əvvəl Ukrayna, Gürcüstan və Qırğızıstanda da siyasi gərginliklər yaşandı. O zaman da radikal düşərgə həmin hadisələrin Azərbaycanda təkrarlanacağı haqda utopik iddialara düşmüşdü. Respublikamızdakı ictimai-siyasi vəziyyəti ərəb dünyasındakı hadisələrlə eyniləşdirmək istəyənlər yenə də səhv etdiklərini anlayacaqlar və başa düşəcəklər ki, Azərbaycan özünəməxsusluğu ilə seçilən ölkədir.

- Hökumətin hesabatını necə qiymətləndirirsiniz?

- Hökumətin hesabatı Azərbaycanın 2010-cu ildə əldə etdiyi uğurların qeyd olunması ilə bərabər qarşıda duran vəzifələrin izahı baxımından olduqca əhəmiyyətli idi. Hesabatda müxtəlif sahələr üzrə görülmüş işlər qeyd olunmaqla yanaşı, eyni zamanda problemlər də təhlil olunur. Həmçinin hökumət 2011-ci ildə dünyada baş verən hadisələri nəzərə alaraq bəzi tədbirlər həyata keçirmək niyyətini ifadə edib.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 2010-cu ili dünyada baş vermiş iqtisadi konyunktura və dünya iqtisadi böhranının təsiri ilə əlaqədar bəzi problemlərə baxmayaraq, uğurla başa vurub. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bunu xüsusi qeyd etdi. Ötən il ümumi daxili məhsulun 5 faizlik artımı çox böyük uğurdur. Eyni zamanda, ötən il mühüm sosial-iqtisadi layihələrin icrası davam edib.

Azərbaycan hökumətinin 2010-cu ildə göstərdiyi uğurlu fəaliyyət nəticəsində mühüm irəliləyişlər olub. Parlamentdəki müzakirələr zamanı da deputatlar öz təkliflərini bildirdilər, müxtəlif fikirlər səsləndirdilər. Təbii ki, hökumət bunların əsaslı olanlarını gələcək fəaliyyətində nəzərə alacaq. Biz hökumətin 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndiririk.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-18 mart.- S. 4.