Sumqayıtın Novruz növraqı

 

Bütün bayramları maraqlı töhfələrlə qarşılamaq Sumqayıtda artıq ənənə şəklini alıb. İlk çərşənbədən başlayaraq şəhərin bayram əhval-ruhiyyəsinin əvvəlki illərdən fərqi o saat nəzərə çarpırdı. Müxtəlif yerlərdə Novruzun rəmzi olan səməni xüsusi işıqlandırma ilə quraşdırılmışdı, reklam tablolarında şəkərbura, paxlava daha çox diqqəti cəlb edirdi. Həm öncəki bayramlar ərzaq məhsullarına qiymətlərin qalxması ilə müşayiət olunurdusa, bu dəfə bazarlardakı ucuzluq şəhər əhalisinin ürəyincə oldu.

Su, Od, Yel Torpaq çərşənbələrində şəhərin müxtəlif guşələrində məhəllə mikrorayonlarında tonqallar alovlanır, adamlar gecə yarıdan keçənədək şənlənirdi.

Novruz bayramı günü şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri dəstə-dəstə Kimyaçı mədəniyyət sarayının qarşısına axışırdı. Bayram münasibətilə şəhərin müxtəlif təşkilatlarının bəzədikləri maşınlar cərgə ilə meydandan keçdi, motosikletçilərin göstərdikləri akrobatik hərəkətlər maraqla qarşılandı. Gənclər idman, səhiyyə, təhsil, mədəniyyət şöbələri işçilərinin, şəhərin şərəfini uca tutan insanların meydandan keçidi alqışlarla qarşılandı. At belində cəngavərlərin, Bahar qızın dəvə karvanının buraya gəlişi böyük canlanma yaratdı.

Rəsmi keçiddən sonra şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov onu müşayiət edən ictimaiyyətin nümayəndələri meydanda qurulmuş çadırlara doğru addımladılar. Milli məişətimizi əks etdirən səhnələr göz oxşayırdı. Bir yanda idmançılar öz məharətlərini nümayiş etdirirdi, başqa bir tərəfdə rəsm həvəskarlarının əsərləri sərgilənmişdi. İncəsənət ustalarının təqdimatında milli adət-ənənələr, yaşı əsrlərlə ölçülən alətlər hamını heyran qoymuşdu. Şəkərbura, paxlava manqallarda kabab bişirənlər bayram ovqatını artırmışdı. "Novruz gəlir, yaz gəlir" adlı konsert proqramı könülləri oxşayırdı.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-20 mart.- S. 10.