Azərbaycan ilə Surinam arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev martın 17-18-də Surinamda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, martın 18-də A.Mehdiyev Surinamın xarici işlər naziri Vinston Lakin ilə görüşmüşdür.

Görüşdə ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, üzv olduğu beynəlxalq təşkilatlarda mövqelərinin daha da yaxınlaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılmışdır. A.Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin işğal edilməsi, münaqişə zamanı respublikamızın mülki əhalisinə qarşı ağır beynəlxalq cinayətlərin törədilməsi barədə məlumat vermişdir. Səfir Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll edilməsinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.

Görüşdə ölkələrimiz arasında siyasi, hüquqi, iqtisadi, texniki, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Bundan əlavə, tərəflər yüksək səviyyədə görüşlərin keçirilməsinin və məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 3.