Novruz nəğmələri

 

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Sən gələndə yaz olur

Yaz olur, avaz olur.

Xoşdur dədənin sazı,

Yazda ötkəm avazı.

Səməni, can səməni,

Göyərdərəm mən səni.

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Səndən mən can istərəm,

Damara qan istərəm.

Qanım təmiz gərək,

Dosta sanım gərək.

Sənsiz qanım olmaz,

Cansız sanım olmaz.

İllətimin loğmanı,

Yamanlığın amanı,

Səməni, ay səməni,

Göyərdərəm mən səni.

Səməni, ay səməni

Göyərdərəm mən səni.

 

* * *

 

Başım, dişim ağrımasın,

Ağrılarım yarımasın,

Düşmənlərim qarımasın.

Cancığazım üzülməsin,

Gözlərimə süzülməsin.

Səməni, ay səməni,

Göyərdərəm mən səni,

Səməni, can səməni,

Gözlərimə işıq ver,

İşıq ver, yaraşıq ver.

Dizimə taqət gəlsin,

Qoluma qüvvət gəlsin.

 

* * *

 

Səməni, ay səməni,

Sən gələndə yaz olur,

Saz olur, avaz olur.

Səməni, saxla məni

Səməni, can səməni,

Göyərdərəm mən səni.

 

* * *

 

Səməni

Al məni,

Hər yazda

Sən yada

Sal məni.

 

* * *

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməniyə saldım badam,

Qoymurlar bir barmaq dadam.

Səməni, bezana gəlmişəm,

Uzuna-uzana gəlmişəm.

 

* * *

 

Ağırlığım-uğurluğum odlara,

Yazda mənlə hoppanmayan yadlara.

Ağırlığım od olsun,

Odda yanan yad olsun.

Yaddan yad olar,

Qohumdan dad olar.

Qohum-qohumdur

Yamanı da canımdır.

Aydan arı camalam,

Sudan duru camalam.

Alovdan atlanmaq gərək,

Cəfaya qatlanmaq gərək,

Oddan aman olmaz

Yaddan qanan olmaz,

Ağırlığım-uğurluğum odlara,

Yazda mənlə hoppanmayan yadlara.

 

Dədəm gəlsin, saz gəlsin,

Oymağımıza yaz gəlsin.

Qoşqu deyib heyləsin,

Bahar söyü söyləsin.

Bahara avaz gərək,

Avaza yaz gərək.

Taxılsın saza novruzgülü,

Kəsilsin yamanın dili.

Anlamazı dədəm andırsın,

Doğru yolu qandırsın,

saqqalım işıqdır,

Bahara yaraşıqdır.

Ağırlığım-uğurluğum odlara

Yazda mənlə hoppanmayan yadlara

 

* * *

 

Xonçaya qoydum balığı,

Al boyadım ortalığı,

Gərdişə sal çalmalığı,

Çünki gəlibdi Firuz.

Xoş keçəcəkdi Novruz.

Küsülüləri barışdırın,

İşıqları alışdırın,

Küsülüləri barışdırın,

Küsülülərim düz gəlir,

Şənlik gəlir, şuxluq gəlir.

Bahar gəlir, nəfəs gəlir,

Oxumağa həvəs gəlir.

 

* * *

 

Dövrə vuraq hal eyləyək.

Küsülülərə yol eyləyək,

Öyüdləri bol eyləyək.

Küsülülərim düz gəlir,

Şənlik gəlir, şuxluq gəlir,

Bahar gəlir, nəfəs gəlir,

Oxumağa həvəs gəlir.

Küsülülər gəldi peymana,

Dədə gəlsin meydana.

Meydanda tavar saz olsun,

Avazlarımızı bir görək,

Küsülülər öpüşsün gərək,

Küsülülərim düz gəlir,

Şənlik gəlir, şuxluq gəlir,

Bahar gəlir, nəfəs gəlir.

Oxumağa həvəs gəlir.

 

 

Azərbaycan.- 2011.- 20 mart.- S. 7.