Ordubadın memarlıq inciləri

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad təkcə təbii gözəllikləri, relyefi, flora və faunası ilə öyünmür. Burada tarixilik baxımdan diqqəti cəlb edən qədim yurd yerləri və məskənlər, həmçinin tarixi abidələr rayonda məskunlaşmış etnosların yüksək mədəniyyətindən, mənəvi irsindən xəbər verir.

Qaynaqlarda Ordubad sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əsasən bu adın qədim türk dillərində "xan duşərgəsi", "iqamətgah", "qərargah" mənalarında işlədilən "ordu" və "abad" sözlərinin birləşməsindən əmələ gəldiyi göstərilir. Keçmişdə şəhərin adı Orduvar şəklində qeydə alınıb. Mahmud Kaşğari bu sözü "xaqanın yaşadığı yer, iqamətgah" mənasında işlədib. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Orduvad" adlanıb, "Bəyin qalası" mənasını ifadə etdiyini bildirir. Onun fikrincə, "Bəy qalası" sonralar böyüyərək şəhərə çevrilmişdir.

Yazılı qaynaqlarda Ordubadın orta əsrlərdə böyük şəhər olduğu göstərilir. Onun haqqında ərəb, türk, fars, gürcü, erməni və Avropa mənbələrində ətraflı məlumatlar verilir. Şəhərin salındığı tarix dəqiq müəyyənləşdirilməsə də, onun adı ilk dəfə VII əsrə aid mənbələrdə çəkilir. Yepiskop Sebeos həmin dövrdə ərəb istilalarından danışarkən "işğalçıların buradan keçməsini" göstərmişdir. Səfəvi tarixçisi İsgəndər Münşi Ordubadın gözəl meyvə bağları ilə əhatə olunduğunu qeyd edir. XIX əsrdə yaşamış etnoqraf və tarixçi, milliyyətcə fransız olan İ.İ.Şopen Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə həsr etdiyi əsərində buranı "bütün Qafqazın ən şairanə, dilbər guşələrindən biri" adlandırır.

Bu böyük şəhər orta əsrlərdən ərazisinə görə "Ambaras", "Kürdata", "Üçtürləngə", "Mingis", "Sərşəhər" kimi bir neçə böyük məhəlləyə bölünüb. Ancaq onu da qeyd edək ki, şəhərdə "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Körpübaşı", "Bəylər", "Qoşqar" və bu kimi kiçik məhəllələr də mövcuddur.

Rayon ərazisi bəşər sivilzasiyasının ilkin insan məskənlərindən biridir. Buradakı Kilid mağarası Daş dövrünün abidəsi olmaqla o dövrdə insanların yaşayış yeri, sığınacağı olmuşdur.

Rayon ərazisində qeydə alınan 292 abidənin hər biri tariximizin dərin və sirli qatlarından soraq verir. Bu abidələrdən dördü dünya əhəmiyyətli hesab olunur. Muncuqlutəpə nekropolu Dəmir dövrünə aid arxeoloji abidədir, Xaraba Gilan və Plovdağda isə e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar üzə çıxarılıb.

 

* * *

 

Dünyanın müqəddəs panteonlarından sayılan, dəniz səviyyəsindən 3900 metrdən də artıq hündürlükdə yerləşən Qapıcıq dağının ətəyində, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya abidəsi də Ordubad ərazisindədir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, "o, təkcə təbiətin böyük bir abidəsi olmayıb, eyni zamanda, min illərlə insan yaradıcılığının məhsuludur".

Minlərlə qayaüstü rəsmlərin həkk olunduğu ərazidə qədim yurd yerlərinin qalıqları aşkara çıxarılıb. Sərt və sıldırım qayaların üzərində insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, piktoqrafik xarakterli rəmzi işarələr və təsvirlər məharətlə həkk olunub. Türk xalqlarının totemlərlə bağlı təsvirləri də özünə geniş yer alıb. Səma cismləri ilə əlaqədar daş üzərində qazılmış təsvirlər ciddi maraq doğurur. Gəmiqaya təsvirləri eramızdan əvvəl VI-I minilliklərdə yaşamış tayfaların həyat tərzini və mədəni inkişaf yollarını hərtərəfli izləməyə imkan verir. O, bəşər sivilzasiyasının ilkin yaşayış məskənlərindən biri sayılır. Məkrli erməni iddialarında Gəmiqayanın adının tez-tez çəkilməsi də onların bu torpağa və tarixə "sahiblik" iştahalarından irəli gəlir.

Gilançayın sahilində, təpələr və dağlar üzərində yerləşən Xaraba Gilan ərazisində Antik dövrdə şəhər mədəniyyəti yaranmış, sonralar bu yaşayış yeri ölkəmizin mühüm ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişdir. Şəhər xarabalıqları yüz hektardan artıq ərazini əhatə edir. Arxeoloji qazıntılar nəticəsində daş, çiy və bişmiş kərpicdən tikilmiş yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və digər tikinti qalıqları aşkar edilmiş, XII-XIV əsrlərə aid gil qab və memarlıq fraqmentləri üzərində kufi, nəsh xətlərlə yazılara rast gəlinir.

Onu da deyək ki, Gilan sözünün etimologiyası haqqında da müxtəlif fikirlər səslənməkdədir. Bu söz qaynaqlarda "böyük", "möhtəşəm", "giləklərin yaşadığı yer" kimi göstərilsə də, böyük şərqşünas alim, akademik Bartold Gilan adının kadusi tayfalarının bir qolu olan "gellərin yaşadığı yer" mənasını ifadə etdiyini yazmışdır. Deyilənlərə görə, XIV əsrdə monqol istilaları zamanı şəhər büsbütün dağıdıldığından onun xarabalıqlarına yerli əhali tərəfindən Xaraba Gilan adı verilib.

 

* * *

 

Ordubad qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubuyla ilə seçilən tarixi abidələri ilə də məşhurdur. Bölgə ərazisindəki dünya əhəmiyyətli abidələrdən biri də orta əsr Ordubad şəhəri olub. Necə deyərlər, bütöv şəhər ərazisi arxeoloji abidə kimi qeydə alınıb. Əldə olunan maddi mədəniyyət nümunələri də orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Arxeoloji abidənin xeyli hissəsi müasir tikililərin altında qalsa da, Came məscidinin təmiri zamanı üzə çıxarılan bir kitabə onun VIII əsrdə mövcud olduğunu göstərib. Rayon mərkəzində orta əsrlərə aid yaşayış evlərinin və memarlıq abidələrinin bir qismi isə bugünədək qalmaqdadır.

Özünəməxsus memarlıq quruluşu və tarixi abidələri ilə fərqlənən Ordubad 1977-ci ildə Azərbaycan hökumətinin qərarı ilə qoruq şəhərə çevrilib. O vaxt bu cür statusa malik olan yaşayış yerləri sırasında İçərişəhər, Şuşa və Şəki şəhərləri də olub. Onların hər birində də rayon və ya şəhər mədəniyyət şöbələrinin tabeliyində tarix-memarlıq qoruğu yaradılıb. Bu qoruqların qarşısında duran başlıca vəzifə isə ərazidəki abidələrin mühafizəsi, onların təbliği ilə məşğul olmaqdan ibarət olub.

Rayon mərkəzinin ümumi panoramı yaradan yaşayış binaları onu digər şəhərlərdən xeyli fərqləndirir. Küçələr boyu relyefdən asılı olaraq müxtəlif yüksəkliklərdə iki-üç, bəzən isə daha artıq meydan yerləşir. Hər bir meydan özündə bir sıra elementləri əhatə edir. Bura Kiçik Məhəllə məscidi, kəhrizlər və meydanı öz çətiri ilə örtən çinarlar aiddir. Qoşaqanadlı çinarlar, qiymətli su mənbəyi olan kəhrizlər də buranın qədim tarixindən soraq verir. İlk baxışdan sadə görünsə də, mürəkkəb quruluşa, "unikal" hidrotexniki qurğulara malik kəhrizlər əhalini təkcə içməli və təsərrüfat suyu ilə təmin etməmiş, həmçinin onlar memarlıq abidəsi kimi də tanınmışlar. Başqa bölgələrdən fərqli olaraq, burada kəhrizlər yeraltı tunellər şəklində tikilib. Onların bir çoxu isə qırx pilləlidir. Vaxtilə Qafqaza sürgün edilən böyük fransız yazıçısı və səyyahı A.Düma bu gözəlliklərə heyran qaldığını bildirmişdir.

 

* * *

 

Ordubad şəhərində qürurla dayanan, qamətini itirməyən xeyli sayda tarixi-memarlıq abidələri var. Onların arasında məscidlər bir qədər çoxluq təşkil edir. Tariximizin orta dövrlərində yaradılan bu məscidlər yalnız namaz qılmaq üçün ibadətxana funksiyasını yerinə yetirməyib. Zaman keçdikcə məscidlərdə tədris müəssisələrinin açılması, onların mədəniyyət mərkəzləri funksiyalarını yerinə yetirməsi, dəftərxana işlərinin görülməsi və ədəbi məclislərin keçirilməsi deyilənləri təsdiqləyir. Tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərlinin sözlərinə görə, orta əsrlərdə Came məscidlərində sədəqə və hədiyyələr toplanılaraq elə oradaca ehtiyac içərisində yaşayanlara paylanmışdır.

Şəhərin mərkəzi meydanında, Bərəkə dağının sinəsində ucalan 7 min nəfərlik Cümə məscidi də bu cür funksiyaları yerinə yetirib. O, əzəmətli və nadir memarlıq abidəsi kimi indi də qonaqları heyrətə salır. Memarlıq görkəmi ilə diqqəti cəlb edən məscid XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə birləşdirir. Məscidin giriş qapısındakı lövhədə 1604-cü ildə Şah Abbasın nəsh xətlə farsca beş sətirlik fərmanının mətni yazılıb. Həmin fərmana əsasən, qəsəbənin əhalisi bütün vergilərdən azad edilir.

Vaxtilə Ordubadın hakimi-kələntəri olan Həmzə bəy buranı özünün iqamətgahına çevirib. Məscidin yaxınlığında karvansaralar, dükanlar fəaliyyət göstərib. Obyektin daxilindəki həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Ötən əsrin ilk illərində məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpic üzərindəki yazıdan onun əsasının 729-cu ildə qoyulduğu göstərilib. Ötən əsrin 80-ci illərinin sonlarında isə burada əsaslı təmir və bərpa işləri aparılıb.

Qədim şəhərin böyük ibadətxanalarından biri də Mingis məscididir. Mingis "min kəs" mənasındadır. Yəni, həmin məsciddə min nəfər eyni vaxtda ibadət edə, namaz qıla bilərmiş. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş lövhə üzərindəki kitabədən aydın olur ki, o, 1677-ci ildə Səfəvi hökmdarı I Şah Abbasın baş vəziri olan Hatəm bəy Ordubadinin qardaşı oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. M.Hadinin atası da şah sarayında mühüm vəzifədə çalışıb. Zaman keçdikcə dağıntıya məruz qalan abidəyə 2001-ci ildə yeni nəfəs verilib.

Ambaras məscidi də Naxçıvan memarlıq məktəbinin ənənələri əsasında inşa olunub. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları onun XVII-XVIII əsrlər tikililərinə uyğun gəldiyini göstərir. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras (yəni, çoxlu anbarların yerləşdiyi məhəllə) məscidində tədqiq edilən kitabədən aydın olur ki, bu məscid XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa etdirilib.

Malik İbrahim abidəsi isə bütöv bir abidə kompleksdir. Burada məscidlə yanaşı, pir, qəbiristanlıq da var. El arasında söylənilən fikrə görə, pirdəki qəbirdə şiələrin üçüncü imamı İmam Hüseynin Kərbəlada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarından başlayan hərəkatın rəhbərlərindən biri olmuş sərkədə İbrahim Əjdərin oğlu Malik İbrahim dəfn olunub. Dini ədəbiyyatdan o da məlumdur ki, İbrahim Əjdərin həlakından sonra onun övladları təqib edilmiş, bəziləri Azərbaycana gələrək məskən salmışlar. 2 hektardan artıq ərazini əhatə edən Malik İbrahim qəbiristanlığında bu gün də orta əsrlərə aid çoxlu sayda qəbirüstü xatirə abidələri qalmaqdadır.

İnşa tarixi 1714-cü ilə, Səfəvi hökmdarı Şah sultan Hüseynin hakimiyyəti dövrünə aid olunan Ordubad mədrəsəsi isə zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmış yeganə klassik mədrəsə nümunəsidir. Mədrəsə orta əsrlərdə ölkəmizin ən mühüm mədəniyyət və təhsil müəssisələrindən biri olmuş, dövlət aparatının yüksək vəzifəli adamları tərəfindən himayə və idarə edilmişdir. Fəaliyyət göstərdiyi bütün dövrlərdə mədrəsə şəhərin sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayıb. O, Naxçıvanda sovet hakimiyyəti qurulanadək fəaliyyət göstərib. Akademik Məşədi xanım Nemətin yazdıqlarına görə, orta əsrlərdə Ordubad şəhərindən çıxmış və "Ordubadi" nisbəsi ilə tanınmış bir sıra görkəmli şəxsiyyətlər də bu mədrəsədə təhsil almışlar ki, onlardan biri də böyük yazıçı-publisist və ictimai xadim Məmməd Səid Ordubadi olub.

 

* * *

 

Son illər regionların sosial-iqtisadi inkişafına dair dövlət prqoqramları çərçivəsində aparılan quruculuq tədbirləri Ordubadda memarlıq incilərini də əhatə edib. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi-memarlıq abidələri bərpa edilir. Bərpa olunan tarixi-memarlıq abidələri ilə müasir abidələr vəhdət təşkil edir, rayon mərkəzinə xüsusi gözəllik gətirir. Bərpa və təmir işlərindən sonra istifadəyə verilən obyektlərdən biri "Qeysəriyyə" abidəsidir. O, XVII əsrə məxsus tikilidir. Ümumi sahəsi 540 kvadratmetr olan bu abidə mərkəzi səkkizbucaqlı zaldan, onun üzərini bağlayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. "Qeysəriyyə"nin günbəzi də daxil olmaqla, ümumi hündürlüyü 8,5 metrdir.

"Qeysəriyyə" sözünün mənası şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Sonrakı dövrlərdə bu abidədən Zorxana kimi istifadə olunub. Burada idman yarışları keçirilərmiş. Zalın döşəməsi nisbətən aşağılı olduğu üçün döşək əvəzinə dağlardan yığılmış gəvən kollarını toplayıb üstünə narın torpaq tökərmişlər. İran, Türkiyə, Həmədandan gələn pəhləvanlar və yerli idmançılarla birgə burada güclərini sınayarmışlar. Qalib gələn hökmdardan mükafat alarmış.

"Qeysəriyyə" çar Rusiyasının hakimiyyəti dövründə ipək sarıyan sexə çevrilib. Sovet hakimiyyəti illərində isə binadan müxtəlif məqsədlərlə istifadə olunub. Bir hissəsi mağaza-anbar, digər tərəfi isə aşxana kimi istifadə edilib. Ötən əsrin 70-ci illərinin axırlarında aparılan təmir-bərpa işlərindən sonra rayon TarixDiyarşünaslıq Muzeyi burada fəaliyyət göstərib.

Ötən il aparılan əsaslı təmir və bərpa işləri isə abidənin əvvəlki görkəmini özünə qaytarıb. Binanın daxili naxışlı kərpiclə bəzədilmiş, 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunub. Ekspozisiya zalında müasir işıqlandırma sistemi yaradılıb. Hazırda muzeydə 3919 eksponat nümayiş olunur. Ordubadın qədim tarixini əks etdirən, arxeoloji qazıntılar nəticəsində tapılan mühüm elmi və tarixi əhəmiyyət kəsb edən əşyalar, dekorativ tətbiqi-sənət nümunələri bura gələnlər tərəfindən maraqla qarşılanır. Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bölmədə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədlər, müxtəlif fotoşəkillər var. "Ordubadın görkəmli elm xadimləri", "Ordubadın yetirmələri" bölmələrində 300 nəfərdən artıq nüfuzlu şəxs haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 150 nəfərdən çox elmlər doktoru, professor yetirən bölgənin 19 nəfər alimi AMEA-nın həqiqi üzvü seçilib. Yusif Məmmədəliyev, İsmayıl İbrahimov, Müzəffər Abutalıbov, Rəhim Rəhimov, Musa Rüstəmov, Əliqulu Fərəcov, Nəsib Məmmədov da bu cür elm xadimlərindəndir. Qüdrətli roman ustası M.S.Ordubadi, Əkrəm Əylisli, yazıçı-publisist Əvəz Sadıq, naşir Əjdər Xanbabayev, ilk türkoloq alimimiz Fərhad Zeynalov haqqında toplanan materiallar muzeyə gələnlərdə xöş ovqat yaradır.

 

"Heç kim unudulmur, hec nə yaddan çıxmır" adlı guşə isə İkinci Cahan müharibəsində şücaət göstərən ordubadlıların qəhrəmanlıqlarından bəhs edir. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev, Buhenvaldın əfsanəvi döyüşçüsü Əkbər Ağayev, Polşada fəaliyyət göstərən "Avanqard" partizan dəstəsinin komandiri leytenant Məmmədhüseyn Kərimov, Mehdi Hüseynzadənin "Ave" ləqəbli silahdaşı Əvəz Əliyev və başqaları da bu cür mərd, qorxmaz oğullardandır. Başqa bir sənəddən isə aydın olur ki, qələbə naminə Sura Sadıqova, Madər Nəsirova, Tutu və Sara Rəfiyeva kimi qəhrəman qızlar da odlu-alovlu vuruşlarda kişilərlə çiyin-çiyinə döyüşüblər.

 

* * *

 

Rayonda tarixi abidələrin bərpası ilə yanaşı, tədqiqinə də xüsusi diqqət göstərilir. Ötən il həyata keçirilən tədqiqlər iki yeraltı abidəni üzə çıxarıb. Həmin abidələr XIX əsrin ikinci yarısında inşa olunub. Ordubadlı Mənsur Ağa tərəfindən inşa olunan binadan çar Rusiyası dövründə poçt binası, sovet hakimiyyəti illərində isə bir tərəfi poçt binası, digər tərəfi "Pionerlər evi" kimi istifadə edilib. Sonralar bu bina da boş qalmış, uçub-sökülmək təhlükəsi ilə üz-üzə dayanmışdır. Əsaslı təmir və bərpa işlərindən sonra sahəsi 114 kvadratmetr təşkil edən, dəhliz və iki otaqdan ibarət olan abidə yenidən həyata qaytarılıb. Bərpa işlərindən sonra burada kiçik xalçaçılıq sexi və foto-satış-sərgi salonu fəaliyyətə başlayıb. Xalçaçılıq sexində hədiyyə məhsulları istehsal edilir. İstehsal olunan məhsulların satış problemi də həllini tapıb.

İkinci yeraltı abidə isə iri torpaq mülkiyyətçisi Tağı Nağıyevin vəsaiti hesabına inşa olunub. Sovet dönəmində bu binadan əvvəlcə yaşayış evi, ərzaq anbarı kimi istifadə edilib, XX əsrin ikinci yarısından isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Ötən əsrin 90-cı illərindən baxımsızlıq ucbatından bu tikili də dağılmaq təhlükəsi ilə üzləşib. Amma nə yaxşı ki, aparılan genişmiqyaslı quruculuq tədbirləri bu abidəni də qoruyub. Hazırda burada xalq təbabəti mağazası ilə yanaşı, nəqqaş Cabir Cabbarovun dekorativ sənət nümunələrinin sərgi-satış salonu fəaliyyət göstərir.

Ötən il bərpaçı mütəxəssislər tərəfindən əvvəlki görkəminə qaytarılan binalardan biri də qədim məbəd binası olub. Ümumi sahəsi 110 kvadratmetr olan abidənin daxilində, qüllə və günbəzlərdə böyük həcmdə bərpa işləri aparılmış, fasad hissəsi üzlənmiş, ətrafı abadlaşdırılmışdır. Hazırda burada həvəskar fotoqraf Rasim Bədəlovun rayonun təbiətinə, tarixi abidələrinə və indiki gözəllik ünvanlarına aid foto və rəsmləri nümayiş etdirilir.

Bölgədə tarixi abidələrin bərpası istiqamətində aparılan quruculuq tədbirləri bunlarla bitmir. XVIII əsrə aid edilən, ümumi sahəsi 483 kvadratmetr olan "Şərq hamamı"nda aparılan əsaslı təmir və yenidənqurma işləri obyektə ikinci həyat bəxş edib. Obyekt iki zaldan, dörd otaqdan ibarətdir. Burada iki gümbəz var.

Böyük ədib, yazıçı-demokrat Məmməd Səid Ordubadinin, görkəmli alim Yusif Məmmədəliyevin ev-muzeyləri yenidən qurulub. Muzeylərin geniş ekspozisiyasında mindən artıq eksponat nümayiş etdirilir. Şəhərin ayrı-ayrı məhəllələrində yerləşən 3 kəhrizdə aparılan təmir işləri də sakinlərin ürəyincə olub. Əhalinin içməli və suvarma suyuna olan tələbatı daha da yaxşılaşıb.

Bir sözlə, ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycanın incisi" adlandırılan Ordubad təbiəti, relyefi, təbii abidələri ilə bərabər, milli-memarlıq inciləri ilə də öyünür.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2011.-20 mart.- S. 9.