Tarixi həqiqətlərin əks-sədası

 

Qədim və tarixi torpaqlarımızda erməni daşnaklarının soydaşlarımıza vəhşicəsinə divan tutması, onları öz yurd-yuvalarından didərgin salaraq qaçqına çevirməsi, minlərlə insanı qətlə yetirməsi faktlarla sübuta yetirilib. Tarix boyu davam edən bu qəddarlıq müxtəlif vaxtlarda çap edilən kitablarda öz əksini tapıb.

Zəhmət Əbülfət oğlu Dərələyəzlinin və Rövşən Asif oğlu Dərələyəzlinin bu yaxınlarda çapdan çıxmış "Dərələyəz taleyi - şəhidlər və döyüşçülər" adlı kitabda ata-baba yurdlarından zorla çıxarılmış soydaşlarımızın başına gələn faciələrdən söz açılır.

Dörd fəsildən ibarət olan yeni nəşrdə tarixi faktlara söykənən müəlliflər Dərələyəz mahalı haqqında oxuculara ətraflı məlumat verməklə bərabər, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşən şəhidlərimiz barəsində də maraqlı faktlar çatdırırlar. Müəlliflər ön sözdə bildirirlər ki, çoxumuzun ürəyində olan bir niskili biz bu kitabda əks etdirməyə çalışdıq. Dərələyəz həqiqətlərini unutmamaq üçün baş verən hadisələrin əsl mahiyyətini mütləq reallıqla işıqlandırmaq gərəkdir.

"Qismət" nəşriyyatında nəşr edilmiş yeni kitabın məsləhətçiləri akademik İsa Həbibbəyli, iqtisad elmləri doktoru İsa Alıyev, rəyçiləri akademik İsmayıl Hacıyev, professor Fəxrəddin Səfərli və Nazir Əsədovdur.

 

* * *

 

Zamanın suallarına poetik cavab

 

Şair İsmayıl Öməroğlunun yenicə çapdan çıxmış "Bir ömürlük məhəbbət" adlı şeirlər kitabında zamanın suallarına müəllifin poetik cavabları əks olunub. Bu kitabdakı şeirlərdə insanın daxili aləmi, həyatın və insanların gözlənilməyən anda üzə çıxan sevgi və nifrəti, sevinc və kədəri misraların dili ilə naxışlanıb. Özünəməxsus poetik üslubu olan şair klassik və müasir ənənələrə yeni ruhda yanaşaraq ənənəviliklə novatorluğun sintezini məharətlə birləşdirib.

"Ədəbiyyat, bədii söz hər zamankı kimi cəmiyyətin aynasıdır" deyən müəllif bildirir ki, onun bu kitabdakı şeirləri elə varlığının bir parçasıdır. Çünki bu şeirlərin hər birində şairin Vətən sevgisi, yurd həsrəti, sevinci, kədəri, narahatlığı öz əksini tapıb.

Publisistikasında, eləcə də bədii yazılarında həmişə səmimiliyi ilə seçilən İsmayıl Öməroğlu bu kitabında da öz ənənəsinə sadiq qalaraq oxucunun qəlbinə səmimi bir şair kimi yol tapır. Şeirlərində verilən sualların cavabları da elə misraların öz ahəngində diqqət çəkir.

Dünyanı insan sevgisinin bərqərar edə biləcəyi qənaətində olan şairin yeni kitabı mövzu, məzmun cəhətdən bitkin və mükəmməldir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-20 mart.- S. 11.