Azərbaycan və Rusiya Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin həcminin artırılması imkanlarını nəzərdən keçirirlər

 

Bu gün Bakı-Novorossiysk marşrutu üzrə neft nəqlinin həcminin artırılaraq ildə 5 milyon tona çatdırılması məsələsi enerji təchizatı sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gündəliyində duran mühüm məsələdir. Bu məsələnin aktuallığı Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun və RF Hökuməti sədrinin müavini Aleksandr Xloponinin sədrliyi ilə yaxın günlərdə Moskvada keçirilmiş 13-cü iclasında vurğulanmışdır.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov AzərTAc-ın müxbirinə verdiyi eksklüziv müsahibədə bildirmişdir ki, hər iki tərəfin təşəbbüsü ilə "Azərbaycan neftinin RF ərazisindən tranziti haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 18 yanvar 1996-cı il tarixli müqavilə"ni müasir şəraitə uyğunlaşdırmaq məqsədilə həmin müqaviləyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunmuşdur. E.Nəsirov izah etmişdir ki, həmin müqavilədə üçüncü ölkələrin - Qazaxıstanın və Türkmənistanın neftinin tranziti nəzərdə tutulmur. ARDNŞ-in vitse-prezidenti vurğulamışdır: "Biz tranzitin həcmini artırmaq, təqdim etdiyimiz neftin keyfiyyətindəki fərqi nəzərə almaqla bu göstəricini ildə 5 milyon tona çatdırmaq barədə Rusiya tərəfinin tələbini təmin etmək istəyirik. Biz məhz öz neftimizin tranzitinin artırılmasında maraqlı deyilik. Biz Türkmənistandan və Qazaxıstandan aldığımız, dəmir yolla və Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql etdiyimiz nefti də bu boru kəmərinə vura bilərik".

Elşad Nəsirov daha sonra bildirmişdir ki, Rusiya tərəfi ilə əldə edilmiş razılaşmaya əsasən, tərəflər, yəni ARDNŞ və "Transneft" boru kəmərini tam doldurmağa və iki ölkə arasında əmtəə dövriyyəsini artırmağa imkan verəcək düzəlişlərin mətnini cari ilin birinci yarısında müzakirə edəcəklər. E.Nəsirov demişdir: "Bu, yeni saziş deyil, 1996-cı ildə imzalanmış müqaviləyə əlavə olacaqdır".

Qeyd etmək lazımdır ki, 2010-cu ildə Bakı-Novorossiysk neft kəməri vasitəsilə Rusiya Federasiyası ərazisindən Azərbaycan neftinin tranzit həcmi 2,3 milyon ton olmuşdur.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-29 mart.- S. 2.