Azərbaycan nümayəndə heyəti İranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində iştirak etmişdir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 27-28-də İranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində iştirak etmişdir. Bayram tədbirlərinin keçirildiyi ərazidəki "Novruz kəndi"ndəki "Azərbaycan evi"nə gələn Elçin Əfəndiyev Novruz süfrəsi, bayram xonçası, xalqımızın qədim milli geyimləri və rəngarəng əl işləri ilə tanış olmuşdur.

İranın dövlət televiziyasının "Xəbərlər" proqramının müxbirinə müsahibə verən Baş nazirin müavini bayram münasibətilə İran xalqını təbrik etmiş, Novruzun milli ənənələrindən danışmış, xalqlarımıza sülh və əmin-amanlıq arzulamışdır.

Səfər çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əfəndiyevi qəbul etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularını İran Prezidentinə və xalqına çatdıran Baş nazirin müavini ölkəmizdə ən sevimli el bayramı olan Novruzun dövlət səviyyəsində qeyd olunduğunu xatırlatmış, dövlətimizin başçısının təşəbbüsü ilə respublikamızda bahar bayramının martın 20-dən 24-dək qeyd olunduğunu diqqətə çatdırmışdır. Novruza aid folklor nümunələrinin toplanaraq çap edildiyini, Azərbaycanın xaricdəki diplomatik missiyalarının birbaşa dəstəyi ilə bir çox ölkələrdə bayram tədbirlərinin keçirildiyini deyən E.Əfəndiyev Novruzun arzu və diləklər bayramı olduğunu bildirmiş, Azərbaycan xalqının ən böyük arzularından birinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması olduğunu vurğulamışdır.

İranın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirən Prezident Mahmud Əhmədinejad demişdir ki, sülh, dostluq və qardaşlıq bayramı olan Novruz ənənələrinin qorunub saxlanılmasında, beynəlxalq aləmdə tanıdılmasında və təbliğində Azərbaycanın xidmətləri böyükdür. Prezident Mahmud Əhmədinejad bayram münasibətilə xalqımızı təbrik etmiş, onun da ən səmimi salamlarını və təbriklərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etmişdir.

Baş nazirin müavini E.Əfəndiyev İran Prezidentinin müavini, mədəni irs, əl sənayesi və turizm təşkilatının rəisi Həmid Bəqai ilə də görüşmüşdür. Xalqlarımız arasındakı tarixi-mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirən E.Əfəndiyev müştərək dəyərlərimizdən olan Novruzun ölkələrimizin əlaqələrinin inkişafına xidmət etdiyini diqqətə çatdırmışdır. Siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafında mədəniyyətin də mühüm rol oynadığını qeyd edən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizdə Novruz şənliklərinin yüksək səviyyədə keçirildiyini, bu tədbirlərdə xaricdən, o cümlədən İrandan minlərlə qonağın iştirak etdiyini bildirmişdir.

Həmid Bəqai ölkələrimizin mədəni əlaqələrinin genişləndirilməsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışmışdır.

Azərbaycan Respublikasından gələn musiqi qrupu II Beynəlxalq Novruz bayramı tədbirlərində fəallıq göstərmiş, "Niyavəran" və "Vəhdət" saraylarında konsert proqramları ilə çıxış etmişdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.-29 mart.- S. 2.