Radikal müxalifət Azərbaycanda sabitliyi pozmağa çalışan xarici qüvvələrin oyuncağına çevrilməməlidir

 

Müsahibimiz Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovdur

 

- İlyas müəllim, müxalifətin sosial bazası tükənən radikal qanadı mitinq keçirmək iddiasındadır. Sizcə bu addım daha çox süni gərginlik yaratmaq niyyəti güdmürmü?

- Mitinq keçirmək hər bir siyasi qüvvənin, o cümlədən müxalifətin hüququdur. Bu ölkə qanunvericiliyində öz əksini tapıb. Lakin eyni zamanda aksiya keçirmək istiqamətində hər bir addım qanun çərçivəsində atılmalıdır. Çünki biz hüquqi dövlətdə yaşayırıq.

Bu gün müxalifətin radikal adlandırılan qanadı yenidən mitinqlər keçirmək istəyir. Hesab edirəm ki, bu mitinqləri keçirməklə heç nəyə nail olmaq mümkün deyil. Ölkə rəhbərliyi mövcud problemləri bilir onların yoluna qoyulması üçün ciddi addımlar atır. Buna misal olaraq korrupsiya ilə mübarizə tədbirlərini göstərmək olar. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Bu mənada müxalifətin mitinq keçirməsinin heç bir mənası yoxdur.

Digər tərəfdən icazəsiz aksiya keçirmək cəhdlərinə yol verilməməlidir. Müxalifət bir dəfə buna yol verdi. Amma süni gərginlik yaratmaq cəhdi düzgün siyasi mübarizə metodu sayıla bilməz.

- Radikal müxalifət hər dəfə hansısa ölkədə baş verən gərginliklərdən sonra "ruhlanır". Ərəb ölkələrində baş verənlərin Azərbaycanda da təkrarlanmasını iddia etmək siyasi səbatsızlığın göstərici sayıla bilərmi?

- Əlbəttə, ərəb ölkələri, habelə hakimiyyət dəyişikliklərinin baş verdiyi ölkələrlə Azərbaycanı eyniləşdirmək düzgün deyil. Bu gün ölkəmiz inkişaf edir, insanların sosial güzəranı yaxşılaşır. Bir qədər əvvəl qeyd etdiyim kimi, ölkə rəhbərliyi neqativ halların aradan qaldırılması üçün böyük işlər həyata keçirir.

Ərəb ölkələrindəki proseslər xarici qüvvələrin təsiri ilə baş verdi. Təsəvvür edin ki, Liviyada orta aylıq əməkhaqqı 1000 ABŞ dollarıdır. Təhsil, səhiyyə pulsuzdur. Hər yeni körpə dünyaya gələndə ailəsinə 5 min avro məbləğində yardım edilir. Hər ailədən bir nəfər xaricdə təhsil almaq hüququna malikdir. Bu mənada Liviyada heç bir sosial problem yox idi. Sadəcə, problemi süni surətdə yaratdılar. BMT-nin Liviyaya hərbi müdaxiləyə yol açan qərarı da tamamilə qeyri-qanunidir. Beynəlxalq hüququn əsas prinsiplərindən biri ölkənin daxili işinə qarışmamaqdır. Hər bir ölkənin suverenliyinə hörmətlə yanaşmaq güc tətbiq etməmək lazımdır. Bunlara baxmayaraq, Liviyaya hücum etdilər.

Bunun analoqunun Azərbaycanda təkrarlanması mümkün deyil. Çünki Azərbaycan sabitliyin bərqarar olunduğu ölkədir. Bizim cəmiyyətdə süni gərginliyin yaradılması mümkün deyil. Bunu arzulayanlar sadəcə, prosesləri düzgün dərk etmirlər. Düzdür, Azərbaycanda da sabitliyi pozmağa, inkişafın qarşısını almağa çalışan xarici qüvvələr var. Mənim fikrimcə, Azərbaycanın radikal müxalifəti belə qüvvələrin oyuncağına çevrilməməlidir

- Müxalifət partiyasının sədri kimi xarici siyasi dairələrlə əməkdaşlığa necə baxırsınız?

- Mən bir məsələni yada salmaq istəyirəm. Bu yaxınlarda ABŞ səfirliyində AXCP Müsavat partiyalarının sədrləri görüş keçirdilər. Müsavat Partiyasından görüşlə bağlı belə bir məlumat yayıblar ki, guya Müsavat Partiyası ABŞ səfirliyi ilə əməkdaşlıq məsələsini müzakirə edib. Mən anlaya bilmirəm, partiya niyə səfirliklə əməkdaşlıq etməlidir? Partiya ən yaxşı halda hər hansı xarici ölkədəki uyğun partiya ilə əməkdaşlıq edə bilər. Hər bir səfirlik öz dövlətini təmsil edir. Belə çıxır ki, səfirliklə əməkdaşlıq etmək elə həmin dövlətlə əməkdaşlıq etməkdir. Təbii ki, Azərbaycanı dünyada sevməyən siyasi dairələr çoxdur. Uğurlarımızı, inkişafımızı çoxlarının gözü götürmür. Hər bir partiya öz fəaliyyətində milli maraqlarımızı əsas götürməlidir. Radikal düşərgənin xarici siyasi dairələrlə əməkdaşlığı zamanı isə milli maraqlarımızın tapdalanmadığına heç kim zəmanət verə bilməz.

 

 

Azərbaycan.- 2011.- 29 mart.- S. 4.