AXCP antiazərbaycançı dairələrin ölkəmizdə süni gərginlik yaratmaqla bağlı sifarişlərini yerinə yetirir

 

Müsahibimiz Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafadır

 

- Radikal müxalifət yenidən küçələrə çıxmaq, vətəndaşları hakimiyyət əleyhinə qeyri-qanuni əməllərə sövq etmək istiqamətində fəaliyyətini aktivləşdirib. Sizcə radikal düşərgə bu avantürist cəhdlərlə nəyə nail olmaq istəyir?

- Əvvəlcə onu deyim ki, hər hansı aksiya ya mitinq təhlükəsizlik baxımından dövlət orqanlarının razılığı ilə keçirilməlidir. Lakin qeyri-qanuni hərəkətlərə yol vermək, icazəsiz mitinq keçirməyə cəhd etmək adekvat olaraq cəmiyyət tərəfindən sərt etirazla qarşılanır. Bu mənada icazəsiz mitinq keçirmək istəyi əslində müxalifətin özünün mövqelərinə zərər vurur.

Digər tərəfdən, Azərbaycandakı prosesləri başqa ölkələrdəki proseslərlə eyniləşdirərək müəyyən addımlar atmaq ya illüziyalara qatılmaq siyasi prosesləri düzgün qiymətləndirməməkdir. Nəticə etibarilə bu, çox böyük mənfi nəticələr ortaya qoya bilər. Çünki bu gün dövlətimiz beynəlxalq arenada elə təzyiqlərlə üzləşir ki, ölkə daxilində hər hansı şəkildə anlaşılmazlıq qarışıqlıq amili çox böyük təhlükələr yarada bilər. Ona görə məncə bütün məsuliyyətli qüvvələr razılaşdırılmamış aksiyalar keçirməkdən çəkinməlidirlər. Əlbəttə, müxalifətin mitinq keçirmək istəyi onun konstitusion hüququdur. Amma bu hüquq qanun çərçivəsində gerçəkləşdirilməlidir.

- Ümumiyyətlə, hansısa aksiya üçün səbəb olmadığı şəraitdə radikal müxalifətin mitinq istəyi nəyə xidmət edir?

- Qeyd etdiyim kimi, söhbət birinci növbədə hüquqdan gedir. Belə bir hüquq var. Amma müxalifət hüquqlarını necə həyata keçirməsindən yox, zəruri vacib hüquqların həyata keçirilməsindən başlamalıdır. Xüsusilə özünün təkliflərini, mövqeyini hakimiyyətə çatdırmalı, mövqeyinin nəzərə alınmasına çalışmalıdır. Təəssüf ki, biz bunu müxalifətin radikal qanadından görmürük. Konstruktiv əməkdaşlığın əvəzinə hakimiyyətlə süni qarşıdurmaya getmək, mitinq yaxud hər hansı radikal forma seçərək öz mövqeyini çatdırmağa çalışmaq, əslində müxalifətin özünə böyük zərbə vurur.

- Ərəb ölkələrində baş verən hadisələrdən sonra radikal müxalifət eyni hadisələrin Azərbaycanda da təkrarlanacağını iddia edir. Bu gün Azərbaycanla həmin ölkələr arasında belə paralellər aparmaq siyasi baxımdan qədər düzgündür?

- Bilirsiniz, əslində ərəb ölkələrindəki hakimiyyət dəyişiklikləri mitinqlərin sayəsində baş vermədi. Bu, birbaşa xarici qüvvələrin ya müdaxiləsi ya dəstəyi ilə törədildi. Əgər söhbət Misirdən gedirsə, Qərb ölkələri orduya bildirdilər ki, müdaxilə etməsinlər. Əgər Liviyadan söhbət gedirsə, burada birbaşa BMT-nin xətti ilə NATO bu ölkəni bombalamaqla məsələni çözməyə çalışır. Yoxsa həmin ərəb ölkələrində birbaşa müxalif qüvvələrin impulsu ilə dəyişikliklər baş vermədi. Bütün baş verənlər xarici dəstəklə cərəyan edən proseslərdir.

Ona görə kimsə illüziyaya qapılmasın ki, ölkəmizdə müxalifətin istəyi ilə hansısa bir dəyişiklik baş verə bilər. Amma təəssüf ki, Azərbaycan cəmiyyətində olan bir sıra qüvvələr sadəcə, xarici layihələrin oyuncağına çevriliblər. Antiazərbaycançı xarici dairələr tərəfindən ölkəmizdə sabitliyin pozulmasına hesablanmış bədxah addımlar həm dövlətimizin inkişafına zərbə vurulmasını, eləcə Ermənistanın bölgədə güclənməsini nəzərdə tutan konkret layihənin tərkib hissəsi ola bilər.

Əgər biz vətənimizi normal inkişaf etdirmək istəyiriksə, hamımız daxili dialoqa çalışmalıyıq. Kimsə bu istiqamətdə addım atmırsa, onu da təşviq etməyin yollarını tapmalıyıq. Müxalifətin əsas funksiyası bu olmalıdır ki, ölkəmizə xarici təsirlərin qarşısını almağa xidmət etsin.

- Ölkəmizə qarşı yönəlmiş xarici layihələrdən söz açdınız. Həqiqətənmi radikal müxalifət antiazərbaycançı şəbəkənin sifarişini yerinə yetirir?

- Radikal düşərgədə xarici sifariş yerinə yetirən kifayət qədər qüvvələr var. Xüsusilə bugünün AXCP-si ölkə daxilində nüfuzunu itirmiş olsa da, birbaşa xarici dəstək hesabına müxalifət cinahında qalır. Təsəvvür edin ki, xaricdən gələn hər bir şəxs ölkədə heç bir təsir gücü olmayan bir partiyanın nümayəndələri ilə məqsədyönlü şəkildə görüşməklə yaxud guya münasibət qurmaqla onun reytinqini qaldırmağa çalışır. Beləliklə, xarici dəstək hesabına fəaliyyət göstərən AXCP antiazərbaycançı dairələrin ölkəmizdə süni gərginlik yaratmaqla bağlı sifarişlərini yerinə yetirir. Sosial bazası tükənən bu partiyaya həmin xarici dairələr tərəfindən Azərbaycanla bağlı bədxah layihələrin həyata keçirilməsi üçün külli miqdarda vəsaitlər ayrılır. Zənnimcə, Azərbaycan dövlətinin milli maraqlarına zidd olan bu cür fəaliyyətin heç bir faydası yoxdur olmayacaq da.

- Belə hesab etmək olarmı ki, radikal müxalifət partiyaları həqiqi müxalifətçilikdən uzaq düşüblər?

- Mən bu məsələni bir qədər fərqli qoyuram: məsuliyyətli məsuliyyətsiz müxalifət. Hesab edirəm ki, Azərbaycanda məsuliyyətli müxalifət ölkənin demokratik inkişafına çalışan müxalifətdir. Çünki biz elə bir bölgədə yerləşirik ki, burada daxili tarazlığın pozulması yalnız yalnız xarici təsirlərin maraqlarına xidmət edir. Ona görə biz daha məsuliyyətli davranmağa borcluyuq. Amma AXCP Azərbaycanın ən məsuliyyətsiz müxalifətidir. Xarici tərəfdaşlara ümid bəsləyərək ölkədə dəyişiklik kursunu düşünmək, əslində milli maraqlarımıza qarşı addım atmaq deməkdir. Buna yol verməmək üçün daxildə olan, xariclə bağlı olmayan müxalifət qüvvələri ilə, məsuliyyətli müxalifətlə dialoq daha da genişləndirilməlidir. Bu, ölkəmizin demokratik inkişafının davamlı tərəqqisinin daha da dərinləşməsinə xidmət edər.

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-29 mart.- S. 4.