Milli ruhu yaşadanlar

 

Bu kitab haqqında (Məfkurə Hüseynova (Adıgözəlova). "Eldar İsmayıl yaradıcılığının bəzi aspektləri") fikir söyləməyi ona görə lazım bildim ki, onun müəllifi mənim 40 illik iş yoldaşım, şeirə, bədii sözə hörmətlə yanaşan filoloq alimdir, tədqiqat obyekti isə 20 ilə yaxın bir müddətdə bizim doğma universitetimizin orqanı "Təbib" qəzetinin baş redaktoru, tariximiz, müsibətlərimiz, çox görkəmli simalarımız haqqında cild-cild kitabların, publisist yazıların müəllifi, əməkdar jurnalist Eldar İsmayıldır.

Eldar müəllimin yaradıcılığı haqqında xalq şairi Bəxtiyar Vahabzadə, professor Yaşar Qocayev və başqaları fikir söyləmiş, bu zəhmətkeş qələm sahibinin yaradıcılığını təqdir etmişlər. Əgər bəzi yazıları nəzərə almasaq, Məfkurə xanımın kitabı Eldar müəllimin yaradıcılığını monoqrafik şəkildə tədqiq edən ilk irihəcmli əsərdir. Əsər ATU-nun Azərbaycan tarixi kafedrasının müdiri Fəxrəddin Məmmədovun "Ədəbi tənqidimizin tanınmış nümayəndəsi" adlı giriş məqaləsi ilə açılır. Fəxrəddin müəllim haqlı olaraq Məfkurə xanımın kitabını görkəmli yazıçı haqqında xoş təəssürat yaradan mənbə kimi qiymətləndirir və Eldar müəllimi bir yazıçı, şair, faciələrimizə vətəndaş mövqeyindən yanaşan ziyalı kimi xarakterizə edir. Professor belə bir qənaətə gəlir ki, tariximizin bədii lövhələrlə əbədiləşdirilməsində Eldar İsmayıl yaradıcılığının xüsusi yeri vardır.

Müəllifin "Göyçənin qisası qalır" (həmmüəllif Hüseyn İsmayılovdur), "Səttaroğlu", "Zülmətdə parlayan qılınc" tarixi romanları başdan-başa real həyat həqiqətləri, Azərbaycan türklərinin yaşayış tərzini, adət-ənənəsini, dünyagörüş və mənəvi zənginliyini göstərən epizodlarla, həm də öz torpağında heç kəsə dəyib-dolaşmadan adi həyatlarını yaşayan bu insanlara qarşı törədilən müsibətləri əks etdirən geniş təsvirlərlə doludur. Bu əsərləri oxuyanda həm xalqımızın dərin tarixi köklərə söykənən milli özünəməxsusluğundan qürur hissi keçirir, həm də haqsız qırğınlara, sürgünlərə, bir-iki ailənin yox, bütöv elatın başına gətirilən müsibətlərə və onları törədənlərə qarşı nifrətini, qisas hissini gizlədə bilmirsən.

...İndiyə kimi Eldar İsmayılın 36 kitabı işıq üzü görüb. Onların hamısı müəllifin gecəli-gündüzlü axtarışları, uşaqlıq və gənclik illərinin xatirələri, yaşlı insanların söhbətləri, tariximizə aid müxtəlif elmi mənbələrin məlumatları əsasında böyük istedad və zəhmətin bəhrəsidir. Nümunə kimi onu demək olar ki, 2009-cu ildə çap olunmuş 513 səhifəlik "Zülmətdə parlayan qılınc" romanının axırında 50-dən artıq mənbədən istifadə edildiyi göstərilmişdir. Bunların içərisində çox ciddi elmi araşdırmalar, faciələrimizin tarixinə aid xatirələr, qəzet məqalələri ilə bərabər, göyçəli, vedili, basarkeçərli... ağsaqqalların - birbaşa hadisələrin şahidlərinin də adları qeyd olunub. Bu da onu göstərir ki, müəllif bədiiləşdirdiyi faktları təkcə təxəyyülünün, həqiqətən, qibtəediləsi yaddaşının, istedadının sayəsində yox, ağır zəhmət bahasına əldə olunan faktiki biliklər hesabına yaddaşlara köçürməyə, əbədiləşdirməyə nail olur. Təsadüfi deyil ki, Eldar İsmayılın poema və romanlarından, publisist yazılarından bəhs edənlər, Məfkurə xanımın dediyi kimi, dönə-dönə vurğulayırlar ki, bu əsərlər tarixi ərazilərimizdəki yer, yurd, yaylaq, qışlaq, dərə, göl, çay, dağ, çöl... adlarının, etnoqrafik leksikamızın, ağartı, xörək, təsərrüfatla bağlı... adlarımızın özünəməxsus mənbəyi kimi də çox qiymətlidir. Müəllifin nəsr əsərləri dramatik situasiyalarla, canlı, səmimi dialoqlarla, xalq ifadələri ilə, rəngarəng onomastik vahidlərin, ən çox da toponimlərin zənginliyi ilə diqqəti cəlb edir. Bütün bunlar da həmin əsərlərin informativlik gücünü artırdığı kimi, oxunaqlığına da səbəb olur.

Məfkurə xanım Eldar İsmayılın yaradıcılığının özəlliklərindən ətraflı danışsa da, bu tədqiqatın daha geniş, çox müxtəlif mövzularda davam etdirilməsinə ehtiyac olduğunu göstərir. Doğrudan da, xalqımızın indiki siyasi-hərbi, ictimai-mənəvi durumunda fəlakətlərimizin bədii lövhələrlə əks olunması, onların əsasında ekran əsərlərinin yaradılması nə qədər vacibdirsə, belə əsərlərin dilçiliyin və ədəbiyyatşünaslığın tədqiqat obyektinə çevrilməsi həm tənqidi fikrimizi zənginləşdirir, həm də xalqımıza edilən ədalətsizliklərin dünyaya (o cümlədən elə bizim özümüzə də) çatdırılmasında əhəmiyyətli rol oynamış olar.

 

 

Akif MİRİYEV,

ATU-nun Azərbaycan dili kafedrasının

müdiri, dosent

 

Azərbaycan.- 2011.-29 mart.- S. 5.