Doğrunu, yalanı çox dəqiq seçə bilirik

 

İşimin xarakteri ilə əlaqədar müxtəlif yaşlı, müxtəlif dünyagörüşlü insanlarla tez-tez görüşürəm. Görürəm ki, radikal müxalifətin kütləvi mitinqlərə çağırışı onlarda necə böyük qəzəb və hiddət doğurur.

Biz xocalılılar radikal müxalifətin iç üzünə yaxşı bələdik. 1992-ci ildə iqtidarda olanda bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə nəinki bircə addım atmış, ən ağır günlərdə insanların çağırışına belə biganə qalmış, bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratmışdılar. O zaman biz üstümüzə gələn qara qüvvəni çox aydın görürdük. Qarabağ od tutub yanırdı. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın insanlar dövlətdən kömək umurdular, kömək isə yox idi.

1992-ci il fevralın 26-na keçən gecə mən mühafizə postunda idim. Qəfildən hər yanı dəhşətli gurultu bürüdü. Özünümüdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışsalar da, təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmədilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdu. Güllələr üstümüzə od kimi yağır, erməni cəlladları dinc əhaliyə amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar.

Bizim dəstədə olanların hamısını girov götürdülər. Yol gedə-gedə on dörd nəfər ağır yaralının qanaxmasının qarşısını aldım.

Bir gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin taleyi hələ də bəlli deyil. Bu amansız faciə nəticəsində min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası aldı. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızcasına öldürüldü, diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edildi.

Həmin qanlı günlərdə o dövrün rəhbərləri - indi demokratiyadan, qeyrətdən, vətən məhəbbətindən dəm vuran müxalifət "başbilənləri" nəinki arxasız, dayaqsız insanların köməyinə gəlmədilər, başda oturan başsızlar hətta müdhiş faciə barədə xalqa vaxtında və düzgün məlumat da vermədilər. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı.

Ulu öndərin təşəbbüsü ilə Xocalı rayonu üçün Aşağı Ağcakənddə hər şəraiti olan inzibati mərkəz yaradıldı. Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri zamanı 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsi istifadəyə verildi. Bir nömrəli məktəb üçün yaraşıqlı bina tikildi. Yol, işıq, qaz problemi həll olundu. Əhalinin rahat yaşayışı üçün hər şərait yaradıldı.

Məcburi köçkünlərin gün-güzəranının getdikcə yaxşılaşdırılması məqsədilə sistemli surətdə müxtəlif tədbirlər həyata keçirilir. Qədirbilən xocalılılar bütün bunları görür, bilir və qiymətləndirir, dövlətimizin daxili və xarici siyasətini ürəkdən dəstəkləyirlər.

Son vaxtlarda Qərbdəki "ağalarının" tapşırığı ilə radikal müxalifət fəallaşmağa, baş qaldırmağa cəhd edir. Ərəb ölkələrində baş verən məlum hadisələr nədənsə sapı özümüzdən olan baltaları yamanca ruhlandırıb. Xarici himayədarlarına hər cür qulluq göstərməyə çalışan radikal müxalifət iradəsi zəif olan insanları, xüsusən gəncləri öz tərəfinə çəkməyə çalışır.

Lakin indi zaman başqadır. Onlar unudurlar ki, Azərbaycan gəncliyi müstəqil dövlətimizin ən etibarlı dayağıdır. Xocalılılar öz doğma yollarını çoxdan müəyyən ediblər. Bizim bircə arzumuz var - torpaqlarımız işğaldan azad olunsun, doğma yurd-yuvamıza qayıdaq. Müstəqil dövlətimizin yaratdığı əvəzsiz imkanlar sayəsində doğma torpaqlarımızı bərpa edək. Əminik ki, Azərbaycan xaos və anarxiya dövrünə bir daha qayıtmayacaqdır. Yolumuz yalnız irəliyə, sabaha, tərəqqiyə doğrudur.

 

 

Məmməd NAĞIYEV,

"Azərbaycan Bayrağı" ordenli

əməkdar həkim

 

Azərbaycan.- 2011.-30 mart.- S. 2.