Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilmişdir

 

Martın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində cari işlərin və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AzərTAc-a bildirmişlər ki, nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə əlil və şəhid ailələri üçün yeni mənzillərin tikintisi, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahələrində vəziyyət geniş təhlil olunmuşdur.

Qeyd edilmişdir ki, ünvanlı sosial yardımın təyinatı, əlillik təyinatlarının aparılması, əlillərin reabilitasiyası ilə əlaqədar vətəndaşların ərizə və şikayətlərinə, habelə nazirliyin 142 nömrəli "Qaynar xətt"i vasitəsilə daxil olmuş müraciətlərə qanunauyğun şəkildə baxılmasına nəzarət gücləndirilmişdir. Bununla bağlı nazirlikdə və respublikanın müxtəlif regionlarında müşavirələr keçirilmiş və struktur rəhbərləri qarşısında konkret tələblər qoyulmuşdur. Ərizə və şikayətlərin vətəndaşların özlərinin iştirakı ilə yerində araşdırılması təmin edilmiş, aztəminatlı əhali qruplarına dövlət qayğısının çatdırılması işlərində şəffaflığın artırılması məqsədi ilə vətəndaş cəmiyyəti nümayəndələrinin daha geniş iştirakına şərait yaradılmış, fəaliyyəti əhalidə haqlı narazılıq yaradan struktur rəhbərləri və əməkdaşları cəzalandırılmışlar. Bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticəsidir ki, vətəndaşlardan nazirliyə və ayrı-ayrı instansiyalara ünvanlanan şikayət xarakterli müraciətlərin sayında ciddi azalma müşahidə olunur.

F.Ələkbərov vəzifələrinin icrasına səhlənkar və məsuliyyətsiz yanaşan struktur rəhbərləri və əməkdaşları barəsində ciddi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, o cümlədən ünvanlı dövlət yardımının və əlilliyin təyinatında qanunsuzluq hallarına, korrupsiya faktlarına yol verən işçilərin sərt şəkildə cəzalandırılacağını, onların barəsində dərhal hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirmişdir.

Müşavirədə aztəminatlı əhali qruplarının fəal tədbirlərə cəlb olunması işlərinin gücləndirilməsi, Tovuz rayonunda sınaq işlərinə başlanılmış "Özünə dəstək" layihəsinin digər pilot rayonlarda da (Masallı, İsmayıllı, Quba) icrası tələb edilmişdir. İş yerlərində əmək qanunvericiliyinin tətbiqi, o cümlədən əmək müqavilələrinin bağlanması və layiqli iş şəraitinin yaradılması işlərinə dövlət nəzarətinin həyata keçirilməsində yeni təsis olunacaq üçtərəfli Sosial Şura nümayəndələrinin iştirakının təmin olunması, bu sahədə şəffaflığın artırılması və s. barədə tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2011.- 30 mart.- S. 4.