31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır

 

Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində bir sıra QHT-lərin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və yerli QHT-lərin, KİV təmsilçilərinin iştirak etdiyi tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 1918-ci ildə Bakıda və şəhərətrafı kəndlərdə, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində 12 minədək azərbaycanlının qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü qeyd etmişdir.

V.Qədirov vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymət verilmişdir.

Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin nümayəndəsi Kəmalə Əliyeva da statistik məlumatlara əsaslanaraq 1905-ci ildən başlayaraq Azərbaycanın bütün bölgələrində xalqımıza qarşı soyqırımların törədildiyini bildirmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov ermənilərin tarix boyu törətdikləri qırğınların əsas məqsədinin Azərbaycan ərazisində "Böyük Ermənistan dövləti" yaratmaq ideyasından irəli gəldiyini vurğulamışdır. Bu siyasətin bu gün də Ermənistan tərəfindən eyni qəddarlıq və insanlığa sığmayan vəhşiliklə davam etdirildiyini qeyd edən V.Səlimov Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da Ermənistanın heç bir müharibə qanunlarına sığmayan hərəkətlərə yol verdiyini, günahsız insanların, xüsusən qocaların, qadınların, uşaqların kütləvi surətdə məhv edilməsinin bəşəri bir cinayət olduğunu vurğulamışdır. A.Sofiyeva qeyd etmişdir ki, bir əsrdə bir neçə dəfə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bu vaxtadək beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməmişdir.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç Prezident İlham Əliyevin "Bir millətin iki diasporu olmaz" fikrini tam dəstəklədiyini vurğulayaraq ABŞ və Avropada Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sosioloji Araşdırmalar Mərkəzinin sədri Əhməd Qəşəmoğlu, yazıçı Aygün Həsənoğlu və digər çıxış edənlər tarixə düzgün yanaşmanın vacibliyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-30 mart.- S. 5.