Ermənilər tarixi torpaqlarımıza məqsədli şəkildə yerləşdirilmişdi

 

1721-ci ildə İsveçlə çar Rusiyası arasında sülh müqaviləsi imzalandıqdan sonra yaranmış vəziyyətdən arxayınlaşan I Pyotr Qafqaza yürüşə çıxır. İki il ərzində Azərbaycanın Xəzəryanı bölgələrini və paytaxt Bakını işğal edir. Burada daha çox türk mənşəli müsəlman əhalisinin yaşadığını və onların işğala müqavimətini görən imperator "erməni kartı"nı işə salır. Necə etsin ki, neft və milyonlar səltənətinə müsəlman türklər deyil, ermənilər və ruslar sahib olsun. Bundan sonra Pyotr erməniləri azərbaycanlıların qırğınına və deportasiyasına yönəltməyə başlayır, müxtəlif planlar cızır. Birinci sərəncamla ermənilər Bakıda və Dərbənddə yerləşdirilir. Tapşırığa əsasən, onların işi təkcə məskunlaşmaq deyil, burada tez-tez təxribatlar törətmək, müsəlmanları qırmaq, osmanlılarla onların arasına nifaq salmaq idi. I Pyotr ölümünə qısa vaxt qalmış bu siyasəti davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət edir.

1768-ci ildə II Yekaterina babasının vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə hamiliyi barədə fərman imzalayır, onlara geniş imtiyazlar verir. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: "ermənilərdən nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunsun". 1813-cü və 1828-ci illərdə İran ilə Rusiya arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra bu hamiliyin miqyası daha da genişləndi və hüquqi qüvvə aldı. Belə ki, müqavilədən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "erməni əyaləti"nin yaradılması haqqında əmr imzaladı. Əmrə əsasən, o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "erməni əyaləti"nin tərkibinə daxil edilir. Ardınca da Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Həmin ərazilərdə yaşayan azərbaycanlılar isə öz yurd-yuvalarından faciəli şəkildə çıxarılır.

1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz əksini tapıb.

Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından öz məqsədlərini bolşevizm bayrağı altında həyata keçirməyə başladılar. 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Lenin silahdaşı və yaxın dostu Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin edib Bakıya göndərir. Qurulmuş plan və məqsəd bəlli idi. Yaradılan Bakı kommunası "əksinqilabçı elementlər"lə mübarizə pərdəsi altında Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. A.Mikoyanın rəhbərliyi altında təşkil olunan "Qırmızı Qvardiya" adlı 10-12 minlik ordunun 70 faizi emənilərdən ibarət olur. Onlar bolşeviklərlə birləşərək guya antisovet qiyamı altında mübarizə aparırlar.

1918-ci il martın 30-da Bakıda erməni kilsəsinin ətrafında toplaşan daşnak dəstəsi müsəlmanlara qarşı ilk atəş açır. 31-i səhər tezdən isə azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa yaşayış məntəqələrinə hücum edirlər. Havadan təyyarələr, yerdən isə mərmilər bir göz qırpımında bu kəndləri bombardman edir. Daşnaklar rusları inandırır ki, guya İçərişəhərdə müsəlmanlar erməniləri qırıb. Rus matroslar bu məlumatın yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, alova bürünmüş qala şəhərdə ölənlərin sayı-hesabı yox idi, küçələrdən qan su kimi axır, cəsədlər küçənin ortasına tökülmüşdü. Daşnaklar heç kimə rəhm etmir, qarşılarına çıxan hər kəsi türk deyə anındaca qətlə yetirirdilər. Tarixi binalara, "Kaspi", "Açıq söz" və "Baku" qəzetlərinin redaksiyalarına od vurdular.

Arxiv materiallarında bildirilir ki, qadınlar daha amansızlıqla qətlə yetirilirdi. İçərişəhərdə bədən əzaları bir neçə yerə bölünmüş 37 qadın meyiti tapılmışdı. Himayədarları daşnakların Azərbaycanda soyqırımı törətməsi üçün bütün imkanları yaratmış, onları ən müasir silah-sursatla təmin etmişdi. Mənbələr göstərir ki, qırğından bir neçə gün sonra tək bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, bədənləri doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, qocalara da rəhm etməmişdilər.

Martın 30-dan aprelin 2-dək baş verən qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi terror dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırdılar. Şəhərin ən möhtəşəm məscidi olan Təzəpir top atəşinə tutuldu. Ermənilər Bakının memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırdılar. Mənbələr göstərir ki, üç gün davam edən qırğınlar nəticəsində təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilmişdi. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, meyitləri eybəcər vəziyyətə salınmışdır".

Bakı qırğınından sonra terror dəstələri Şamaxıya, Qubaya, Muğana və Lənkərana hücum etdilər. Tamamilə köməksiz, silah-sursatsız insanlar gülləbaran edildi. Körpələr, qocalar, qadınlar evində, suya gedən yerdə, məsciddə, əkin sahələrində bir neçə günün içərisində qanlarına qəltan edildilər. Qaçıb məsciddə gizlənən qubalı qadınların və uşaqların faciəsi daha müdhiş oldu. Lalayan və Amazaspın quldur dəstələri onları yandırmışdılar. Həmin qırğınlarda Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər qətlə yetirilmişdi. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edildi. Şuşada misli görünməmiş qətllər törədildi. Soyqırımı zamanı qətlə yetirilənlərin sayı 50 mini keçdi.

1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "Sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud əraziləri ilə kifayətlənməyəcəklər və konfransdan çıxırlar. Tarix boyu azərbaycanlıların başına gətirilmiş bu faciələr ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktıdır. İmperiya bu yolla Cənubi Qafqazda möhkəmlənməyi, ermənilər isə tarixi Azərbaycan torpaqlarını ələ keçirməyi, bu torpaqda erməni dövləti qurmaq məqsədi güdüblər.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-31 mart.- S. 3.