Zəngəzur faciələri

 

1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan məhz Zəngəzur mahalı və əhalisi olmuşdu.

Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərmişlər. 3257-si kişi, 2276-sı qadın, 2196-sı uşaq olan 7729 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1060 kişi, 794 qadın və 485 uşağı ağır şikəstlik əzabına düçar etmişlər. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülmüş, yüzlərlə insanın taleyinə əbədi şikəstlik möhürü vurulmuş, əyalətdəki bütün milli mədəniyyət abidələri dağıdılıb yerlə-yeksan edilmişdi. Ermənilərin törətdiyi bütün bu cinayətkar aksiyalar Fövqəladə İstintaq Komissiyasının üzvü N.Mixaylovun məruzəsində, deputat Mirzəsadiq Axundzadənin parlamentə göndərdiyi teleqramlarda da təsdiqlənir.

 

Buradakı müsəlman əhalini çıxılmaz vəziyyətdə qoyan əsas məsələ ondan ibarət idi ki, bir tərəfdən erməni təcavüzü nəticəsində Zəngəzurun Şuşa və Cəbrayılla əlaqələri kəsildiyindən qəza tam blokada vəziyyətinə düşmüşdü. Digər tərəfdən isə erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı qəzada azəri türklərinin qanına susayan general Andronik Ozanyanın təpədən - dırnağa silahlanmış erməni əsgərlərindən ibarət nizami ordusu da var idi. Həmin ordunun Ərzurumda başladığı, Naxçıvanda, Çöyçə mahalında, İrəvanda davam etdirdiyi ağlasığmaz cinayətləri Zəngəzurda ən dəhşətli həddə çatmışdı. Andronik oradakı müsəlman əhalidən ya xristian dinini qəbul edib Ermənistan hökumətinə tabe olmağı, ya da bu ərazilərdən təcili surətdə çıxıb getməyi tələb edirdi. Qəzanın müsəlman əhalisi zəif silahlanmış olsalar belə qorxub-çəkinmədən: "bura sizin kimi gəlmə ermənilərin yox, bizim qədim ata-baba torpağımızdır, son nəfəsimiz qalanadək onu tərk etməyəcəyik" - deyə vəhşi daşnak generalının haqsız tələblərinə qarşı öz kəskin etiraz səslərini ucaldıb ölüm-dirim savaşına atılsalar da, son nəticədə onlardan qat-qat güclü olan düşmənin cinayətkar aksiyalarının qurbanı oldular. Onların "bura bizim qədim ana-baba torpağımızdır" - deməyə haqları da var idi. Qoy qanlı terror aksiyalarını və soyqırımlarını özlərinə peşə seçmiş ermənilərin sadiq din qardaşları olan avropalı antropoloqlar bütün Ermənistan torpağının altını qaldırıb oradakı cəsədlərin bədən və kəllə ölçüləri, diş quruluşları və qan qrupları üzərində bir daha ciddi tədqiqat işləri aparsınlar. Yalnız o zaman bu qədim diyarın oborigen əhalisinin, yəni ən qədim yerli sakinlərinin uydurma "armenoid irqi"nə, yəni qısabaşlılar və braxikranlar qrupuna yox, uzunbaşlılar və ya dolixokranlar qrupuna, yəni "türk irqi"nə mənsub olduğunu etiraf etmək məcburiyyətində qalacaqlar.

Arsen Əmiriyan adlı bir erməni jurnalisti "Bakinski raboçi" qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazır: "Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırırlar". Bunu ki, biz demirik. Erməni jurnalist öz qan qardaşlarının cinayətlərini etiraf edir.

Şahidlərin ifadələrinə görə, ermənilər Zəngəzur qəzasının darvazaları sayılan Atqız, Oxsu, Pirdavan, Şəbadin və Aralıq kəndlərini dağıdıb, qətlə yetirdikləri insanları quyulara dolduraraq üstünü torpaqladıqdan, yaxud tonqallarda diri-diri yandırdıqdan sonra sağ qalıb gizlənənləri tapmaq üçün ətraf əraziləri mühasirəyə alırdılar. Erməni vəhşilərinin əlindən qurtulub Saqqarsu kəndində gizlənmək məcburiyyətində qalmış biçarə qaçqınlar yaxınlıqda "Ya Əli" nidası eşidərkən türk qardaşlarının onların imdadına yetdiyini zənn edib, ağlaya-ağlaya səsə doğru yüyürərkən yenidən erməni quldurlarının fəlakət toruna düşmüş və son nəfərlərinədək vəhşicəsinə qətlə yetirilmişlər. Vağudu kəndi dağıdılarkən ermənilər 400 nəfər müsəlmanın sığındığı məscidin qapılarını bağlamış, əvvəlcə onun pəncərələrindən içəri əl qumbaraları tullamış, sonra isə bu müqəddəs Allah evini içindəki adamlarla birlikdə yandırıb külə döndərmişlər. Şahidlərin respublika Dövlət Arxivində bugünədək qorunub saxlanan ifadələrində qeyd olunduğu kimi, həmin kənddə ermənilər küçələrdə qaçıb canlarını qurtarmağa çalışan qadın və uşaqların başlarını qılıncla üzürdülər. Şəki kəndində küçələr döşləri, qol və ayaqları kəsilmiş qadınların və bədənləri qılıncla iki yerə şaqqalanmış 3-4 yaşlı uşaqların cəsədləri ilə dolu idi. Çüllü kəndində ermənilər yorğan-döşəkdə xəstə yatan 9 azərbaycanlını xəncərlə tikə-tikə doğramışdılar. Müsəlmanlar kəndində meyitlər o dərəcədə eybəcər hala salınmışdı ki, onların kimliyini müəyyən etmək qeyri-mümkün idi. Hamısının qolları, ayaqları, başları kəsilmiş və həmin əzalar bir-birlərindən elə uzaqlaşdırılmışdı ki, hansı əzanın kimə məxsus olduğunu aydınlaşdırmaq müşkül məsələ idi. İrmişli kəndinə hücum edərkən ermənilər südəmər uşaqları süngülərin ucuna keçirib havaya qaldırır, o məsum körpələri elə havadaca qılıncla doğram-doğram edirdilər. Bu cür dəhşətli cinayətlər demək olar ki, dağıdılmış müsəlman kəndlərinin hər birində törədilmişdi. Bütün bu cinayətlərin və qətliamların əsas törədiciləri isə "Daşnaksütyun" terror təşkilatının üzvü, qatil Andronikin başçılıq etdiyi erməni quldur birləşmələri idi. Şahidlərin ifadələrinə görə, bütün qətl-qarətlər onun ümumi rəhbərliyi altında həyata keçirilirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun 2003-cü ildə nəşr etdiyi "Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri" adlı müxtəsər xronoloji ensiklopediyada da ermənilərin tarix boyu törətdiyi bəşəri cinayətlər haqqında ətraflı məlumat verilir.

1919-cu il iyulun 12-də həm Azərbaycanın xarici işlər naziri, həm də Azərbaycanın Gürcüstandakı nümayəndəsi ermənilərin törətdiyi bütün bu cinayətkar aksiyalarla əlaqədar Qafqazdakı Britaniya ordusunun komandanına etiraz notası göndərmişdilər. Sənəddə Ermənistan hökumətinin azərbaycanlılara qarşı kütləvi qırğın siyasəti haqqında kəskin narazılıq ifadə edilir və Britaniya ordusuna qırğınların təcili surətdə dayandırılması üçün Ermənistana təzyiq göstərməsi vurğulanırdı. Ancaq təəssüflər olsun ki, ingilislər sözdə ermənilərin ərazi iddialarına qarşı etirazlarını bildirsələr də, əslində heç bir əməli tədbir görmədilər. Zəngəzur əyalətinin idarə rəisi Kələntərov Bakıya göndərdiyi həyəcan dolu məktublarda Gorusda Britaniya nümayəndələrinin olmasına baxmayaraq ermənilərin onların gözləri qarşısında azərbaycanlılar yaşayan kəndləri yandırıb külə döndərdikləri, günahsız əhalini ucdantutma qətlə yetirdikləri barədə yana-yana məlumat verirdi. Zəngəzur əyalətinin idarə rəisi Məlik Hamazəliyev isə Bakıya göndərdiyi teleqramlarda göstərirdi ki, ingilis mayoru Gibbonun bölgədə olmasına baxmayaraq, Zəngəzur əyalətinin 30 müsəlman kəndi təkcə Andronikin silahlı quldur dəstəsi tərəfindən yandırılıb. Zəngəzurdakı erməni vəhşilikləri 1920-ci ilin əvvəllərində daha dəhşətli şəkil almışdı. 1918-ci ilin mayında tarixi Azərbaycan torpaqlarında yaradılmış qondarma erməni dövlətinin- Ararat respublikasının təşkilatçılığı ilə həyata keçirilən bütün bu cinayətkar aksiyalarda əsas məqsəd Zəngəzuru onun əsl sahibi olan azərbaycanlılardan son nəfərinədək təmizləmək və Paris sülh konfransı dövlətlərinin köməyilə onu Ermənistan dövlətinin tərkibinə daxil edib özəlləşdirmək idi.

1920-ci il yanvarın 21-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəlil Sultanovun parlamentə göndərdiyi həyəcan dolu teleqramda deyilirdi: "Artıq dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə top və pulemyot atəşləri altında Zəngəzura hücumları davam edir...İtkilər olduqca çoxdur. Vahimə içərisində qaçan əhali kömək diləyir... Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı qarşısında cavab verməli olacaqsınız".

Erməni quldur dəstələrinin 1918-1920-ci illərdə xalqımıza qarşı apardıqları soyqırımı siyasəti nəticəsində o indi Ermənistan adlandırılan tarixi torpaqlarımızda 565 min günahsız qan qardaşımız vəhşicəsinə qətlə yetirilmiş, yaxud öz doğma ata-baba torpaqlarından didərgin salınmışdı. Erməni tədqiqatçısı Z.Kardokyanın Rusiya Xarici İşlər Nazirliyinin arxivində saxlanılan "Ermənistanın əhalisi" əsərində də bu faktlar öz ifadəsini tapıb. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fərmanı ilə 1919-1920-ci illərdə mart ayının 31-i ölkəmizdə milli matəm günü kimi qeyd edilmişdir.

1920-ci il aprelin 27-də Azərbaycan vəhşi imperiya ordusu tərəfindən işğala məruz qaldıqdan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq müstəqillik fəaliyyətinə son qoyulduqdan sonra, məmləkətimizin ən dilbər guşələrindən biri olan Zəngəzur qəzası da rus hökuməti tərəfindən ən qiymətli töhfə kimi türk -müsəlman xalqlarının qatı düşməni, iblis xislətli din qardaşları ermənilərə bağışlandı. Əvvəlcə 1920-ci ilin sonlarında Gorus şəhəri də daxil olmaqla Zəngəzurun 4504,4 kvadratkilometrlik qərb hissəsi, 1921-ci ildə isə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin bədnam qərarı ilə Şərur-Dərələyəz qəzası və Göyçə dairəsi ilə birlikdə Zəngəzurun yuxarı hissəsi, ümumilikdə 11 min kvadratkilometrlik ərazimiz tarix boyu "türksüz Ermənistan" xülyası ilə yaşayan o mənfur millətə peşkəş edildi. "Azərbaycan" qəzeti 1920-ci il saylarından birində yazırdı: "Qars, Naxçıvan, Zəngəzur və Qarabağ - bunlar özgə torpaqları hesabına "birləşmiş Ermənistan" yaratmaq niyyətinə düşən daşnakların döyüş proqramının ayrıca məntəqələri idi. Bu məntəqələr Ermənistan xəritəsinə çoxdan daxil edilmişdi və indi onun rəhbərləri ancaq düşünülmüş niyyəti həyata keçirirdilər. 1920-ci ildə Zəngəzur və İrəvan Ermənistanın tərkibinə qatıldıqdan sonra daşnak proqramının bir hissəsi yerinə yetirildi".

1918-ci ilin mart-aprel soyqırımına əsl siyasi-hüquqi qiymət Azərbaycan imperiya əsarətindən qurtulub dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi. Həmin qanlı faciələrlə bağlı ən tutarlı siyasi sənəd ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" tarixi fərmanı oldu. Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi. Uzun qərinələr boyu xalqımıza qarşı mərhələ-mərhələ törədilmiş soyqırımı və terror siyasətinin mahiyyətini açıb, ölkəmizin hansı haqsızlıq və ədalətsizliklərlə üzləşdiyini yeni nəsillərə və bütün beynəlxalq aləmə anlatdı və hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Ulu öndərin qətiyyətli, məqsədyönlü siyasətini onun sədaqətli davamçısı Prezident İlham Əliyev də prinsipiallıqla davam etdirməkdədir. Ölkə başçısı bəyan etmişdir ki, "ermənilər XX əsrin əvvəllərində öz məkrli siyasətlərini həyata keçirərək Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına özlərinə qondarma dövlət yaradıblar. Bu az imiş kimi, respublikamızın ərazisində ikinci bir erməni dövləti yaratmaq istəyirlər... Biz torpaqlarımızın itirilməsi ilə heç vaxt barışmayacağıq. Azərbaycan Dağlıq Qarabağsız olmayacaq. Azərbaycanın artan gücü, iqtisadi, hərbi potensialı, bölgədə gedən proseslər bizim mövqeyimizi daha da möhkəmləndirir. Bizim səbrimiz tükənməz deyil. Biz bu ağrılı problemin həlli üçün siyasi, diplomatik, iqtisadi, hərbi və digər imkanlardan istifadə edəcəyik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edəcək və istədiyimizə nail olacağıq".

Planetimizin müxtəlif guşələrində yığcam yaşayan ermənilər bir çox böyük dövlətlər üçün də oxşar problemlər yarada bilərlər. Ona görə də beynəlxalq içtimaiyyət ikili standartlar siyasətindən əl çəkməli, işğalçının mövqeyini dəstəkləməyin, yaxud ona biganəlik nümayiş etdirməyin Yer kürəsində sülh və təhlükəsizlik işinə ağır zərbə vurduğunu anlamalıdır. Çünki erməni separatçıları təkcə türk və Azərbaycan xalqlarının deyil, bütün bəşəriyyətin düşmənidir.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2011.-31 mart.- S. 4.