Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında soyqırımı qurbanlarının xatirəsi anılmışdır

 

Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, AHİK-nın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev mənfur qonşularımızın tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmışdır. Faciəni böyük dövlətlərin yürütdükləri imperiya siyasətinin acı nəticəsi kimi qiymətləndirən S.Mehbalıyev bu proseslərin kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etmişdir.

AHİK-nın sədri xain qonşularımızın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya birliyinə olduğu kimi çatdırılmasının vacibliyini vurğulamışdır.

Yalnız ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymətin verildiyini qeyd edən S.Mehbalıyev bildirmişdir ki, əsas diqqətimizi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanmasına yönəltməliyik. Onda təbliğatımız daha güclü təsirə malik olar, eləcə də miqrant soydaşlarımızın sosial, əmək hüquqlarının qorunması təmin edilər. Bu sahədə AHİK ilk addımlarını atmışdır. Yekaterinburqda Sverdlovsk Vilayəti Həmkarlar İttifaqları Federasiyası ilə azərbaycanlı miqrantların həmkarlar ittifaqı sıralarına cəlb edilməsi barədə müqavilənin imzalandığını deyən S.Mehbalıyev vurğulamışdır ki, bu cür sənədlərin gələcəkdə Rusiya Federasiyasının Sankt-Peterburq və digər şəhərləri, eləcə də Türkiyənin həmkarlar ittifaqları ilə də imzalanması nəzərdə tutulmuşdur.

Sonra tarix elmləri doktoru Vəkil Həsənov "31 Mart - Azərbaycanlıların soyqırımı günü" mövzusunda məruzə etmişdir.

Məruzəçi xalqımıza qarşı törədilmiş soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.-31 mart.- S. 5.